"Laçın, sən azadsan!" devizi altında tədbir keçirildi - FOTOLAR

ÖLKƏ
10:20 / 07.09.2022
950

“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin təşkilatçılığı və “Azersun Holding”in dəstəyi ilə “Laçın, sən azadsan!” devizi altında şəhid ailələri və qazilərlə birgə tədbir keçirilib. 

Yazıçı-jurnalist Gülnarə İsrafil tədbiri açıq elan edib. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edən “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev qonaqları salamlayaraq 44 günlük müharibədən sonra Laçın şəhəri, Zabux və Sus kəndlərində üç rəngli bayrağmızın dalğalanması münasibətilə təbriklərini çatdırıb. Ali Baş komandanın “Dəmir yumruq”unun həmişəki kimi yerində, müzəffər ordumuzun isə hər zaman hazır olduğunu bildirən QHT sədri şəhidləmizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb. Tədbirin keçirilməsində “Azersun Holding”ə yaratdığı şərait üçün təşəkkürlərini çatdıran Emin Tarverdiyev “Vətən Bağı” STİB adından bu tədbirdə əməyi olan hər bir kəsə minnətdarlıq edib.

Laçınlı alim Arif Gürşadoğlu çıxış edərək Laçının Azərbaycan üçün necə əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Laçın şəhəri, Zabux və Sus kəndlərində artıq Azərbaycan üç rəngli bayrağının dalğalanması münasibətilə hər kəsi təbrik edən alim belə tədbirlərin hər zaman keçirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Alpaqut Federasiyasının ideoloji və təşkilati məsələlər üzrə vitse prezidenti, Azərbaycan Vətən Müharibəsi veteranları ictimai birliyinin fəxri üzvü, bəstəçi Fərahim Sadiq bütün laçınlılara göz aydınlığı verib, bir daha xalqımıza belə ağrı-acılar yaşamamağı arzulayıb. Gənclərin vətənpərvər ruhunda böyüməsində əllərindən gələni əsirgəmədiklərini söyləyən federasiya nümayəndəsi belə tədbirlərin müntəzəm olaraq keçirilməsinin lazımlı olduğunu diqqətə çatdırıb. Şəhid ailələrinin və qazilərimizin diqqətdə saxlanılmasına böyük önəm verilməsini qeyd edən Fərahim Sadiq 44 gündə ordumuzun keçdiyi şərəfli yola nəzər salıb, oğullarımızın qəhrəmanlığından söz açıb.

İş adamı Hüseyn Asıktürk bu tədbirdə böyük fəxrlə iştirak etdiyini, şəhid əmanətlərinə hər zaman sayğı və diqqətlə yanaşılmağın vacibliyini qeyd edib. “Çünki onlar bizlərə əmanətdi” deyən iş adamı Laçının azadlığı münasibətilə xalqımıza təbriklərini çatıdırb.

Müğənnilərdən Ofelya Şabanova, Əlfəddin Kərimov, Nahid Cəfəroğlunun ifaları alqışlarla qarşılanıb. Şəhid baş leytenant Hikmət Səfərovun oğlu Azər Səfərovun atasına həsr etdiyi mahnı və körpələrin şəhidlərimizə həsr etdikləri şeirlər tədbir iştirakçılarına kövrək anlar yaşadıb.

Tədbirin sonunda şəhid övladları üçün şou təşkil edilib. Fokusçu Namil Aslanın maraqlı seansları, kloun və göygöz kosa personajının tədbirdəki çıxışı, şar və köpük şou şəhid əmanətlərinin sevincinə səbəb olub.

Yekunda “Vətən Bağı” STİB-in həmtəsisçisi Elmar Hüseynov və sədr müavini Xəyalə Əfəndiyeva bütün tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər. Onlar belə tədbirlərin mütəmadi olacağını qeyd edərək əziyyət çəkən hər kəsə təşəkkürlərini çatdırılıblar.

0