Lerik, Masallı və Göygöl rayonlarına yeni icra başçılarının təyinatı və Prezident İlham Əliyevin onları qəbul edərkən etdiyi çıxış yenidən diqqəti icra hakimiyyətlərinin fəaliyyətinə yönəldib.
Məlumat üçün deyək ki, ölkə başçısı çıxışında keçmiş icra başçılarının həbsinə diqqət çəkərək məmurların bundan dərs götürməli olduğunu deyib.
"Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”, deyə Prezident vurğulayıb.
Yerli icra hakimiyyətləri ən çox tənqidə məruz qalan qurumlar kateqoriyasına aiddir. Təsadüfi deyil ki, bu gün bəzi rayonların icra başçıları "kiçik padşah”lar kimi xarakterizə edilir. Hələ icra hakimiyyətlərində anti-korrupsiya əməliyyatları keçiriləndə nəhayət, onların "gözü çıxmış qardaşdan” ibrət götürəcəklərinə ümidlər yaranmışdı. Lakin sonrakı proseslər göstərdi ki, bəzi icra başçıları hələ də köhnə ənənə ilə işləməyə üstünlük verir. Bu, xüsusilə, uzun müddətdi icra başçısı vəzifəsi daşıyanlara aiddir.
Qaynarinfo uzun illər icra başçısı vəzifəsini daşıyan, mütəmadi olaraq qanunsuz əməlləri və qalmaqallarla gündəmə gələn icra başçılarının siyahısını təqdim edir.
20 ildən artıq icra başçısı olanlar
Sırada ilk olaraq Xocavəndin icra başçısı Eyvaz Hüseynov gəlir. O, 7 iyul 1992-ci il tarixdən icra başçısıdır. 30 ildir Xocavəndə rəhbərlik edən Eyvaz Hüseynov barəsində mediada tirajlanan tənqidi materialların sayı-hesabı yoxdur. Həmin materiallarda icra başçısının diplomsuz kadrları himayə etməsi, fəaliyyətdə olan məktəbi sökərək onun yerində qoyunları üçün ferma tikməsi barədə məlumatlar da yer alıb.
Eyvaz Hüseynov
Qobustanın icra başçısı Adil Məmmədov da 28 ildir "icra başçısı" titulunu daşıyır. Lakin o, Eyvaz Hüseynovdan fərqli bu müddət ərzində bir neçə rayona rəhbərlik edib. Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonlarının icra başçısı olub. 26 aprel 2011-ci ildə isə Qobustan rayonunun icra başçısı vəzifəsinə təyin edilib.
Adil Məmmədov xüsusilə, Biləsuvar rayonunun icra başçısı olarkən barəsində çoxsaylı şikayətlər edilib. Yerli sakinlərin müxtəlif media orqanlarına ünvanladıqları şikayət məktiblarında Adil Məmmədovun rayonu şəxsi təsərrüfatı kimi idarə etməsi iddia olunub. O, bir müddət əvvəl Qobustan rayonunda "Şəhid bulağı”nın tikintisinə mane olmaqla gündəmə gəlmişdi.
Adil Məmmədov
Siyəzənin icra başçısı Novruz Novruzov 1995-ci ildən icra başçısı kimi fəaliyyət göstərir. O, 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə isə Şabran rayonlarının icra başçısı olub. 5 aprel 2019-cu ildən Siyəzənə rəhbərlik edir.
Novruz Novruzov Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nin keçmiş prezidenti Ramiz Mehdiyevə yaxın şəxs kimi xarakterizə edilir. 2020-ci ildə onun Şabrandakı fəaliyyətinin yoxlanılması barədə məlumat yayılmışdı. Məlumatda iddia edilirdi ki, Novruz Novruzov Şabranın münbit torpqalarını Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hədiyyə edib. Onun korrupsiya əməliyyatıları barədə çoxsaylı materiallar tirajlanıb. Həmin materiallarda yer alan məlumatlar indiyə qədər təkzib olunmayıb.
Novruz Novruzov
Lənkəranın icra başçısı Taleh Qaraşov da ən stajlı "kiçik padşah”lardandır. O, 26 ildir ki, icra başçısı vəzifəsini daşıyır. Taleh Qaraşov 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə isə Astara rayonuna rəhbərlik edib. 2012-ci ildən Lənkəranın icra başçısıdır.
Taleh Qaraşovun adı bu günlərdə müavini Rəsilə Əliyevanın məktəbliyə qarşı zorakılıq etməsi ilə bir daha gündəmə gəldi. Bu olay ictimai rezonansa səbəb olduğundan Taleh Qaraşov onu işdən çıxarmağa məcbur oldu. Rəsilə Əliyeva məhz onun kadrı kimi tanınırdı.
