“Yəni icra başçısı o səviyyəyə düşüb ki, gələn yardımları dağıdır?”
Mayın 23-də bir qrup media nümayəndəsi ilə birgə Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) təşkil etdiyi "Media üçün açıq qapı" layihəsində iştirak etmək məqsədilə Göyçay rayonuna yola düşdük. Rayonda baş verən hər şeyi gözümüzlə görmək üçün rayonun kənd və qəsəbələrinə baş çəkdik.
Öncə bizə ünvanlanan bəzi şikayətlərlə bağlı üz tutduq “narın paytaxtı”na. Öncə vurğulayım ki, pandemiya ərəfəsində, eləcə də Prezident İlham Əliyevin icra başçıları ilə bağlı verdiyi son qərarların dönəmində belə bir təşəbbüs irəli sürmək bir icra başçısının özünə güvənindən irəli gələn bir məsələdir. Ümidvarıq ki, digər icra başçıları da Göyçay RİH başçısı Mehdi Səlimzadəni örnək götürər və bu addımı bir vərdişə çevirərlər. Bundan sonra məmurlar sakinlərlə, mətbuatla ayda, ildə bir dəfə deyil, mütəmadi olaraq təmasda olar.
Bu minvalla ilk olaraq Göyçay şəhər mərkəzindən 35 km uzaqlıqda yerləşən Alpoud kəndinə yollandıq. Körpə fidan balalarımız üçün yenicə tikilib, təhvil verilən Cavanşir Məmmədov adına Alpoud kənd uşaq bağçasının binası ilə tanış olduq. Qeyd edim ki, həmin bağça Heydər Əliyevin Fondunun birbaşa dəstəyi ilə ərsəyə gəlib. Bu, 2 qruplu 40 yerlik müasir tipli uşaq bağçasıdır.
Onu da vurğulayım ki, şikayətlərin birində qeyd edilmişdi ki, bir çox bağça və məktəblərdə barama qurdlarının bəslənilməsi prosesi həyata keçirilir. Bunun bir növ şahidi olmaq və məhz həmin şikayətə aydınlıq gətirilməsi üçün RİH-in mətbuat xidmətinin rəhbəri Anar Nağıyevlə danışdıq. O bildirdi ki, həmin şikayət əssasızdır və həmin bağçanın həyətindəki köhnə uşaq bağçasına baş çəkməyimizi məsləhət gördü. Köhnə bağçanın acınacaqlı vəziyyəti bizi üzdü. İndiyə kimi belə bir qəzalı vəziyyətdə olan uşaq bağçasına üz tutan köpələrimizin taleyi bir anlıq keçdi gözlərimizin önündən. Həqiqətən bağça tam yarasız vəziyyət olub və icra başçısın göstərişi ilə tamamilə yeni uşaq bağça inşa edilib. Uşaq bağçasının inşa edilməsinə baxmayaraq, köhnə uşaq bağçasının binası sökülməyib, məhz həmin binadan barama qurdlarının bəslənilməsi üçün istifadə olunduğunu gördük.
Növbəti səfərimiz Ləkçılpaq və Çaxırlı kəndlərində olan məktəb və bağçalara doğru idi. Hər iki kəndin də müasir bağça və məktəblərini ziyarə etdik. Daşqın Məmmədov adına Çaxırlı kənd tam orta məktəbin yenidənqurma işlərinin də şahidi olduq. Qeyd edək ki, məktəb Aprel şəhidi Daşqın Məmmədovun adını daşıyır.
Müskürlü kəndində 1 qruplu 20 yerlik uşaq bağçası və körpələr evi, “ASAN xidmət”i xatırladan Müskürlü sosial inzibati bina kompleksi, kənd icra nümayəndəliyi, kənd bələdiyyəsi, tibb məntəqəsi, kitabxana, uşaq bağçası yerləşir. 100 yerlik konfrans zalından ibarət kompleksin bir ildir ki, istifadəyə verildiyinin şahidi olduq. Lakin Müskürli kəndində içməli suyun olmaması problemini sakinlərin özlərindən eşitdik.
