Həbsdə olan jurnalist: "Bəraət alsam da, Appellyasiya qanunsuzluq edərək məni həbs etdi"

ÖLKƏ
11:29 / 04.06.2022
1019

Bakı Appelyasiya Məhkəməsinin qərarı ilə həbs edilən jurnalist və ictimai fəal Zaur Mirzə-zadə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

Zaur Mirzə-zadə “Dünya Azərbaycanlıları” İctimai Maarif Mərkəzinin təsisçisi və direktoru, eyni zamanda Xalq.az, rus dilində yayımlanan Bakutime.az xəbər portallarının təsisçisi və baş redaktorudur.

Jurnalistin müraciətində deyilir:

"Bütün fəaliyyətim dövründə ulu öndər Heydər Əliyevin və sizin rəhbərliyiniz altında həyata keçirilən dövlət siyasətini müdafiə etmişəm. Hətta bu fəaliyyətimə görə, dəfələrlə müxalif cəbhənin ağır tənqid və təhdidlərinə məruz qalmışam. Hesab etmişəm və bu gün də hesab edirəm ki, ölkəmizin əldə etdiyi bütün uğurlar məhz ulu öndər Heydər Əliyevin və sizin sayənizdə mümkün olub. 44 günlük vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfər də bunun bariz nümunəsidir. Qeyd edim ki, həm vətən müharibəsi, həm də koronavirus pandemiyası dövründə ictimai xeyriyyə aksiyalarının fəal iştirakçılarından olmuşam.

Möhtərəm Cənab Prezident!

Bir müddət öncə dostluq münasibətində olduğum, Dövlət Əmlak Komitəsinin keçmiş əməkdaşı Aygün adlı xanımın ucbatından tanımadığım şəxslər tərəfindən böhtana məruz qalmışam. Sonradan məlum olub ki, keçmiş dostum bir qrup işbazla əlbir olub və Qurbanov Sultanəli Tahir oğlunun vəsaitini ələ keçiriblər. Vəziyyətin qəlizləşdiyini və həbs təhlükəsi ilə üzləşəcəyini dərk edən Aygün əldə etdiyi pulları mənə verdiyini bəyan edib. Halbuki mənim ümumiyyətlə bu məsələlərə aidiyyatım olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə hakimlər İlham Mahmudov və Faiq Qəniyev tərəfindən 2021-ci ilin noyabr ayında iddiaya hüquq baxış zamanı günahsızlığım sübut olunub. Məhz elə bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bəraət hökmü almışam. Lakin sonradan iddiaya Bakı Appaleyasiya Məhkəməsi tərəfindən baxış keçirildi və qanunsuz olaraq 17.05.2022-c il tarixdə barəmdə beş il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olundu. Məhkəmə zalında həbs edildim və hazırda dustaq həyatı yaşayıram. 

Bakı Appelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov barəmdə qanunsuz qərar çıxarsa da, Aygün adlı şəxsi azadlıqda saxladı. Bununla da mənim konstusion hüquqlarım pozuldu. Üç körpə övladım isə atasız yaşamaq məcburiyyətində qaldı. Məhkəmədən dərhal sonra mətbuat orqanlarında barəmdə saxta xəbərlər tirajlanmağa başladı. İddia olunurdu ki, guya mən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən şərti cəza almışam. Əslində isə bəraət hökmü almışdım. 

Möhtərəm Cənab Prezident!

Bütün fəaliyyətim boyunca dövlətə və dövlətçiliyə xidmət etmişəm. Sizin fəal təbliğatçınız olaraq aktiv ictimai fəaliyyət göstərmişəm. Azərbaycan və rus dillərində nəşr olunan xəbər portallarının rəhbəri, ictimai birlik sədriyəm. Üç körpə övladım atasız yaşamaq məcburiyyətində qalıb.

İnanıram ki, mənim qanunsuz həbsimlə bağlı Azərbaycanda növbəti məhkəmə instansiyası ədalətli qərar çıxaracaq. Məni şərləyərək üç övladımı atasız, ailəmi başsız qoyublar. Ona görə də azadlığım üçün sona qədər mübarizə aparacağam. 

Cənab Prezident, əminəm ki, harayıma səs verəcəksiniz! Mən dövlətimizim ədalətinə inanıram! 

Dərin hörmətlə: Sizə inanan və sizi sevən Zaur Mirzəzadə"

0