Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Qeyd olunub ki, qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.
Təxribatlar nə zamana kimi davam edəcək?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, sərhədlər müəyyənləşmədikcə yeni sərhəd toqquşmaları, hətta qarşı tərəfin təxribatı nəticəsində genişmiqyaslı müharibənin başlanması hər an mümkündür:
“Ehtimal edilən savaş hər iki tərəf üçün arzuolunmazdır. Amma bu, Ermənistan üçün fəlakət deməkdir. Deməli, İrəvan regional ritorikasında diqqətli olmalı, sərhədlərin müəyyənləşdirilməsinə tələsməlidir. Başa düşmək lazımdır ki, delimitasiya və demarkasiya prosesinin reallaşmaması kənar qüvvələrin regiona təsir imkanlarını artırır. Bu, İrəvan sərf etmir. Ona görə də Ermənistan hakimiyyəti məntiqli davranmalıdır. Digər tərəfdən, Ermənistan baş nazirinin müavini, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə dəlimitasiya komissiyasının üzvü Mehr Qriqoryan dünən Rusiyaya səfər edib. Onun Avrasiya İqtisadi İttifaqının iclasından iştirak edəcəyi bildirilib. Çox güman ki, Qriqoryan görüşəcəyi şəxslərlə Cənubi Qafqazdakı durumu da müzakirə edəcək. Krem rəsmilərinin baş nazirin müavininə hansısa tapşırıqlar verməsi istisna deyil”.
O, qeyd edib ki, Ermənistan iqtidarının təxribatlarda maraqlı olmasından və ya iradəsizlik göstərib başqalarının sifarişlərini yerinə yetirməsindən asılı olmayaraq, nəticə dəyişmir:
“İrəvan sərhədlərin müəyyənləşdirilməsini istəmir. Bu isə o deməkdir ki, biz BMT-nin işini icra etdiyimiz kimi, indi də üçtərəfli komissiyanın işini görməli, sərhədlərin delimitasiya və demarkasiyanı özümüz həyata keçirməli olacağıq. Əgər Ermənistan razılıqlardan yayınarsa, o zaman onların təxribatlarına cavab olaraq qarşı tərəfə təyziq göstərməyə haqqımız var”.