Bu gün Azərbaycanın ən görkəmli diplomatlarından biri olan Hafiz Paşayevin doğum günüdür.
Hit.Az xəbər verir ki, Hafiz Mir-Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub.
O, 1963 -cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib.
1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.
Hafiz Paşayev 1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib.
Hafiz Paşayev 1992-2006-cı illərdə Azərbaycanın ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.
100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalənin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.
Evlidir, iki övladı, dörd nəvəsi var.
Hit.Az-ın kollektivi Hafiz müəllimi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür və can sağlığı diləyir.