Bakı şəhəri, Nəsimi rayon sakini Elmira Yusifova evlərinin yaxınlığında bina tikintisi aparan şirkət tərəfindən həyatlarının təhlükəyə atıldığını bildirir.
“Qafqazinfo”ya müraciət edən vətəndaş deyir ki, evləri Abbas Səhhət 33 ünvanında yerləşir. Tikinti isə həmin küçənin digər 3 küçə ilə kəsişməsində aparılır, aparılan qazıntı və betonlama işləri nəticəsində artıq evdə iri çatlar əmələ gəlməyə başlayıb.
E.Yusifovanın sözlərinə görə, tikintinin dayandırılmasına dair əllərində məhkəmə qərarı olsa da, şirkət rəhbərliyi heç nəyə əhəmiyyət vermədən işinə davam edir: “Dəfələrlə müraciət etməyimizə baxmayaraq, “Anima” MTK heç kimə və heç nəyə məhəl qoymur. Düzdür, əvvəl tikinti başlayanda bizə dedilər ki, evdən çıxın, yeni tikilən binada sizə mənzil veriləcək. Biz də razılaşdıq. 283 kvadrat metrlik həyət evimizin qarşılığında 341 kvadrat metrlik bina evi veriləcəyini dedilər. Biz də əşyalarımızı yığıb hazır olduq ki, kirayə mənzilə köçürük. Bina hazır olanda qayıdarıq. Guya vəd vermişdilər ki, ilk iki ayın kirayə pulunu da verəcəklər. Lakin 3 gün sonra biz MTK rəhbərliyi ilə görüşəndə orada Novruz adlı şəxs dedi ki, sizə 341 yox, 270 kvadrat metrlik ev veriləcək. Bir gün sonra isə ümumiyyətlə bu təklifdən də imtina olundu.
İndi tikinti davam edir, evimiz də gündən-günə çartlayaraq gedir. Sabah bir qəza olsa, onda kim cavab verəcək? Burada azyaşlı uşaqlarımız yaşayır. Novruz deyir ki, hadisə olsa, “bir dənə "prorab" göndərəcəyəm, gedib 5 il yatacaq”.
Vətəndaşın sözlərinə görə, mübahisə ilə bağlı məhkəməyə müraciət ediblər: "Bakı İnzibati Məhkəməsi iddiamızı təmin etdi və ərazidəki tikintinin dayandırılması ilə bağlı qərardad çıxardı. Vəziyyət o yerə çatdı ki, hakim şəxsən özü gəlib əraziyə baxdı. Bizim evə girəndə ilk sözü bu oldu ki, “burada insan yaşayar?” Yəni evin divarları uçmağa hazır vəziyyətdədir. Hakim iddianı təmin etdi. Bundan sonra tikinti bir neçə günlük dayandırılsa da, sonra yenidən başladılar. Hazırda bina üçün böyük bünövrə qazılır. İstər-istəməz yer silkələnir, divarlarda çat yaranır”.
Məsələ ilə bağlı "Anima" MTK-nın daxil olduğu "Capital City" şirkəti ilə əlaqə saxladıq. Şirkətin satış ofisindən bildirildi ki, məsələ ilə bağlı səlahiyyətli şəxslər açıqlama verə bilər. Rəhbərliyin hazırda ofisdə olmadığı, daha sonra özlərinin əlaqə saxlayacaqlarını qeyd etdilər. Lakin şirkətdən müraciətimizə geridönüş edən olmadı.
Ədliyyə Nazirliyinə də məhkəmə qərarının nəyə görə icra olunmaması ilə bağlı sorğu ünvanladıq. Məhkəmə qərarlarının icrası nazirliyin tabeliyindəki İcra Baş İdarəsi tərəfindən təmin olunur. Lakin nazirlikdən sorğumuza cavab verilmədi.
Xatırladaq ki, bir müddət Fövqaladə Hallar Nazirliyinin qoyduğu qadağaya baxmayaraq, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə ünvanında da qanunsuz tikinti aparılırdı. Məsələ ictimailəşəndən sonra qurum tərəfindən qanunsuz tikintidə söküntü işləri başladıldı.