Bu gün Bakı küçələrində qarşıdan gələn gənclərin əksəriyyətini saqqalda görürük. Saqqallı gənclər ölkəni başına götürüb. Hələ də başa düşə bilməmişəm, bu dəbdi, tənbəllikdi, yoxsa hobbi? Özümə yaxın bildiyim bir neçə gəncdən saqqal saxlamasının səbəbini soruşmuşam. Biri belə cavab verib: “Nə bilim ee, gördüm hamı saxlayır, mən də saxladım”. İkinci də təxminən eyni cür söyləyib: “Saqqaldı daa, kimə neyləyir ki?”
Demək, bu gənclər nə üçün saqqal saxladıqlarını izah da edə bilmirlər.
Ölkəni bürüyən saqqallı gənclərin günü gündən artmasının səbəbini bir neçə dost-tanışlarımdan da soruşmuşam. Məsələn, biri dedi ki, Türk seriallarındakı saqqallı aktyorların obrazı bizimkilərin də başını pozub. Bu versiya əvvəlcə xeyli inandırıcı gəldi mənə. Ancaq sonradan düşündüm ki, seriallar cəmiyətimizdə gənclik obrazına bu qədər güclü, həm də kütləvi təsir edə bilməz. Axı, bizim gənclərin hamısı belə kütləviliyə, sürüdə getməyə bu qədər meyilli deyillər. Maraqlı, orijinal, unikal gənclərimiz də çoxdu, mən bilən. Yəni, bizim gənclər bu qədərmi yüngül seriallar düşkünü, sentimental obrazlar heyranı oldular? İkincisi də, məgər, Türkiyə seriallarına hamı baxır? Nəsə, buna da inana bilmədim. Nə deyim, bəlkə də serial məsələsi doğru versiyadır.
Mənim də yaddaşımın küncündə nə vaxtsa ilişib qalmış bir versiyam var. Ancaq bəribaşdan deyim ki, bu versiya gənclərin kütləvi saqqal saxlaması üçün çox da inandırıcı deyil. Yadımdadı, illər əvvəl namaz qılan bir tanışım dedi ki, hər bir müsəlman kişisi saqqal saxlamalıdı. Fikrini də belə əsaslandırdı ki, saqqallı kişi yatanda gecə mələklər gəlib onun saqqalını sığallayır. Vəssalam, daa! Bu sözlərdən sonra namaz qılanları saxlamaq olar? Tərs kimi də hamısı mələk aşiqi! O dəqiqə saqqal buraxacaqlar! Zarafat deyil, gecələr bundan ötrü mələklər uçub gəlirlər. Təbii ki, bu təlqin də müəyyən qisim möminlər üçün inandırıcı olsa da indiki gənclərin hamısı üçün keçərli ola bilməz. Saqqallı gənclərimizin o qədər sadəlövh olduğuna inanmağım gəlmir.
Saqqallıarın bir sirrini də açmaq istəyirəm. Bir dəfə gənc yazarlardan biri söylədi ki, kirayədə yaşadığım mənzilin həyətində balaca uşaqlar topla oynayırdılar. Mən həyətə girən zaman həmin uşaqlardan biri uzağa diyirlənən topu göstərərək öz tay-tuşu kimi üstümə qışqırdı: “Ayə, o topu bəri vur!” Onda başa düşdüm ki, boyum balaca olduğuna görə uşaqlar elə zənn edib, mən də onların yaşıdıyam. Elə o gündən uşaqlardan fərqlənmək üçün saqqal saxlamağa qərar verdim.
Onda gənc yazar dostumun söylədiyi bu əhvalatın saqqalla nəticələnməsinə xeyli gülüşmüşdük. Əlbəttə, bu məzəli səbəbi də bütün saqqal əhlinə aid etmək olmaz. Çünki, saqqalla hərlənən normal cüssəli gənclərimizin sayı kifayət qədər çoxdu. Ancaq hərdən saqqallı bəstəboy gəncləri görəndə yazıçı dostumun dediyi sözləri xatırlamalı oluram.
Yadımdadı, sovet vaxtı bir azca üzü tüklü adam görəndə dərhal soruşardılar: “Niyə üzü tüklü gəzirsən, olmaya nəsə olub?” Sovet adamları bunu yaxşı xatırlayarlar. Çünki o vaxtlar saqqallı şəxsə demək olar ki, rast gəlməzdin. Saqqalı yalnız əzizi ölən yaslı adamlar saxlayardı, o da bir həftə, uzağı 40 gün çəkərdi. Yəni o vaxtın adamları üzü tüklü gəzməyi heç sevməzdilər. Bığ saxlayanlar olardı, ancaq saqqallı gəzənə rast gəlməzdin. Bığın da yüngülvarisindən qoyardılar. Biz sovet dönəmində lopa bığlı, şeşə bığlı babaları da gördük, ancaq onların geniş götürdüyü həmin o iri həcmli bığları özümüzdə yaşatmağı nədənsə, lazım bilmədik. Əlbəttə, mən burada sosializm quruluşunu tərifləmək fikrindən uzağam, ancaq o dönəmlərin də bu cür yaxşı tərəfləri vardı. Sovet insanlarının kütləvi saqqalsızlığının səbəbi isə onların realist həyat tərzində yaşamaları, üz tükü ilə bağlı yersiz inanc və hobbilərdən uzaq olmaları idi.
Burada bir nüansı da qeyd etmək istərdim. Gənclərimiz doğrudan da serialların təsiri ilə saqqal saxlayırsa bu, çox kədərli tendensiyadı. Onda belə çıxar ki, indiki gənclik yüngül təlqinə uyan, başqasını yamsılamağa meyilli, şəxsi zövqü olmayan bir dəstə kimi formalaşır.
Bəlkə də saqqallı gənclərimizin əksəriyyəti, sadəcə, üzünü qırxmağa ərinir. Yəni, bunlarınkı, əslində, saqqal saxlamaq yox, tənbəllikdir. Bəzilərinin isə üzündəki tük qalağını saqqal yox, pintilik saymaq olar. Saqqala həvəslisənsə, heç olmasa, onu sifətinə yaraşan formada düzəltməli, obraz yaratmalısan. Məsələn, saqqal saxlayan adam uzun saç saxlamalı və başındakı bu iki əlavəni biri-birinə uyğun dizaynda düzənləməlidi. Eyni zamanda saçına da saqqalla uyğunlaşan forma verməlidi. Saqqal və saç saxlayan adamın boyunun uzunluğu, bədən quruluşu da xüsusi rol oynamalıdır. Burada hər şey səliqə və zövqlə ölçülüb-biçilməlidi. Pintiliklə, necəgəldi tük uzatmaqla saqqal saxlamağı qarışıq salmaq olmaz.
Adama elə gəlir, indiki gənclər kişi xeylağına aid olmasını göstərmək üçün üzü tüklü gəzməyi mütləq şərt kimi qəbul ediblər. Yəni, kişisənsə, mütləq üzün tüklü olmalıdır. Sanki, bu qiyafədə gəzməyi onlara hansısa gizli qüvvə əmr edib. Yenə deyirəm, saqqal saxlamağının səbəbini özlərindən soruşanda heç bir normal cavab ala bilmirsən. Ancaq ölkəni üzü tüklü gənclər başına götürüb. Oturub bütün günü bitli saqqalı ilə oynayan boyarlara saqqal qadağası, saqqal vergisi qoyan I Pyotru indi yaxşı başa düşürəm. Əlimdə ixtiyar olsaydı, şəxsən mən də indiki gənclərə saqqal qadağası qoyar, onları bu tükbasma qəflətindən oyadardım.
Murad Köhnəqala