Qarabaqqal kəndində 1 qruplu 20 yerlik uşaq bağçası və körpələr evində də olduq. Diqqətimizi çəkən yalnız yolların daş-çınqıllı olması oldu. Bu məqama bir az sonra qayıdacağıq.
Rayonun Şəhidlər xiyabana, eləcə də əbədi yaşarların abidələrinə baş çəkdik. Daha sonra icra başçısı M.Səlimzadə ilə görüşərək, rayon əhlisini narahat edən məsələlərə aydınlıq gətirməyə çalışdıq.
Şikayətçilərdən biri Göyçay rayon qeydiyyatında olan Vəfa Soltanova idi. O, öz şikayətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Göyçay şöbəsi ilə bağlı araşdırma aparmağımızı xahiş edirdi. Bildirirdi ki, onun oğlu Orxan Qurbanov hərbi xidmətə yararlı olmadığı halda onu hərbi xidmətə aparıblar. Oğlunun ciddi göz çəpər əyriliyi (çəpgözlük) olmasına baxmayaraq, hərbi komissarlıq ondan 3500 manat tələb edib ki, oğlunu yarasız olaraq qeydiyyata alsınlar və hərbi xidmətə aparmasınlar: “Oğlum hərbi xidmətə yararsızdır, amma pul verməmişəm deyə yararlı kimi yollayıblar hərbi xidmətə. Nə qədər tələb etsəm də, göz yoxlamasına görə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna göndərmədilər. Hətta hərbi hissəyə təzyiq etdilər ki, oğlum Bakıya yoxlanışa göndərilməsin. Amma özüm Müdafiə Nazirliyinə dəfələrlə, dayanmadan yazaraq, birtəhər oğlumu ağır işlərdən uzaq bir hissəyə saldırdım”.
Şikayətlə bağlı SHXÇDX-nin Göyçay şöbəsinə üz tutduq. Orada bildirdilər ki, məsələni şikayətçi xanımla həll ediblər və heç bir problem yoxdur. Elə bu zaman yerindəcə Vəfa Soltanova ilə əlaqə saxladıq və bildirdik ki, qarşı tərəf məsələnin həll olunduğunu və hər şeyin qaydasında olduğunu qeyd edir. Dəstəyin o tayından isə Vəfa xanım bildirdi: “Olsun, təki, məsələ həll olunsun. Karantin bitdikdən sonra hər şey bəlli olacaq”.
Növbəti şikayətçi Əzizə Zeynal idi. O, hazırda xəbər portallarından birində çalışır və Göyçayda təhsil aldığı Məhəmməd Füzuli adına 6 saylı orta məktəbin təmirsiz vəziyyətdə olmasından, qışda uşaqların soyuqdan əziyyət çəkməsindən, heç bir qızdırıcı sisteminin olmamasından şikayətçidir. Həmin məktəbə baş çəkərkən, bildirdilər ki, məktəb artıq 3-4 ildir ki, kombi sistemi ilə təchiz olunub. Lakin məktəbin təmirsiz olması gözümüzdən yayınmadı. Həqiqətən, 6 nömrəli məktəbin əsaslı təmirə ehtiyacı var. Əzizə Zeynal həm də icra başçısının əlçatmaz məmurlardan biri olduğunu qeyd etdi: “İcra Hakimiyyətinin mətbuat xidmətindən hansısa məsələyə cavab almaq qeyri-mümkündür”.
Növbəti şikayətlərdən biri, Göyçay rayonunun mərkəzindən cəmi 2 km aralıda, şəhərə bitişik Potu kəndində, İrəvanlılar məhəlləsindən Mübariz Məmmədov adına orta məktəbə qədər olan yolun acınacaqlı vəziyyəti ilə bağlı idi. Təkcə həmin yolların deyil, bir çox yolların asfaltlanmaya ehtiyacı olduğunun şahidi olduq. Rayonun kənd və qəsəbələrinin əsas problemlərindən biri yolların bərbad vəziyyətdə olmasıdır.
