Azərbaycanda koronavirus təhlükəsi səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mart ayının 15-dən toy və yaş mərasimlərinin keçirilməsi qadağan edilib. Doğmalarını itirən insanlar yalnız dəfn mərasimi ilə yası yola verirlər. Ancaq son günlərdə bəzi insanların çadırlarda yas mərasimləri keçirdikləri deyilir. Artıq karantin rejimindən əvvəlki qaydalar bərpa edilməkdədir. Halbuki ölkədə mayın 31-nə qədər karantin rejimidir.
Belə olan halda bəzi insanların qaydaları pozması nə dərəcədə doğrudur?
HİT.Az xəbər verir ki, Modern.az mövzuya münasibət öyrənməyə çalışıb. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri ilə əlaqə saxladıq.
Deputat Cavanşir Paşazadə yas mərasimlərinin keçirilməsinin doğru olmadığını bildirib:
"İstər yas, istərsə də toy mərasimləri olsun, fərqi yoxdur, heç bir halda yığıncaqlar keçirilməlidir. Çünki hazırda karantin rejimi hökm sürür. Bunun əksi olarsa, biz insanların səhhətini təhlükə altına almış olarıq. Lənkəran bölgəsində karantinin ilk günlərində yas mərasimlərinin təşkil olunmasına cəhdlər olurdu. Təbii ki, xəstəliyin də miqyası genişlənmişdi. Lakin sonradan insanlar bu təhlükəni anladılar. Düzdü, hələlik yas mərasimlərinin keçirilməsi barədə nəsə eşitməmişəm. Hesab edirəm ki, əgər varsa, yas mərasimləri təşkil edilməlidir. Çünki xalqımızın səhhətinə təhlükə yaranar".
Deputat Ceyhun Məmmədov da bunun doğru olmadığını qeyd edib:
"Əgər belə hal varsa birmənalı olaraq yolverilməzdir. Aidiyyəti strukturlar bu kimi məsələləri ciddi nəzarətdə saxlayırlar. Məlum olduğu kimi karantin dövrü hələ tam başa çatmayıb. Yas və toy mərasimləri ilə bağlı məhdudiyyətlər hələki qalır. Bildiyiniz kimi virus daha çox insanların sıx toplaşdıqları və ünsiyyətdə olduqları yerlərdə yayılır. Bu günlərdə mətbuatda da yer aldığı kimi Türkiyənin Van Vilayətində xoşagəlməz hal yaşandı, 163 nəfər virusa yoluxdu və yasda iştirak edən hər kəs karantinə götürüldü. Belə halların baş verməməsi üçün ehtiyatlı və diqqətli olmalıyıq. Müvəqqəti çətinlikdir, zamanla hər şey qayadaya düşəcək. İnsanların dünyasını dəyişən insanlar üçün başsağlığı vermək istədiklərini, hüzn sahibinin də bunun üçün şərait yaratmağa çalışdığını anlayırıq. Əvvəlki dövrlərdən formalaşmış müəyyən ənənələr var. Hamı çalışır yaxınının, dostlarının yasında iştirak etsin. Ancaq olmaz, vəziyyət tələb edir ki, virus bitməyənə kimi bu cür mərasimlər təşkil edilməsin. Əks halda fəsadlar daha çox ola bilər. Bu ümumilli məsələdir. Dinimiz də bizdən tələb edir ki, dövlətin qoyduğu qaydalara əməl edək. Dinimizdə insanların sağlamlığına xüsusi önəm verilir. Ona görə sağlamlığımızın və təhlükəsizliyimizin qorunması üçün hər birimiz çalışmalıyıq".