Bu gün “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi və Avtosfer.az saytının təşəbbüsü ilə 2 İyul - Polis Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə millət vəkili Bəhruz Məhərrəmov, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Xalid Kazımov, təqaüddə olan polis polkovniki Vaqif Əsədov, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev, həmçinin idarənin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlının sözlərinə görə, artıq 10 ilə yaxındır ki, Polis Günü münasibəti ilə tədbirlərin keçirilməsi ənənə halını alıb: “Biz çalışırıq ki, xidmətdə fəal olan polisləri mükafatlandıraq. Bu, simvolik olsa da, onların fəaliyyətinə verilən ictimai dəyər kimi qiymətləndirilə bilər ki, bu da xidmətlərinə töhfə olacaq. Amma bu il tədbirimizi daha ciddi bir məsələyə yönəltmək istədik və bu sahədə fərqlənən polis əməkdaşlarını seçdik. Təəssüflər olsun ki, narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşən sürücülərin sayı artıb. Onların aşkarlanmasında Dövlət Yol Polisi əməkdaşlarının xidməti böyükdür. Biz təklif edərdik ki, qanunvericilikdə müəyyən dəyişikliklər olsun. Narkotik vasitələrin təsiri altında sükan arxasında olan sürücülərlə içkili halda sürücülük edənlərin arasında fərqin qoyulması məqsədəuyğun olardı. Hesab edirik ki, narkotik vasitələrdən istifadə daha təhlükəli olduğundan müvafiq cəza tədbirləri də daha ağır olmalıdır. Narkotik bir asılılıqdır, xəstəlikdir və ondan istifadə edən şəxslərin müalicəyə ehtiyacları var”.
Daha sonra çıxış edən deputat Bəhruz Məhərrəmov Azərbycan polislərinin xidmətlərindən danışaraq onlara təşəkkürünü bildirib: “Bu gün ölkədə sabitlik və ictimai asayiş tam mənada təmin olunursa, cinayətkarlıqla mübarizə varsa və polisin üzərinə düşən digər vəzifələr layiqincə yerinə yetirilirsə, deməli, Azərbaycan polisi qalib ölkənin adına layiq şəkildə işləyir, müzəffər Ali Baş Komandanımızın sadiq əsgərləri olaraq xidmət edir. Bu xidmətə görə onlara təşəkkür edirəm və fəaliyyətlərində uğurlar arzulayıram”.
DİN yanında İctimai Şuranın sədr müavini Xalid Kazımov Dövlət Yol Polisi əməkdaşlarının xidmətini xüsusilə vurğulayıb: “Polisdən danışanda adətən Dövlət Yol Polisi əməkdaşları göz önünə gəlir, çünki bütün vətəndaşların birbaşa təmasda olduğu məhz DYP əməkdaşlarıdır. Etiraf etməliyik ki, əhalinin təhlükəsizliyinin qorunması istiqamətində onların fəaliyyətinin peşəkarlıq səviyyəsi ildən-ilə artmaqdadır”.
Təqaüddə olan polkovnik Vaqif Əsədov da öz növbəsində polisləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: “Hesab edirəm ki, polislərin fəaliyyətində qazanılan uğurlar hər zaman rəhbərliyin diqqətindədir. Ümid edirik ki, hər il olduğu kimi, növbəti illərdə də Avtosfer.az saytı belə tədbirlərin daha geniş formada təşkil olunmasına nail olacaq”.
Sonda çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyevın sözlərinə görə, hər hansı bir kütləvi informasiya vasitəsi, ictimai birlik, yaxud vətəndaşlar tərəfindən polisin xidmətinin belə yüksək qiymətləndirilməsi hər bir polis əməkdaşını xidmətə daha da ruhlandırır, həvəsləndirir:
“Azərbaycan polisinin yaranmasının 104-cü ili münasibəti ilə bütün şəxsi heyəti, bütün kollektivi təbrik edir və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram”.
Tədbirin sonunda narkotik və psixotrop maddələrin təsiri altında sükan arxasına küçən sürücülərə qarşı mübarizədə fərqlənən yol polisi əməkdaşlarına diplom və hədiyyələr təqdim olunub.