Bir sıra pasiyentlər var ki, icbari tibbi sığortadan yararlanaraq müayinə olunmaq istəyirlər. Amma uzun müddətdir özəl klinikadakı həkimin nəzarəti altında olduqlarından bu fürsətdən istifadə edə bilmirlər. Mütəxəssislər isə deyirlər ki...
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.
“7 il əvvəl özəl klinikada ürək əməliyyatı keçirmişəm, həkimim də həmin klinikadadır. O vaxtdan bəri 6 aydan bir müayinə üçün həmin həkimin qəbulunda oluram. Ölkəmizdə hazırda icbari tibbi sığorta tətbiq olunur, amma mən bundan istifadə edə bilmirəm. Bundan yararlanmaq üçün həkimimi dəyişməliyəm. Bunu da istəmirəm. Çünki özəl klinikada olan həkimim məni əməliyyat edib, sağlamlıq durumumla bağlı daha məlumatlıdır. İstəyərdim ki, icbari tibbi sığorta çərçivəsində mənim kimi adamlara elə bir imkan yaradılsın ki, həkimimizi dəyişmək məcburiyyətində qalmayaq” - bu sözləri bizimlə söhbətində Nazim Hüseynov bildirdi. Əslində, həkimini dəyişməmək üçün icbari tibbi sığortadan yararlana bilməyənlər az deyil.
Həkimi dəyişməkdən ehtiyat etməliyik?
Həmin şəxslərin hansısa xroniki xəstəlikləri, yaxud daim müayinə və müalicə tələb edən sağlamlıq problemləri var və illərdir onları eyni həkim müayinə edir, xəstəliyini nəzarətdə saxlayır. Həkimləri isə özəl klinikada çalışır. Həmin şəxslərin bir çoxu icbari tibbi sığortanın təqdim etdiyi ödənişsiz tibbi xidmətdən yararlanmaq istəsələr də, bunu edə bilmir, özəl klinikadakı öz həkimlərinə üz tuturlar. Qısası, ödənişsiz olduğu üçün icbari tibbi sığortadan yararlanmaq istəyirlər, amma həkimi dəyişmək istəmədikləri üçün bunu edə bilmirlər.
Həmin şəxslər istəyirlər ki, icbari tibbi sığorta çərçivəsində illərdir onların xəstəliyinin müalicəsini aparan həkimlərin qəbulunda olmaq imkanı yaradılsın. Hazırda icbari tibbi sığortada belə bir bənd nəzərdə tutulmayıb. Bəs gələcəkdə icbari tibbi sığortada bu kimi hallar nəzərə alına bilərmi? Ümumiyyətlə, bu kimi situasiyalarda həkimi dəyişməkdən ehtiyat etmək nə dərəcədə doğrudur?
Dəyişiklik gözlənilmir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, vətəndaşlara icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə, vətəndaşa agentliyin müqavilə bağladığı 43 tibb müəssisələrindən birinə göndəriş verilir (müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir). Qeyd edək ki, pasiyent həmin tibb müəssisəsində istənilən həkimi seçmək hüququna da malikdir. Ancaq pasiyentin həkimi dəyişmək istəmədiyi halda, özəl tibb müəssisəsinə hər hansı göndəriş verilməsi ilə bağlı bir dəyişiklik gözlənilmir.
Bir həkimin nəzarətində olmaq deyiləndə...
Terapevt Məlahət Abbasova bildirdi ki, həkimi dəyişmək qeyd edilən situasiyalarda hər hansı problem yaradacaq məsələ deyil: “Bir həkimin nəzarətində olmaq deyiləndə daha çox ailə həkimi nəzərdə tutulur. Ailə həkimi ailə üzvlərində hansı problemlər olduğunu bilir. Məsələn, sabah uşağın sağlamlığı ilə bağlı nə isə problem yarananda ilk olaraq nələrdən şübhələnəcəyini bilir. Çünki sağlamlıqla bağlı məsələlərdə genetikanın rolu böyükdür. Yəni ailə həkimi olanda ailəni tanıyır, ola biləcək riskləri daha tez müəyyənləşdirə bilir. Ancaq müalicəmizi aparan həkimi dəyişməkdə hər hansı problem yoxdur”.
Həkimi dəyişmək istəmirlərsə...
M.Abbasova bildirdi ki, pasiyentlərin həkimlərini dəyişmək istəməmələri də başadüşüləndir: “Sağlamlıq durumu, müayinənin aparılması ilə bağlı həkimin dəyişməsi problem yaradan məsələ deyil. Ancaq pasiyentlər də həkimi dəyişmək istəmir, tanıdığı həkimə getmək istəyir. İcbari sığorta xəstəni hansısa həkimə məcbur göndərmir. Dövlət klinikalarında həkim seçimi verir. Üstəlik, özəl klinikalarda çalışan həkimlərin 60-70 faizi dövlət klinikalarında da işləyir. Xəstələr araşdırsınlar, əgər həkimləri dövlət klinikasında işləyirsə, həmin tibb müəssisəsində onun qəbuluna gedə bilərlər. Əgər həkimləri sadəcə özəl tibb müəssisəsində çalışırsa və onu dəyişmək istəmirlərsə, o zaman artıq ödənişli əsaslarla xidmət almalıdırlar. Hazırkı qanun bunu deyir”.
Protokol dünyanın hər yerində eynidir
Almaniyada çalışan azərbaycanlı həkim Şəlalə Qasımova deyir ki, bütün həkimlər müayinə və müalicəni beynəlxalq protokollar əsasında aparırlar. Ona görə, həkim dəyişməkdə hər hansı problem yoxdur: “Hər bir xəstənin xəstəlik tarixçəsi olmalı, orada xəstənin problemi ilə bağlı A-dan Z-yə qədər hər məlumat qeyd edilməlidir. Hər həkimin özünəməxsus protokolu yoxdur. Deyə bilmərik ki, mənim həkimim fərqli müayinə, müalicə aparır, onu başqası edə bilməz. Müayinə və müalicənin protokolu dünyanın hər yerində eynidir. Düzdür, burada dövlətin imkanlarına baxaraq da yanaşılır. Azərbaycanın imkanlarına baxılanda, ölkə daxilində həkimi dəyişməyin hər hansı problemi yoxdur. Növbəti həkim səninlə bağlı bütün xronologiya ilə bir daha tanış olur və müalicə qaldığı yerdən davam edir”.
Həkimlər həkimi dəyişməkdə hər hansı problem görmürlər. Sığorta da həkimini dəyişmək istəməyənlər üçün güzəşt təqdim etmir. Ona görə seçim hər kəsin özünə qalır.