Taleh Qaraşov
Ən stajlı icra başçılarından biri də Bakıya rəhbərlik edən Eldar Əzizovdur. O, 2000-2003-cü illərdə Nizami, 2003-2011-ci illərdə Gəncə, 2011-2015-ci illərdə Sumqayıt, 2015-2018-ci illərdə isə Səbailin icra başçısı olub. 15 noyabr 2018-ci il tarixdən Bakının icra başçısıdır.
Eldar Əzizov icra başçısı işlədiyi şəhər və rayonlarda "şirniyyat həvəskarı" kimi ad çıxarıb. Məsələn, Gəncə və Sumqayıtda ən uzun tort, ən böyük paxlavalara təqdimat keçirməsi hələ unudulmayıb.
Eldar Əzizov
Qubadlının icra başçısı Malik İsaqov 21 ildir adıçəkilən rayona rəhbərlik edir. O, 2001-ci ildə Qubadlının icra başçısı vəzifəsinə təyinat alıb.
15 ildən artıq icra başçısı olanlar
Hazırda Abşerona rəhbərlik edən Abdin Fərzəliyev icra başçısı kimi karyerasına 2003-cü ildən başlayıb. O, 2003-2005-ci illərdə Nizami, 2005-2022-ci illərdə Nərimanov, 2022-ci ildən isə Abşeronun icra başçısıdır.
Abdin Fərzəliyev ən çox tənqid edilən icra başçılarındadır. O, Ramiz Mehdiyevlə Prezidentin keçmiş köməkçisi Əli Həsənova yaxın şəxs kimi tanınıb. Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) keçmiş icraçı direkotru Vüqar Səfərlinin cinayət işinin istintaqı zamanı məlum olmuşdu ki, mediaya aid tədbirləri Abdin Fərəzliyevə məxsus olduğu bildirilən "Altun” şadlıq sarayında keçirib. Yeri gəlmişkən, Vüqar Səfərli ilə yanaşı sözügedən şadlıq sarayının inzibatçısı Şaiq İbrahimov da həbs edilib.
Hazırda Abşeronda "xarüqələr yaratmaqla" məşğuldur.
Abdin Fərzəliyev
Bərdənin icra başçısı Vidadi İsayev də "uzunömürlü” icra başçılarındadır. O, 17 ildir ki, icra başçısıdır. Bu müddət ərzində 2 rayona - Tərtər (2005-2011) və Bərdəyə (2011-ci ildən indiyə qədər) rəhbərlik edib.
Vidadi İsayevin adı son dəfə İkinci Qarabağ savaşı zamanı gündəmə gəlib. Mediada barəsəində ən çox şikayət dərc olunan icra başçılarındandır.
Vidadi İsayev
15 ildən artıqdır ki, icra başçısı postunu tutan şəxslərdən biri də Qaradağın rəhbəri Süleyman Mikayılovdur. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs hesab edilən Süleyman Mikayılov 2005-ci ildə Yardımlının, 2005-2010-cu illərdə Lənkəranın icra başçısı olub. 2010-cu ildən isə Qaradağa rəhbərlik edir. Süleyman Mikayılov "Çakır” ləqəbi ilə tanınır. Onun qanunsuz əməlləri barədə, xüsusilə, Qaradağda "karyer qalmaqalları” barədə kifayət qədər yazılıb. Süleyman Mikayılovun hələ də icra başçısı kimi fəaliyyət göstərməsi Kəmaləddin Heydərov faktoru ilə izah edilir.
Süleyman Mikayılov
15 ildən artıq icra başçısı kimi fəaliyyət göstərənlər sırasına Zərdabın icra başçısı Mərdan Camalov, Ucarın icra başçısı Mənsur Məmmədov, Sumqayıtın icra başçısı Zakir Fərəcov, Samuxun icra başçısı Alı Qocayev, Nəsiminin icra başçısı Asif Əsgərov, Suraxanının icra başçısı Əziz Əzizov, Astaranın icra başçısı Qəzənfər Ağayev və Xızının icra başçısı Xəzər Aslanov da daxildir. Adıçəkilən şəxslər 2005-2006-ci illərdən icra başçısı kimi fəaliyyət göstərirlər.
Zakir Fərəcov
Bu icra başçılarının adı müxtəlif qalmaqallarda hallanıb. Bu sırada xüsusilə Asif Əsgərovla Zakir Fərəcovun adını çəkmək olar. Yada salaq ki, Asif Əsgərov oğlunun ölümlə nəticələnən qəza törətməsilə, Zakir Fərəcov isə Sumqayıt bulvarının yenidən qurulmasındə iş icraçılarının pulunu verməməklə gündəmə gəlib. Hər iki hadisə böyük ictimai rezonansa səbəb olmuşdu.
Asif Əsgərov
Onların arasında vaxtilə yüksək vəzifə tutan şəxslərlə qohumluq əlaqələri olanlar da var. Məsələn, Mərdan Camalov Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun qardaşı, Mənsur Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu, Alı Qocayev isə keçmiş spiker Oqtay Əsədovun qudasıdır.
Mərdan Camalov
Seyid