Növbəti səyyar qəbul İsmayıllıda daha bir ucqar kəndi olan Köhnədaxarda keçirildi - FOTOLAR

ÖLKƏ
13:14 / 08.07.2022
836

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə öncədən təsdiq olunmuş qrafikə uyğun olaraq iyul ayının 7-də Köhnədaxar kəndində səyyar qəbul keçirib.

Qəbulda RİH-nin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbul iştirakçıları əvvəlcə şəhid Tərlan Hüseyinovun xatirəsinə tikilmiş bulağı ziyarət edib, şəhidin ruhuna dualar ediblər. 

Rayon rəhbəri  ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq İsmayıllı rayonunda görülən işlər barədə sakinlərə  məlumat verib. İcra Başçısı bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.

Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub. 

Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra kənd ağsaqqalları rayon rəhbərini çay süfrəsinə dəvət edərək, səmimi söhbət ediblər.

0