Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev adı müəllim kimi işdə gedən deputatları və yüksək vəzifəli şəxsləri bu təhsil ocağından xaric edib.
Hit.az xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb.
Bildirilir ki, BDU-dan uzaqlaşdırılan şəxslər arasında sabiq təhsil naziri Misir Mərdanov, Dövlət Miqrasiya Xidmətinin idarə rəisi general Rza Talıbov, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları Hicran Hüseynova, Rəfael Hüseynov, Ziyafət Əsgərov, Bəhruz Məhərrəmov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və bir sıra vəzifə sahiblərinin adı var.
Məsələ ilə bağlı BDU-dan "Qafqazinfo"ya daxil olan məlumatda deyilir:
“Professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir. Bu müqavilələr də təbii ki, müddətli müqavilə olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır. Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur”.