Deyirlər ki, futbol həyatımızda olmasaydı, bəlkə də, heç vaxt görüşməyəcəkdik. Ailə xoşbəxtliklərini də, karyera uğurlarını da futbola borcludurlar.
“Ailə” rubrikasının budəfəki cütlüyü “Qarabağ”ın və Azərbaycan yığmasının kapitanı Maksim Medvedev və həyat yoldaşı Olqa Medvedevadır. Cütlüyün Miroslav, Sofia, Daniil adlı 3 övladı var.
“Görüşməyimiz mümkün deyildi”
Azərbaycanda yenidən qadın futbol komandasının yaradılması ideyası Maksimin xoşbəxtliyini “ayağına” gətirib: “19 yaşımız var idi. Olqa vaxtilə futbolla məşğul olurdu. Rusiyada qadın futbol komandasında oynayırdı. 2010-cu illərdə Azərbaycanda qadın futbolunu yenidən yaratmaq istəyirdilər. Lakin azərbaycanlı qızlar, xüsusilə ailələri futbola yaxşı münasibət göstərmirdilər. Ona görə də komanda yaratmaq üçün xarici ölkələrdən bəzi futbolçuları dəvət edirdilər. Olqanı da həmin ərəfələrdə Azərbaycana dəvət etmişdilər. Mən də “Qarabağ”da çıxış edirdim. Həmin vaxt öz bazamız yox idi. “Ruslan 93” İdman Kompleksində məşq edirdik. Biz əsas korpusda, Olqagil isə aşağı korpusda qalırdı. Tez-tez qarşılaşırdıq. İlk gördüyüm gündən diqqətimi çəkmiş, tanış olmuşduq. Amma ünsiyyət qurmaq çox çətin idi. Sonra birtəhər yol tapdım, yaxınlaşdım “azərbaycan variantı” (gülür) nömrə istədim. Dedim ki, heç olmasa yazışaq. Çünki istəmirdim ki, bazada danışmağımızı kimsə bilsin. Olqagilin məşqçisi çox ciddi insan idi. Qızlara oğlanlarla ünsiyyəti qadağan etmişdi. Yaşı az idi, məsuliyyət də daşıyırdı. Görüşməyimiz, demək olar ki, mümkün deyildi. Məsələn, Olqa mağazaya gedirdi, mənə deyirdi, mən də ora gəlirdim və beləcə görüşürdük. Çətinliklər olsa da, çıxış yolu həmişə var”.
Olqa: “Gah yeməkxanada, gah trenajor zalında rastlaşırdıq. Rəhbərimiz bizə görə məsuliyyət daşıyırdı və bazadan kənara çıxmağa, kiminləsə görüşməyə icazə vermirdi. Elə vaxtlar olurdu ki, axşam vaxtı bazanın hasarından aşıb qaçırdıq ki, görüşək”.
“19 yaşlı bir oğlanın dediyini...”
Maksim çarəni məşqçi ilə danışmaqda tapıb: “Sonda dərdimi açıb məşqçiyə danışdım. Dedim ki, Olqa ilə ciddi münasibət qurmaq fikrindəyəm. Əlbəttə ki, 19 yaşlı bir oğlanın dediyini hər adam ciddi qəbul etməzdi. Düzü, o da kobud cavab verdi. Mənə o qədər də etibar etmirdi. Bunu da anlayırdım. Əsas odur ki, indi münasibətlərimiz çox yaxşıdır”.
Bəs biz necə olacağıq?
2 il sonra qadın futbol komandası dağılır, milliləşdirilmiş legionerlər də vətənlərinə qayıtmalı olurlar. Olqa da Rusiyaya qayıtmağa məcburdur. Maksim üçün artıq qərar vermək vaxtıdır: “Dedim ki, bəs biz necə olacağıq? Yaşım az, evim yox idi. Sonra qərar verdim ki, ailələr tanış olsun. Məsafə uzaq olduğu üçün məhdudiyyətlər var idi. Öz dostlarımız arasında nikah kəsdik və məhdudiyyətləri aradan qaldırdıq. Bir müddət anamgildə qaldıq. Bir yerdə yaşamaq çətin idi. Daha sonra ev aldıq və ailəmiz genişləndi”.
