ÖLKƏ
10:00 / 18.08.2022
288

Vətən müharibəsi qazisi "Dominos Pizza"dan şikayətçidi: Köhnə pizza veriblər

İkinci Qarabağ Müharibəsi veteranı Cavid Əliyev "Dominos Pizza”dan şikayətçidir.
 
Cavid Əliyev Qaynarinfo-ya bildirib ki, avqustun 16-da "Dominos Pizza”dan "Pizza Kalipso” sifariş edib. Lakin pizzanın köhnə olduğunu bildirir. "İki dilim yedim ürəyim bulandı. Zəhərlənmə oldu, qaytardım. Dadından da görünürdü ki, inqridientləri köhnədir”, - deyə Cavid Əliyev bildirib.

Onun sözlərinə görə, "Dominos Pizza” ilə əlaqə saxlayaraq şikayət edib. "Lakin məsələyə laqeyd yanaşdılar. Gah dedilər istidir, yəqin ona görə olub, gah da dedilər ki, immunitetin zəifdir. Onların laqeydliyindən, "hara istəyirsiniz şikayət edin” sözlərindən sonra qərara gəldim ki, məsələni ictimailəşdirim. Digər tərəfdən, bu qida məhsuludur. Yüzlərlə insan ordan pizza alır. Ona görə də bu iş böyük məsuliyyət tələb edir”, - Qarabağ veteranı əlavə edib.

Qaynarinfo məsələ ilə əlaqədar "Dominos Pizza” ilə əlaqə saxlayıb. Şirkətin Çağrı Mərkəzinin əməkdaşı Günay Vahabova Cavid Əliyevin onlarla əlaqə saxladığını təsdiqləyib. Lakin iddialarının əsassız olduğunu bildirib. "Şikayətçinin özü də zəhərləndiyinə əmin deyil. Digər tərəfdən, bunu təsdiq edən hər hansı tutarlı sübut yoxdur. Yəni, nə həkim rəyi, nə analizin cavabı və s. Biz də demişik ki, tutarlı sübut təqdim edəcəyi təqdirdə müvafiq tədbir görəcəyik”, - Günah Vahabova vurğulayıb.

Daha sonra "Dominos Pizza”nın ərazi müdiri Rafiq Qəmbərov redaksiyamızla əlaqə saxlayıb. Rafiq Qəmbərov deyib ki, həmin gün 28 ədəd "Pizza Kalipso” satılıb. "Biz həmin vətəndaşlarla da əlaqə saxlamışıq. Heç bir problem olmadığını bildiriblər. Bizim aldığımız məhsullar köhnə ola bilməz. Əvvəla, həmin məhsulları kifayət qədər ciddi şirkətlərdən alınır və sonra ciddi şəkildə yoxlanılır. Özünüz gəlib buna dair sənədlərlə tanış ola bilərsiniz. Biz bütün müştərilərimizə hörmətlə yanaşır, hər hansı şikayətləri olduqda dərhal tədbir görürük. Yetər ki, şikayət əsaslı olsun”, - Rafiq Qəmbərov bildirib.

"Dominos Pizza” ABŞ şirkətidir. Şirkətin təsisçiləri Tom və James Monagan qardaşlarıdır. Şirkətin əsası 1960-cı ildə ABŞ-ın Miçiqan ştatında qoyulub. 

"Dominos Pizza”nın bir çox ölkələrdə, o cümlədən Azərbaycanda françayzı var. Şirkət Azərbaycanda 2014-cü ildə "Domino S” MMC adı altında qeydiyyatdan keçib. MMC-nin qanuni təmsilçisi Məniçöhr Əhədpur Xangah Əli oğludur.

Məniçöhr Əhədpurun adı bu günlərdə həbs edilən "Broker” MMC-nin sahibi Əbülfəz Məlikovla yanaşı çəkilir. İddialara görə, Əhədpurla Məlikovun ortaq biznesi var. Əhədpur həm də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs sayılır. Təsadüfi deyil ki, mediada Kəmaləddin Heydərovun biznes imperiyası barədə dərc edilən materiallarda "Domino S” MMC-nin adı nazirə məxsus şirkətlər arasında qeyd edilib.

 

0