Sumqayıt hadisələrinə görə gələn desantlar Xəzərə necə qərq olublar? - TƏFƏRRÜAT

ÖLKƏ
16:50 / 30.07.2022
1264

Tarix: 18 oktyabr 1989-cu il.

1989-cu ilin əvvəllərində SSRİ rəhbərliyi Sumqayıtdakı hadisələrə görə şəhərə desant qoşunları yeritmişdi. Vəziyyət sabitləşdikdən sonra qoşunların mərhələli şəkildə çıxarılmasına başladı. Hərbi kontingentin bir hissəsi dəmiryolu, digəri isə təyyarə ilə daimi dislokasiya yerlərinə qaytarılmağa başladı. 

37-ci desant diviziyasının qismətinə daimi dislokasiya yerinə təyyarə ilə qayıtmaq düşdü. Hamı sevinirdi ki, qatarla günlərlə yol getməyəcək, 3 saat sonra Odessaya enəcəklər.

Həmin gün Abşeron yarımadasında hava şəraiti uçuş üçün əlverişli idi. Desantları və hərbi texnikanı götürən İl-76MD tipli təyyarə Ukraynanın Odessa vilayətinə getmək üçün saat 18.22-də Nasosnı aerodromundan start götürür.

Startdan 5 dəqiqə sonra 1600 metr yüksəklikdə sağ mühərrik alışaraq təyyarədən qopur və qanad mexanizmini zədələyir. Mühərrikin qırıqları kesson və yanacaq çənlərini dağıdır, alov şiddətlənir. Paralel olaraq saat 18.27-də yanğından mühafizə sistemi işə düşsə də, artıq gec idi. Ekipaj şassini açaraq aerodroma qayıtmağa qərar verir. Lakin hidravlik sistem sıradan çıxmışdı. 11 dəqiqə sonra yanğın şiddətlənir və sol tərəfə də keçir. Hava gəmisi idarədən çıxaraq uçuş zolağından 5 250 metr, sahildən 1 500 metr aralıda Xəzərin sularına qərq olur. 

Beləliklə, Azərbaycan xalqının azadlıq arzularını boğmaq istəyənlər startdan 16 dəqiqə sonra, saat 18.38-də Xəzərin soyuq sularına qərq oldular. 9 nəfərlik uçuş heyəti və 48 sərnişindən heç birini (cəmi 57 nəfər) xilas etmək mümkün olmur. 

İstintaq komissiyasının rəyinə görə, mühərrikin valı yağlanma getmədiyi üçün ifrat qızma nəticəsində qırılaraq bütün mühərriki dağıdıb. 

Mənbə: Lent.az

0