"Yeyib-içən azərbaycanlılar"

ÖLKƏ
19:57 / 06.08.2022
971

"Azərbaycanlılar yeyib-içməkdən başqa bir şey bilmirlər" - məclislərin birində bir bokal ironiya, bir şiş də təhqir mənasında eşitdiyim bu cümlə, sabahı gün toyuq supu içdiyim yerdə dayandı boğazımda, akroşkadan bir-iki qurtum vurdum, keçdi. Həm də anladım ki, akroşka ilə toyuq supu içməzlər. Nəysə. Bunun da günahını yazıram Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Fikrətoğlu müəllimin boynuna.  

Bilmirəm bu ifadə nə qədər doğrudur, bizim üçün nə qədər yerinə düşür, amma məncə, bir qədəh haqsızlıq var. Xalq olaraq yeyib-içən olduğumuzun nə ziyanı var ki? Nədir, bəlkə uğursuz olduğumuz məsələlərin günahı da yeyib-içməkdədir? Düzdü, ziyan gələn tərəfləri var, amma yeyib-içmək olmasa, onlar olmayacaq? Pis çıxmasın, təki həmişə şənlik, yeyib-içmək olsun elə. İmkan vermirlər ki, bir tikə çörəyimizi zəhərlənək. 

Sümüyü sümük boşqabına qoyub, əl ataq.. məclisin o başına yox, yazının bir az əvvəlinə. Yeyib-içən xalq olduğumuz dünənin, bu günün işi, hadisəsi deyil. Bu, bir az da genetika məsələsidir, milli koddur. Heç şübhəsiz ki, yemək sahəsi ciddi faktordur və elə bu sahədə də öndə gedənlərdənik.

Məlum, bir qədər mənfi tərəfləri də var. Sonradan yüklənən söz-söhbətlərdə "kişinin qarnı olar" arıq adam görəndə "kasıbdı" baxışları və.sairə kimi.

Əzəldən quş quşlayan, ov ovlayan dədə-babalarımızın genetik kodları tam sürətlə davam etməkdədir. Bu gün həyatımızda hansı hadisə yeyib-içməksiz keçir? Doğulursan, yeyib içmək, ad günü yeyib-içmək, məktəb-universitet, əsgərlik, toy, bununla da yetmir, öləndə də hüznlü, amma ən dadlı yeyib-içmək. Pis çıxmasın, üzr istəyirəm, amma nədənsə, yasda verilən aşın bir başqa dadı var. Məhz o aşa görə adamın könlünə hərdən ölü düşür. Bircə mənfi tərəf də odur ki, maddi imkan bəzən adamı incidir. Amma di gəl, elə münasibət göstərir bəzi azərbaycanlılar, elə bilirəm, qarınlarına bir-iki tikə nəsə atanda canları çıxır. 

Yeyib-içmək bizim həyatımızda o qədər mühim yer tutur ki, bugünki günümüzdə bölgələrimiz də buna görə fərqlənir. Adlarını çəkib qarın davası döyməyə ehtiyac yoxdur, amma elə bölgələrimiz var ki, o bölgənin adamları məhz yeyib-içməklərinə görə sayılıb-seçilir. 

Bəlkə də gülməli gələr, amma məncə, yeyib-içmək həm də insanın xarakterinin, səxavətliliyinin göstəricisidir. İnsanın yediyi yeməklərdən, yemək tərzindən, məclisi sevmə şəklindən həyatda necə adam olduğu bəlli olur. 

Odur ki, eşq olsun yeyib-içənlərə. Allah acların qarnını doydursun, məclis adamlarına həmişə nuş olsun. Pul-para da olsun ki, "veçni" şadlıqlarda olaq".

Orxan Saffari

1