Cəbrayılda mina partlayışı: 7 nəfər xəsarət alıb - YENİLƏNİB

ÖLKƏ
12:54 / 17.06.2022
1001

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi ilə bağlı əlavə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən HİT.az-a bildirilib ki, 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.

Qeyd edək ki, partlayış nəticəsində 7 nəfər xəsarət alıb: Ruhin Vəliyev, Mahir Mustafayev, Samir Gözəlov, Ələsgər Quliyev, Qəhrəman Rzayev, Fərid Cəbrayıllı, Cəlal Babayev xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

10.37

Prokurorluq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının minaya düşməsi barədə məlumat yayıb.

Cəbrayıl rayon prokurorluğunun Hit.az-a verilən xəbərə görə, iyunun 17-si saat 09 radələrində ANAMA əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
 
10:14

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

Bu barədə Hit.az-a agentlikdən məlumat verilib.

Hadisə iyunun 17-də işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində baş verib. ANAMA əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

"Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək", - ANAMA-dan bildirilib.

0