O, anasız böyümüşdü. Anası onu böyüdən bibisi olmuşdu, bir də qoxusunu ciyərlərinə çəkməkdən doymadığı Vətən torpağı. Beyləqanın İkinci Aşıqlı kəndinin geniş düzənləri kimi böyük idi ürəyi, azad idi ruhu.
Əslində Bakıda doğulmuşu, 3 qardaşın ən böyüyü idi Mir Talib. Lap balaca yaşlarda anasını itirincə bibisi onu qoynuna çəkmişdi, məktəbə də Beyləqanda getmişdi. Ana sevgisini vətəndə tapmışdı bu igid oğul.
Hərbi xidmətdən sonra qalıb xidməti davam etdirmək istəmişdi. Boylu-buxunluydu, igid idi, cəsur idi, çevik idi, hər çətin durumdan çıxmaq üçün asanlıqla həll yolları tapırdı, elə buna görə də Sərhəd Qoşunlarının Çevik Alayından fiziki hazırlığı yüksək olan bu gizirimiz komando kurslarına cəlb edilmişdi. Komando olmaq asan deyil. 3 mərhələli imtahandan keçməlisən, hər dəfə ayrı-ayrı qabiliyyətlər üzrə sınağa çəkilirsən. Onu isə yüksək hazırlığına görə, imtahan etmədən təlimlərə qatmışdılar.
Söhbət dünən torpağa tapşırılan şəhidimiz Mir Talib Elmdar oğlu Ağazadədən gedir. 29 yaşında Vətən qarşısında son borcunu verərək dünya ilə vidalaşdı, digər şəhid qardaşlarına qovuşdu.
Çoxlu sayda əməliyyatlarda iştirak etmişdi, dostlar qazanmışdı. Silahdaşları onun olduğu əməliyyatlardan danışanda deyirlər ki, Mir Talib bir qoşuna bərabər oğul idi.
Maraqlı bir hekayəsi olub. Orduda xidmət edən yüksək rütbəli həkimlərdən biri ilə yaxın dost olub. Həkimin uşaqlıq illəri Rusiyada keçib, orda təhsil alıb. Amma müharibə günlərində vətənə qayıdıb, dəstək olmaq üçün. Tez-tez görüşüb, danışıb gülüblər. Mir Talib şəhid olanda onun bədənindən gülləni də ağlaya-ağlaya həkim dostu çıxarıb. Amma onu ölümün əlindən ala bilməyib, deyirmiş açıq döyüşdə kimsə Mir Talibin dəmir biləyini bükəmməzdi, namərd gülləyə tuş gəlməsəydi.
Şəhidi dəfn etmək üçün özü də gəlib Beyləqana. Dostunun dəfn olunduğu İkinci Aşıqlı kəndi dostunun da baba yurduymuş. Heyrətlər içində gəlib və nə görsə yaxşıdır? Qardaşdan da əziz bildiyi dostu əslində doğmaca əmisi oğluymuş. Onları bir-birinə bu qədər yaxın edən qan bağı olub bəlkə də.
Mir Talib 1 il öncə ailə qurmuşdu. Ata olmaq arzusu vardı, amma bunu görmədi. Bəlkə də ruhu gülümsünür göylərdən... Öz balası olmasa da, qardaşlarının balaları azad etdiyi torpaqlarda at çapacaq, əmilərini rəhmətlə anacaqlar.