Lotereya oyunlarında şəffaflıq necə təmin olunur?

ÖLKƏ
12:30 / 01.06.2022
1177

Lotereya oyunlarının keçirilməsində önəmli məsələlərdən biri də şəffaflığın qorunmasıdır.

Sfera.az saytı budəfəki yazısında lotereya oyunlarında şəffaflığın necə təmin edilməsini araşdırıb.

Azərbaycanda lotereya oyunlarının təşkili və keçirilməsi qaydaları “Lotereyalar haqqında” qanunda tənzimlənir. Adıçəkilən qanun 2004-cü ildə qəbul edilsə də, ötən il ona bir sıra əlavə və dəyişikliklər edilib. Həmin dəyişikliklərin bir qismi məhz lotereya oyunlarının keçirilməsində şəffaflığın təmin olunması ilə bağlıdır.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bizimlə söhbətində xatırlatdı ki, “Lotereyalar haqqında” qanuna sonuncu dəfə 2021-ci ilin dekabrında dəyişiklik edilib və bu dəyişiklikdən sonra oyunların şəffaf şəkildə təşkil edilməsi və keçirilməsi ilə bağlı tələblər təkmilləşdirilib.

“Biz yeni qanun qəbul etdik, yeni qanun bu sahədə mütərəqqi yeniliklər yaradır”, - deyən millət vəkili söylədi ki, zərurət yaranarsa bu sahəni tənzimləyən qanunvericilik bazasında təkmilləşdirmə işləri gələcəkdə də aparılacaq:

“Lotereyalar haqqında” qanunda dəyişiklik edilməsində məqsəd şəffaflığın və hesabatlılığın artırılması və ona nəzarətin gücləndirilməsidir. Yeni qanun bu sahədə əlavə imkanlar yaradır. Şəffaflığın təmin edilməsi istiqamətində müsbət dəyişikliklər var və əgər ehtiyac olacaqsa qanunvericilik bazasının gücləndirilməsi üçün gələcəkdə də bu istiqamətdə təkmilləşdirmə həyata keçiriləcək. Qanunvericiliyə dəyişikliklərin edilməsindən sonra aparılan monitorinqlər göstərir ki, şəffaflığın artması və mükafat fondunun daha ədalətli bölüşdürülməsi müşahidə edilir. Xüsusən bu sahəyə Türkiyə şirkətinin cəlb edilməsi daha yaxşı təcrübənin tətbiqinə imkan yaradıb”.

V.Bayramov qeyd etdi ki, şəffaflığın təmin edilməsində dövlətin də rolu artır. O əlavə etdi ki, şəffaflığın təmin edilməsi üçün dövlətin rolunun artırılması ilə bağlı işlər davam etdirilir və əsas prioritet bütövlükdə sistemin təkmilləşdirilməsidir. Onun sözlərinə görə, qanunvericiliyin təkmilləşdirilməsi fonunda bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçiriləcəyi gözlənilir.

“Uduş fondu olan kütləvi oyunlarda şəffaflığın təmin edilməsi vacib məsələlərdən biridir. Çünki oyunların şəffaf keçirilməsinə dair əminlik olmasa, bu oyunlarda iştirak edənlərin sayı çox olmaz”. Bu fikirləri isə iqtisadçı-ekspert Natiq Cəfərli saytımıza açıqlamasında bildirdi.

Ekspertin fikrincə, insanlar lotereya oyunlarının təşkili və keçirilməsinə dair hesabatçılığa, şəffaflığa diqqət yetirir. O bu zərurətdən irəli gələrək oyunları təşkil edən qurumların zəruri informasiyaları açıqlamasının vacib olduğunu dedi:

“Azərlotereya” keçirdiyi oyunların uduş fondu, onun aylara, rüblərə və illərə düşən hissəsi ilə bağlı mütəmadi məlumat açıqlamalıdır. Satışa çıxarılan biletlərin sayı, satılmış biletlərin sayı, satışdan əldə edilən vəsaitin nə qədər hissəsinin bilet çapına, nə qədərinin əməliyyat xərclərinə, nə qədərinin isə uduş fonduna və vergilərə yönəldildiyi açıqlanmalıdır. Oyunlarda iştirak edən insanlar belə məlumatlara maraq göstərir. Məsələn, əgər yığılan vəsaitin az hissəsi uduşa, çox hissəsi oyunu keçirənə qalırsa, bu zaman udmaq şansı olan insanların sayı azalır. Bu cür informasiyalara oyun iştirakçıları əhəmiyyət verir. Eyni zamanda şəffaflığa bu sahəni tənzimləyən dövlət orqanı da nəzarət etməlidir. Hesabatçılıq nə qədər yüksək olarsa, bu, insanlarda oyunlarla bağlı daha düzgün fikir formalaşdıracaq”.

Azərbaycanda lotereya oyunlarının təşkilinə dövlət nəzarətini İqtisadiyyat Nazirliyi həyata keçirir. Lotereya oyunlarının dövlət tərəfindən necə tənzimlənməsi ilə bağlı tərəfimizdən verilən suala nazirlikdən bildirdilər ki, “Lotereyalar haqqında” Qanunun tələblərinə görə, Azərbaycanda lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız “Azərlotereya” ASC tərəfindən təşkil edilir və keçirilir, lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini isə İqtisadiyyat Nazirliyi həyata keçirir. Nazirlikdən bu sahədə dövlət tənzimlənməsinin qanunvericiliyə əsasən, lotereyaların təşkili, qeydiyyatının aparılması, uduşların iştirakçılara ödənilməsinə nəzarət və digər mexanizmlərlə təmin olunduğu bildirildi. Qurumdan o da qeyd edildi ki, keçirilmiş lotereyalara (stimullaşdırıcı lotereyalar istisna olmaqla) dair hesabatlar “Lotereyaların təşkili və keçirilməsi Qaydası”na uyğun olaraq, Nazirliyə təqdim olunur.

Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, şəffaflığın təmin edilməsində əsas iş “Azərlotereya” ASC-nin üzərinə düşür. “Azərlotereya” bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) təşkili və keçirilməsini təmin edir. Oyunların keçirilməsində şəffaflığın təmin edilməsi ilə bağlı qurumdan bildirdilər ki, lotereyaların keçirilməsində bütün prosesə yüksək təhlükəsizlik qaydaları çərçivəsində nəzarət edilir. “Azərlotereya” ASC-nin əsas strategiyası lotereyaların təşkilində şəffaflığın qorunmasını təmin etməkdir. Bu sahədə “Azərlotereya”ASC beynəlxalq təcrübəni əsas götürərək dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınan "Scientific Games"lə əməkdaşlıq edir. Şirkətə məxsus bütün ani lotereya biletləri Böyük Britaniyada "Scientific Games"də dizayn və çap edilir. Satışa çıxarılmış ani lotereyalara dair məlumatlar, o cümlədən uduş fondunun məbləği, uduş fondunun tərkibi, hər bir uduşun sayı və məbləği, vergi çıxılandan sonra ödənilən məbləğlər, satışa buraxılmış biletlərin ümumi sayı, uduşlu biletlərin sayı, uduş fondunun həcminin buraxılmış lotereya biletlərinin ümumi məbləğinə faiz nisbəti “Azərlotereya” ASC-nin rəsmi saytında və hər bir lotereya biletinin arxa hissəsində qeyd edilir.

Sonda əlavə edək ki, saytımız lotereyalarla bağlı məsələni diqqətdə saxlayır. Bu oyunlarla bağlı yaranan suallar ətrafında araşdırma aparırıq və yeni yazılar oxucularımıza təqdim olunacaq.

0