Mən polis nəvəsi, polis qızı, polis bacısıyam!

ÖLKƏ
09:11 / 02.07.2022
1121

“Mənim polisim məni qoruyur”  ifadəsində məni deyil, bütün cəmiyyəti, xalqımızı, dövlətimizi və dövlətçiliyimizi qoruyur, desək, daha düzgün olar. Polis- vətəni, vətənin vətəndaşlarını, ictimai asayişi sutkanın 24 saatı,  ilin 365 günü  ayıq-sayıq qoruyan və ictimai təhlükəsizliyi təmin edən dövlətin bir xidmət sistemi olmaqla,  çox şərəfli və olduqca məsuliyyətli bir peşədir.

Mən jurnalistika üzrə ali təhsil almışam və gələcəkdə peşəkar bir jurnalist olmaqla yanaşı, bu sferada yüksək pillələrdə olmaq arzusundayam. Napaleon Banapart demişkən  “General olmaq istəməyən əsgər, əsgər deyil”.

Mən həm də, sıradan bir vətəndaşam, bu gözəl xalqın nümayəndəsiyəm. Jurnalist peşəsi qədər sevdiyim polislə məni bağlayan bir çox bağlar vardır; mənim rəhmətlik babam, hazırda adını özümə soyad götürdüyüm Musa Abdullayev 1980-ci ilə qədər Sovet milisi sıralarında çalışmış,  o vaxtın milis mayoru olmuşdur. Atam və qardaşım da, müxtəlif illərdə polis orqanlarında xidmət etmişlər. Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş atam həm də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin I Qarabağ Müharibəsi Veteranıdır. Damarlarımda cəsarət, dözüm,  mübarizlik qanı axır, tərbiyəmdə polisə məxsus ədalət və obyektivlik prinsipləri formalaşıb. Nizam-intizamı polisə xas olan bir ailədə böyümək nə böyük xoşbəxtlikdir! Bu, o cümlədən, mənim üçün çox böyük bir fəxrdir: mən polis nəvəsi, polis qızı və polis bacısıyam.

1999-cu il 28 oktyabrda “Polis haqqında” qəbul olunmuş Qanunda polis respublikanın icra hakimiyyətinin orqanı sayılmaqla, qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirən dövlətin əhəmiyyətli və vacib qulluqçuları hesab olunurlar. 

Polislərdən hər dəfə söhbət düşərkən, Heydər Əliyev “Azərbaycan polisi Azərbaycan xalqının və dövlətinin keşiyindədir. Onun borcu, vəzifəsi dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır”, deyə söyləmişdir.

Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci il Fərmanına əsasən 2 iyul - “Azərbaycan Polisi günü” elan olunmuşdur. Bu il 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayət və cinayətkarlarla mübarizə aparmaq məqsədilə Azərbaycanın ilk polis bölüyünün yaranmasından 104 il ötür, yəni məni, həmvətənlərimi qoruyan Azərbaycan polisinin 104 yaşı tamam olur.

Hər zaman böyük risk altında çalışan, ən çətin və çıxılmaz situasiyalarda polislərin özlərinin nə qədər təhlükə altında olduqlarını bilmək kifayət edir ki, onların fəaliyyətini yüksək qiymətləndirəsən.

Mən  respublikamızın daxili işlərinin hüquqi keşiyində duran bütün polis işçilərini, başda cənab nazir Vilayət Eyvazov olmaqla, Daxili İşlər Nazirliyinin bütün rəhbər və sıravi əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edirəm! Hər birinə yüksək sayıqlıq, dəyanət, təmkin və ən vacib olan sağlamlıq arzu edirəm!

Musa Məsumə Miribrahim qızı

ARB telekanalının əməkdaşı

0