İsmayıllıda maarifləndirmə tədbiri keçirildi - FOTOLAR

ÖLKƏ
17:27 / 14.07.2022
758

İsmayıllıda “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən İsmayıllıda  “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib. Heydər Əliyev Mərkəzində, daha sonra  rayon ərazisində meşə massivi ilə əkin sahəsinin sərhədində - açıq havada təşkil olunan tədbirdə şimal-qərb bölgəsində fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahin Hüseyinov açaraq bildirib ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, digər dənli və texniki bitkilərin yanğından qorunması, həmçinin sözügedən tədbirlərin icrasına operativ nəzarətin təmin edilməsi, ortaya çıxacaq problemlərin təxirəsalınmadan aradan qaldırılması məqsədilə İsmayıllı RİH başçısının 03 iyun 2022-ci il tarixli 59 nömrəli sərəncamı ilə Rayon Qərargahı yaradılıb.
Tədbirdə çıxış edən FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağəli Hüseynov, Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə biləcək  yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.

Natiqlər, habelə meşələrdə baş verə biləcək  yanğınların qarşısının vaxtında alınmasında yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsinin, təbii və süni su mənbələrinin, keçidlərin yerlərinin dəqiqləşdirilməsinin vacibliyindən danışıb, meşə sahələri ilə həmsərhəd olan taxıl sahələri, kommunikasiya xətləri, o cümlədən avtomobil yolları arasında mineral zolaqların yaradılması ilə eni 4 metrdən az olmamaqla şumlamanın, həmçinin meşəərtafı kəndlərdə yaşayan vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Müşavirədə çıxış edən  polis əməkdaşları vurğulayıblar ki, biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.
Tədbirdə geniş fikir mübadiləsi aparıb, suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına İsmayıllı rayonunda meşə massivi ilə əkin sahəsinin sərhədində sahənin biçilməsi, biçilən əkin sahəsi ilə meşə massivi arasında şumlama yolu ilə təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.

0