“Ürəyimi bunlarla ələ aldı”
Olqa: “Mən Azərbaycana gələnə qədər ölkəmdən ayrı qalmamışdım. Mənim üçün də asan deyildi. Amma Maksimdən ayrı qalmaq da bir o qədər çətin olardı. Maksim mənə qarşı çox diqqətli idi. Daim qayğı göstərir, məndən ötrü narahat olurdu. Hara getsəm, zəng vurur, soruşurdu. Yəqin ki, bütün bunlarla mənim ürəyimi ələ ala bildi”.
“Deyirlər ki, qız tapa bilmirik”
21 yaşda ailə quran həmsöhbətlərimiz üçün bu məsuliyyəti daşımaq, yəqin ki, asan olmayıb. Amma düşünürlər ki, həyatın sevgisini tapıbsansa, yaş azdır deyə, onu buraxmaq, xoşbəxtliyi qaçırmaq olmaz: “Hər insan fərqli düşünür. Bəziləri uşağı tez evləndirmək istəyir ki, “sağa-sola” çox qaçmasın. Bəzi insanlar da bizim kimi özləri tez evlənmək qərarına gəlirlər. Mənə görə bir insanın 34 yaşında ata olması, çox gecdir. Yaş az olanda düşünürlər ki, evlənərəm də, hələ tezdir. Sonra deyirlər ki, qız tapa bilmirik. Hər şey istəkdən asılıdır. Əgər sənin hansısa qız xoşuna gəlirsə, özünü xoşbəxt hiss edirsən və şəraitin də varsa, niyə də yox? Çox adam mənə baxanda deyir ki, istəyirəm sənin kimi ailəm olsun. Amma bu ailəni qurmaq üçün nə qədər əziyyət çəkdiyimi bir yoldaşım, bir anam bilir. Həm gəncsən, həm təcrübə azdır, çox səhvlər edirsən, onu qorumaq çox çətindir. Yaxşı ailə olmaq üçün də çalışmaq lazımdır”.
“Görürsən ki, heç kimə lazım deyilsən”
Dünyada da statistikaya baxsaq, futbolçular, əsasən, 20-21 yaşlarında ailə qururlar. Maksim deyir ki, futbolçu üçün tez ailə qurmağın üstünlükləri çoxdur: “Sirr deyil ki, futbolçu yaxşı klubda oynayırsa, çoxlu pul qazanır. Fikirləşir ki, pulum var da, niyə evlənirəm? Gəzir, dolanır, dostları ilə vaxt keçirir, ölkələri gəzir, tələsmir. Yaş keçdikdə, qız tapa bilmir. Tez ailə qurmaq mənə uğur qazandırdı. Daim evdə olur, istirahət edirəm. İdman rejimim həmişə qaydasındadır. Yeməyim, yatmağım hamısı yerindədir. Evə gəlirəm, qalan enerjimi uşaqlarıma sərf edirəm. Bu həyat çox zövqlüdür. Ailə qurmayanda isə məşqdən çıxırsan, kafeyə dostlarla əylənməyə gedirsən, gecəni gec gəlirsən, bəzən də yatmırsan. Futbolçunun performansı üçün yuxu və qidalanma çox vacibdir. Onları qoruyub saxlaya bilsən, uzunmüddətli karyeran ola bilər. Amma elə futbolçu var ki, karyerası 30 yaşında bitir. Bunun əsas səbəbləri düzgün qidalanmamaq və yuxu rejiminin olmamasıdır. Sonra zədələr olur, müalicə edirsən və görürsən ki, heç kimə lazım deyilsən. Bütün klublar istəyir ki, xeyir verən futbolçuya sahib olsunlar. Amma sən özünə qulluq etməsən, heç vaxt xeyir verə bilməzsən”.
“Əvvəllər mənə etibar etmirdi”
Məşhur, fanatları olan klubun futbolçusunu qısqanmamaq, yəqin ki, mümkünsüzdür. Cütlüyümüz bu problemlə də üzləşib. Maksim deyir ki, Olqa ona inana qədər çox qısqanıb: “Münasibətimiz yeni başlayanda bu problemlər çox olurdu. Onu da normal qəbul edirdim. Çünki reklam çəkilişlərində, televiziyada olurduq. Fan-klubumuz var idi. Fanlar “direkt”ə, “Whatsapp”a yazırdı. Amma sonra Olqa da başa düşdü ki, bu, normaldır. Əsas o deyil ki, mənə yazırlar. Əsas odur ki, mən cavab verəcəyəm, ya yox. Əvvəllər mənə etibar etmirdi. Çünki gənc idim, yaxşı görünürdüm, məşhur idim. Fikirləşirdi ki, kiminsə xoşuna gələrəm və məndə də maraq yaranar. Bu da normal düşüncədir. Ola bilərdi, amma məni tanıyandan sonra əmin oldu ki, etibarlı adamam”.
