Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırdı - SƏBƏB

ÖLKƏ
10:49 / 24.06.2022
1447

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasında aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə HİT.az-a nazirlikdən məlumat verilib.

Belə ki:

- yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib;

- obyektin bəzi sahələrində elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların tələblərinə uyğun quraşdırılmayıb, elektrik təsərrüfatı və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməyib;

- yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq, binaya yaxın məsafədə oksigen balonlarının saxlanılmasına yol verilir;

- binanın fasad hissəsində yanğın təhlükəsizliyinə dair uyğunluq sertifikatları təqdim edilmədən alkapon üzlük materiallarından istifadə edilib;

- insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

- obyek ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;

- yanğına qarşı sistem və qurğular nasaz vəziyyətdədir;

- təxliyə çıxışları tikinti-layihə normalarının tələblərinə uyğun quraşdırılmayıb;


- mərtəbələrdə quraşdırılmış daxili yanğın su kranlarında şlanqlar yanğın kranına və lüləyə birləşdirilməyib, təzyiqyüksəldici nasoslarla əlaqələndirilməyib və hazırda nasaz vəziyyətdədir;

- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, balans dəyərinə uyğun olaraq icbari qaydada sığorta olunmayıb.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, qanunvericiliyin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasının cərrahiyyə, təsərrüfat otaqlarında, habelə yeməkxanada işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə Qərar qəbul olunub", - nazirliyin məlumatında bildirilib.

0