Daha sonra RİH başçısı Mehdi Səlimzadə görüşdük və onun vəzifə başında olduğu son 4 ildə görülən işlərdən danışdıq. O, jurnalistlərin suallarını cavablandırdı. Jurnalistlərin gördükləri bütün çatışmazlıqlar və daxil olan şikayətlər, problemlərin hamısı icra başçısına bildirildi və 6 nömrəli məktəbin təmir-bərpası üçün artıq layihənin hazırlandığını, eləcə də yollarla bağlı bir neçə layihənin də öz həllini tapacağını vurğuladı. Abadlıq-bərpa işləri ilə bağlı görülən işləri sadaladı.
Rayonda xüsusilə yaddaşımızda qalan 6 nömrəli məktəbin acınacaqlı vəziyyəti oldu. Orda təhsil alan uşaqların vəziyyətini təsəvvür belə etmək istəməzdim. Şəkilləri biz təqdim edirik, siz qiymətləndirin. Halbuki, bu məktəbi bitirən və yüksək ballarla universitetlərə daxil olan tələbələrin də sayı az deyil. Son zamanlar isə məktəbin acınacaqlı vəziyyətinə görə şagirdlər məktəbi tərk edir, evlərindən çox uzaqda yerləşən məktəblərə üz tuturlar. İcra başçısının diqqətindən yayınan bu məktəbin vəziyyəti bizi həqiqətən çox üzdü. Orda təhsil alan hər bir şagird bizim gələcəyimizdir. Məktəbin belə bir vəziyyətindən əziyyət çəkən şagirdlərə yenidən həmin məktəbə baş çəkəcəyimizə və təmir-bərpa işlərinin gedişatını işıqlandıracağımıza söz verdik. Davamı olacaq.
SHXÇDX-nin yerli şöbəsində hərbi xidmət yaşı tamam olan və yarasız olduğu halda, yararlı olaraq əsgərliyə göndərilməməsi üçün vətəndaşdan pul tələb edilməsi məsələsini yuxarıda qeyd etdik. Bu məsləni də icra başçısının diqqətinə çatdırdıq və o, bununla bağlı araşdırma aparılacağını dedi.
Diqqətimizi çəkən məsələlərdin biri Şamaxı rayonunun keçmiş deputatı Elxan Süleymanovun Göyçay çayının hövzəsini dəyişdirərək, rayonda özünə dəbdəbəli iqamətgah tikdirməsi oldu. Adam çayın hövzəsini dəyişməklə və özünə iqamətgah tikməklə kifayətlənməyib, qalan ərazilərdə meyvə bağları salaraq insanların gediş-gəlişinin qarşısını alaraq hasarlayıb. Sakinlər dəfələrlə bununla bağlı şikayət etdiklərini də vurğuladılar.
Həmkarlarımızdan biri M.Səlimzadədən DTX-nın keçirdiyi son əməliyyatlara münasibətini soruşdu. İcra başçısı bu hadisələrdən təəssüfləndiyini dilə gətirdi: “Bir neçə icra başçısının həbs olunmasına təəssüflənirəm, mənə ağır gəldi. Bilirsiniz, mənə ağır təsir edən nə oldu? Heydər Əliyev Fondundan gələn yardımların düzgün istiqamətə yönləndirilməməsi. Yəni, icra başçısı o səviyyəyə düşüb ki, gələn yardımları dağıdır? Bu, biabırçılıqdır, xəcalətdir. Əgər, göndərilən yardımı icra başçısı bölürsə, hamısı yoxlanılmalıdır. Kartları icra başçısı cibində saxlayırsa, yoxlanılmalıdır. Əslində, bu hallar icra başçısına yaraşmayan hallardır. Demokratik cəmiyyətdə demokratiya və hüquq paralel getməlidir. Nəzarətsiz nə hüquqi, nə də demokratik cəmiyyət qurmaq olar. Bunun üçün də nəzarət mütləq olmalıdır”.
Beləcə Göyçay səfərimiz başa çatdı. Arxamızda bəzi problemlər və onların həllinə dair vədlər buraxdıq. Ümid edək ki, vədlər havadan asılı qalmayacaq…
Ülviyyə Şahin