Mingəçevir Şəhər Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər tutularaq məsuliyyətə cəlb olunub, onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb.
Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər də məhkum olunmuş Rəhim Rəhimov saxlanılıb.
Onun üzərindən heroin, yaşadığı ünvandan isə satış məqsədilə saxladığı külli miqdarda heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici narkotacirdən onlayn yolla aldığını bildirib.
Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha 5 nəfər – əvvəllər də eyni əmələ görə məhkum olunmuş Pərvin Abbasov, Tural Mahmudov, Allahverdi Həmidov, Elxan Hacıyev və Elton Kərimov tutulub. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ güclü təsiredici narkotik vasitələr götürülüb.
Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq aparılır.
"Şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.