Geriyə dönüş yoxdur... Əfsanə Kamal yazır

ÖLKƏ
09:46 / 25.05.2022
843

Elə bir maydır ki, hələ də üst geyimlərimizi çıxarmamışıq. Soyuq keçir desəm, yalan olmaz. Müharibədən, pandemiyadan sağ çıxanların belini iqlim dəyişikliyi bükəcək sonunda.

Dünya son 150 il üçün ən isti dönəmlərini yaşayır. Buzlaqlar əriyir, içməli su qaynaqları tükənir. Adı qlobal isinmə olsa da, Yer üzündə fərqli-fərqli fəsadlar ortaya çıxarır. Qış və yayı birlikdə yaşayırıq. Ancaq insan övladı gözünə işıq tutulan dovşan kimi ətrafa baxmağa davam edir. 
İqlim dəyişikliyi sadəcə qlobal deyil, fərdi olaraq da təsirsiz ötüşmür. Buna görə də bir çoxlarımız bu problemi hiss etməkdən çətinlik çəkirik. Alimlər hər il minlərlə qrafik çıxarır ortaya. Nəticə isə eynidir.

Təbii ki, bu istiqamətdə dünyanın ən böyük nüfuza sahib ( ABŞ, Çin) ölkələri siyasi addımlar atmalıdır, ancaq onlar da yaxasını geri çəkir.

Bizlər isə sadə vətəndaşlar olaraq, plastikə, tullantıya, yağ atıqlarına daha həssas yanaşmalıyıq. Yoxsa buzlaqlar əridikcə sadəcə qütb ayıları yox, suyun səviyyəsinin qalxması səbəbindən insanlar da evsiz qalacaq...

Geriyə dönüş yoxdur. Ona görə ki, indiyə qədər atmosferə ötürülən karbon qazını geri qaytarmaq mümkün deyil.  Bu gedişlə dünyamızın ortalama istiliyi əsrin sonuna qədər üç dərəcə artmış olacaq.

Atmosferə ötürdüyümüz zərərli qazlarla,yerə atdığımız yemək paketi eyni dərəcədə təkan verir iqlim dəyişikliyinə. Bəs, fabrik-zavodların atmosferə ötürdüyü çirkli hava? Sizcə, hər zavodda bu baxımdan hər şey qaydasındadırmı, yoxsa onu da yoxlamalar zamanı  "hörmət" həll edə bilir? 

İnsanların bu mövzular haqqında məlumatsız olması normal haldır. Məlumatlandırmanın 2 yolu var; təhsil və mətbuat! 

Dərsliklərimizdə qlobal problemlərə işıq üzü verilmir. Azyaşlılara sadəcə nəzəri formada "otağını təmiz saxla" deməklə, dünyanı təmiz saxlamaq mümkün olmayacaq. 

Qlobal problemlərdə mətbuatın rolu olduqca böyükdür. Ancaq mətbuatın şou-biznes problemi o qədər çoxdur ki, qlobal problemə sıra gəlib çatmır. Keçdiyimiz günlərdə xəbər portallarından birində "İqlim dəyişikliyinin yaxşı tərəfi-yaz daha uzun olacaq" kimi başlıq gördüm. Bu da mətbuatın rolu! İqlim dəyişikliyi haradan baxsaq, faciədir. İndinin və gələcəyin faciəsi. 

İnsan və insandan öncə yaşayan heç bir canlı varlığın əbədi məskəni olmayıb dünya. Qohum-tanış əl açıb Allaha nəvə üçün yalvaranda sual vermək lazımdır, "nə edirsən nəvən üçün?". Cavabları bəllidir. Ev, mal-mülk, maşın... 

Bəs su? Su içəndə, istifadə edəndə heç düşünürsünüz sizdən sonra gələcək olanları? Onlar ac-susuz, cəhhənəm kimi bir dünyada yaşayanda deyəcəklər, "tfu, sizin üzünüzə"
Gün ərzində hər birimiz siqaret çəkib, kötüyünü yerə atanları, yediklərindən qalan artıqları pəncərədən tullayanları bir sözlə, sadəcə yaşadığı zamanı dəyələndirən onlarla insan görürük. Dünyada insan ayağının sadəcə bir neçə dəfə dəydiyi, ən dərin çuxur olan Mariana çökəkliyində plastik tullantılar var. Yəni, insan öz ayağının dəymədiyi yerləri belə çirkləndirməyə qadir bir canlıdır. Bir yəhudi atalar sözündə deyilir ki, içdiyin çayın yarısını gələcək üçün saxla...

Bizlər isə çayı sona qədər içir, stəkanı qırır, hətta gələcəyə çay üçün təmiz su belə saxlamırıq... 

Əfsanə Kamal

Yazıram 2022-ci il, may ayından...

Olaylar.az

0