Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlandı - YENİLƏNİB

ÖLKƏ
16:10 / 27.07.2022
1118

Ötən gün Kəlbəcərdə minaya düşən Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin komandiri, polkovnik Vüqar İsbəndiyarovun son durumu açıqlanıb.

HİT.az xəbər verir ki, Gəncədə hospitala yerləşdirilən zabitin sol ayağı amputasiya edilib, sağ ayağında isə çox saylı qırıqlar var.

Bu gün V.İsbəndiyarovun sağ ayağı əməliyyat olunub. Polkovnikin bədəninin digər yerlərində qəlpə yarası yoxdur.

Hazırda onun vəziyyəti stabildir.

V.İsbəndiyarovun vəziyyəti tam sabitləşəndən sonra Bakıya Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndəriləcək.

Qeyd edək ki, V.İsbəndiyarov iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

10.38

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində minaya düşən hərbi hissə komandiri İsbəndiyarov Vüqar Tofiq oğlunun son durumu məlum olub.

HİT.az-ın məlumata görə, hərbçinin sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub.

Yaxınlarının bildirdiyinə görə, təcrübəli zabitin sağ ayağının aşağı ətraflarında sınıq və çıxıqlar meydana gəlib. Hərbi qulluqçunun ümumi vəziyyətinin stabil olduğu bildirilir.

V.İsbəndiyarovun hazırda cərrahi əməliyyatda olduğu qeyd edilib.

Xatırladaq ki, ötən gün Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri polkovnik Vüqar İsbəndiyarov minaya düşüb. Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır xəsarətlər alıb.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda cinayət işi açılıb.

Müdafiə Nazirliyi hadisə nəticəsində İsbəndiyarovla yanaşı, daha bir neçə hərbçinin yaralanması barədə xəbərləri təkzib edib. Bildirilib ki, Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, hərbi hissə komandiri Vüqar İsbəndiyarov əslən Cəbrayıl rayonundandır.

0