"8 billion people" mahnısı ilə həyatını dəyişən Leyla: "Sülhsevər xalqımızı təmsil edirəm" - MÜSAHİBƏ

ÖLKƏ
21:11 / 09.10.2022
5344

"Beynəlxalq bir QHT-də komandamla birlikdə Milli Koordinator kimi Azərbaycanı təmsil edirəm".

Bunu Hit.az-a müsahibəsində ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsi üzrə məzunu, Gənc Avropa səfiri və musiqiçi Leyla Tağıyeva deyib.

- Leyla xanım, yüzlərlə gənc Avropa səfirimiz var. İlk öncə onların içindən seçildiyinizə görə, sizi səmimi qəlbdən təbrik edirəm. 

- Təşəkkürlər, minnətdaram!

- Özünüz haqda danışın. Gənc Avropa səfirimiz kimdir? 

- Mən, Leyla Tağıyeva, ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsi üzrə məzunu, Gənc Avropa səfiri və musiqiçiyəm, 22 yaşım var. 

- Hazırda bu işinizlə paralel hansısa vəzifəniz varmı?

- Paralel bir neçə işlə məşğulam. Dövlət qurumlarının birində çalışıram, həmçinin, beynəlxalq bir QHT-də komandamla birlikdə Milli Koordinator kimi Azərbaycanı təmsil edirəm. Musiqiçi və vantroloq kimi “Səs Azərbaycan” və “Mərkəzi Asiya Talant Şousu”nda iştirak etmişəm. Bir neçə dildə mahnı yazıb ifa edirəm. Səyahəti çox sevirəm, 30-a yaxın ölkədə olmuşam və bunların əksəriyyəti demək olar ki, pulsuz başa gəlib. 

- "8 billion people" (8 milyard insan) mahnısı həyatınızı dəyişdi. Bu mahnıdan danışaq. Sözləri tamamilə sizə məxsusdur?

- Bəli, 2022-ci ilin iyul ayında bu mahnını yazıb, “Səsimiz Gələcəyimizdir” layihəsi çərçivəsində Avropa İttifaqına təqdim etmişəm.

- Təbii ki, bu cür qlobal layihənin mahnınız ətrafında qurulması qürurvericidir. İstərdim buna münasibət bildirəsiniz. Azərbaycanlı gənc olaraq sülh haqda mahnı ifa etmisiniz. Bu mahnıdan sonra iş təklifləri olubmu?

- Yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Mən bu mahnı vasitəsilə dünya gənclərinin fikirləri ilə yanaşı, həm də, sülhsevər xalqımızı təmsil edirəm. Avropa İttifaqının strukturu haqqında çox dərslər götürmüşəm, müxtəlif layihələrində isə illərdir iştirak edirəm. 2019-cu ildə, hətta Brüsseldə Avropa Parlamentinin Baş qərargahında 1 ay çalışıb, təcrübə proqramı keçmişəm. Tarixi anlara şahid olmuşam-Avropa Komissiyasının indiki Prezidenti xanım Von der Layenin seçkisində şəxsən iştirak etmişəm. Düzdür, səsvermə hüququm yoxdur, amma ən azından bu cür böyük siyasi fiquru canlı görüb fikirlərini eşitmək və onunla şəkil çəktirmək, bir gənc diplomat üçün çox məna kəsb edir. Musiqi ilə isə uşaqlıqdan məşğulam, daha çox hobbi kimi. 

- "Avropa Birliyi azərbaycanlı qızın mahnısını seçdi" başlıqlı xəbərlər bütün xəbər saytları və sosial medianı bəzədi. Buna görə kimə minnətdar olardınız? Yəni Leyla bu yerə gəlib çıxmasında kimə təşəkkür edir?

- Başda ailəm. Çünki motivasiyamın əksəriyyətini onlardan alıram, hər qərarımda mənim yanımdadırlar. Bu isə mənə çox vacibdir. Daha sonra dostlarım və sevincimi mənimlə paylaşan hər kəs. Pis xasiyyətim var ki, dəstəkləndiyimi bilmədiyim şəraitdə ola bilmirəm. Buna görə də, fəaliyyətlərimin işıqlandırılması və daim insanlar tərəfindən dəstək olunmağım mənim üçün önəmlidir. Təbii ki, layihənin hazırlanmasında əziyyəti keçən insanlara da təşəkkür borcluyam. Səfir Mixalko, Koordinator Nazənin Cavadova və Avropa Xarici Fəaliyyət Xidmətinin kreativ komandasındaki Kristina Marasescu başda olmaqla hər kəs. Sonda isə, siz və sizin timsalınızda azərbaycanlı gənclərin uğurlarını işıqlandıran bütün media nümayəndələrinə minnətdarlığımı bildirirəm. 

- Son olaraq, məqaləni oxuyan gənclərə tövsiyyəniz nə olardı?

- Bu layihə məndəki iki fərqli personajı birləşdirdi. Çox adam mənə siyasət və musiqinin əlaqəsiz olduğunu və birini seçməli olduğumu deyirdi. Amma məni hər zaman mən edən kütlədən fərqlənmək arzum olub. Məni izləyən və bu xəbəri oxuyan gənclərə demək istərdim ki, həyatda hər şey mümkündür. Tək lazım olan inandığın yoldan dönməmək, çox çalışmaq və əziyyətini dəyərləndirən insanlarla özünü çevrələməkdir.

Xəyal Abdullayev

0