“Zamanla buna ehtiyac da olmadı”
Əvvəllər daha çox qısqandığını Olqa da təsdiqləyir: “Bəli, qısqanırdım. Amma sonralar düzəldi. Övladlarım ard-arda dünyaya gəldi. Mənim heç qısqanmağa vaxtım da yox idi. Uşaqlarla başım qarışırdı. Həm də əvvəldən kiminlə ailə qurduğumu bilirdim axı. Zamanla buna ehtiyac da olmadı. Heç vaxt da onu yoxlayıb, nəzarət etməmişəm. Mən ona inanıram”.
“Ah qadınlar, qadınlar”...
Maksim bu cavabla təəccüblənir. Hiss olunur ki, ürəyində “ah qadınlar, qadınlar” deyir. Görünür, vaxtilə, qısqanclıq problemindən “əziyyət” çəkib: “Hər insan sevgini bir cür dərk edir. İllər getdikcə bu sevgi başqa cür formalaşır. Daha çox hörmət olur. Ailənin içinə daxil olduqca, məsuliyyət də çoxalır. Yəni toy oldusa, söhbət bitmir. Uşaqlar gəlir, sevgi çoxala-çoxala gedir. İlk tanış olduqda sevgi tam başqa idi, indiki isə tam başqa. Hətta indi düşünürəm ki, hazırkı sevgi daha qüvvətli, sıx, güvənlidir. Amma əvvəllər qısqanclıq problemləri çox olurdu”. Olqa: “Bəli, sevgi çoxalmalıdır ki, hər kəsə yetsin. Biz bu hissi getdikcə azaltmadıq, möhkəmləndirdik. Çalışıram hamısına eyni qədər sevgi ayırım. Uşaqlar balaca olanda onlara daha çox vaxt ayırmalı olurdum. Deyirdim ki, bir az böyüsünlər düzələcək. İndi hər şey ürəyimcədir”.
“Uğurlarımı ailəmdən aldığım enerjiyə borcluyam”
Maksim futboldakı uğurlarını da ailəsindən aldığı enerjiyə bağlayır: “Ailəmdən aldığım enerji mənə çox kömək edib. Oğlanlarım futbolla məşğul olur. Evə gəlir, uşaqlarla söhbət edirəm. Onlarla müzakirə mənə futbol karyeramda əlavə güc verir. Evdə hər şey qaydasındadır, mənzil təmizdir, yeməyim var, sevgini hiss edirəm. Təbii ki, bu da məni müsbət kökləyir. Uğurlarımı ailəmdən aldığım enerjiyə borcluyam”.
“Oyunda səhv edəndə, uşaqlar danlayır”
Oyunda səhv edərkən də, övladlarının tənəsindən çəkinir: “Oğlanlarım oyunlarımın hamısına baxır, analiz edirlər. Çalışıram səhvsiz oynayım. Səhv edəndə uşaqlar evdə baş-beynimi aparır ki, ata, bunu səhv etdin. Arada bazaya da aparıram. Tənqid edirlər, futbolçulara açıq deyirlər ki, sən filan oyunda pis oynadın. Hələ 11 yaşları var, həyatı tam dərk edə bilməyiblər. Çalışırıq uşaqları sevgi dolu böyüdək. Sevgini çox alan uşaq yolunu da düzgün tapa bilər. Futbolla yanaşı, dərslərinə daha çox diqqət edirik. Müəyyən yaşa gələndə hansı sahəni seçsələr, ora gedəcəklər, biz də dəstəkləyəcəyik”.
