Bakıda klip çəkilişi təşviş yaratdı - Müğənni saxlanıldı

ÖLKƏ
17:01 / 10.06.2022
1868

Bu günlərdə Bakının Nizami rayonunda klip çəkilişi zamanı insident baş verib.

HİT.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Ə.Vəliyev küçəsi 7A ünvanındakı çoxmərtəbəli binanın damında olub.

Belə ki, saat 22 radələrində gənc müğənni Nemət Mirzəyevin ifa etdiyi mahnıya klip çəkmək üçün çəkiliş qrupu həmin binanın damında səhnə qurub. İşıq və kamera avadanlıqları quraşdırıldıqdan sonra rejissorun dəvət etdiyi texniki çəkilişdə effektivliyin artırılması məqsədilə səhnəyə süni tüstü buraxılıb.

Binanın damında çəkilişin getməsindən xəbərsiz olan sakinlər tüstülənməni görərək təşviş keçiriblər və Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə müraciət ediblər. Bir neçə dəqiqə sonra əraziyə yanğınsöndürmə briqadası və polis əməkdaşları gəliblər. Onlar binanın damına qalxdıqda orada 5 nəfərin səhnə qurub klip çəkdiklərini görüblər.

Damda icazəsiz klip çəkən və sakinlərin narahatlığına səbəb olan şəxslər saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə aparılıblar.

Daha sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndəriliblər.

Nizami Rayon Məhkəməsinin qərarı ilə müğənni Nemət Mirzəyev, rejissor və digər 3 nəfərin hər biri 100 manat məbləğində cərimə ediliblər və məhkəmə zalından sərbəst buraxılıblar.

0