“Boyat yemək yeməz”
Kişinin ürəyinə gedən yol mədəsindən keçir deyirlər. Maksimin də yemək kaprizləri var. Olqa deyir ki, Maksim boyat yemək yemir: “Səliqə-sahmanı sevən adamdır. Mən də artıq illərdir ki, bu rejimə öyrəşmişəm, sanki işlərimi planlı görürəm. Heç nə əskik qalmır. Məsələn, ancaq təzə bişmiş və rəngarəng yeməklər yeyir. Heç vaxt isidilmiş, boyat yemək yeməz. Maksimin yeməyi tavadan birbaşa qabına getməlidir”.
Maksim: “Olqa ilk vaxtlar yaxşı “rolton” hazırlayırdı” (gülür).
Olqa: “Xeyr. Mən məktəbi bitirəndə artıq yemək bişirməyi bilirdim. Çünki evdə qalmırdım, Moskvada oxuyurdum. Anam hər dəfə gələndə mənə yemək bişirməyi öyrədirdi”.
Maksim deyir ki, Olqa əvvəllər ancaq “rolton” hazırlasa da, indi milli yeməklərimizdən də bişirməyi öyrənib: “Evimizdə bütün bayramlar qeyd olunur: Novruz, Yeni il, Pasxa və s. Şəkərburanı da, paxlavanı da sevirik. Amma özümüz də, uşaqlar da daha çox sağlam qidaya üstünlük veririk deyə, buğlama, piti yeyə bilmərik. Milli yeməklər çox yağlıdır. Çalışırıq ki, sağlam qidalanaq”.
Əsl kişi resepti...
Yeməkdən söhbət düşərkən cütlüyümüzün böyük oğlu Miroslav söhbətə qoşulur: “Atamın bişirdiyi pomidor-yumurta dünyanın ən dadlı yeməyidir. Onun resepti əsl kişi reseptidir. Və o eynən bazada bişirilən kimi dadlı bişirir”.
Maksim gülür: “Uşaqlar bazanın yeməkxanasında qidalanmağı sevirlər. Evə gəlib deyirlər ki, oranın yeməyi dadlıdır”.
“Atam Maradona ilə görüşmək istəyirdi”
Bu gün futbolla məşğul olan Miroslavın bir arzusu var: “Atam Maradona ilə görüşmək istəyirdi. Amma alınmadı. Mənim arzum isə Messi və Ronaldonun oğlu ilə görüşüb futbol oynamaqdır”.
Qurban Qurbanov səhv etdi?
Miroslavla Daniildən Qurban Qurbanovun “Qarabağ" - "Marsel" qarşılaşmasındakı “feyr-pley” nümunəsinə də münasibət öyrəndik (qeyd edək ki, Qurbanov İbarhima Vaciyə tövsiyə etmişdi ki, qolu əli ilə vurubsa, bunu etiraf etsin. Futbolçu da həqiqəti demiş və qarşılaşmanın baş hakimi qolu ləğv etmişdi). Bundan sonra ata ilə oğullar arasında qızğın müzakirə getdi. Oğullar Qurban Qurbanovu qınadılar, ata müdafiə etdi:
Miroslav: “Qurban Qurbanovun sözü ilə qol ləğv olundu. Mən bunu düzgün hesab etmirəm. Həmin qol sayılsaydı, oyun daha maraqlı olardı”.
Daniil: “Qurban Qurbanov məndən soruşsaydı, deyərdim ki, qolu ləğv etmək lazım deyil. Qoy hakim özü qərar versin”.
Maksim: “Mənsə deyirəm ki, düz edib. Axı Allah görür. Düzgün olmaq lazımdır”.
Daniil: “Axı hakim qərar verdi ki, qoldur”.
Maksim: “Hakim də insandır, səhv edə bilər axı”.
Sükut çökür. Maksimin “sizin fikirlərinizi Qurban Qurbanova çatdıracağam” deməsindən sonra uşaqlar həyəcanlanır, gülürlər.
Cütlüyümüz vurğulayır ki, futbolçu ailəsi çətin olsa da, maraqlıdır. Ailə olmaq üçün bütün çətinliklərə sinə gərib xoşbəxt olmağı bacarmaq lazımdır: “Futbolçu ailəsi fərqli olur. Məşqlər, hazırlıqlar çox vaxt aparır. Tətil ildə iki dəfə olur. İmkan tapan kimi konsertlərə gedir, dostlarla əylənirik. Şükürlər olsun ki, futbolun sayəsində bir-birimizi tapdıq və ailə olduq”.
Kaspi.az
Fotolar Firudin Səlimov/Global Media Group