Oktyabr ayı Gəncə əhalisi üçün həm mətanətlik, həm də hüzn ayıdır. Çünki 44 günlük Vətən müharibəsinin arxasında “səngər qazan” erməni terroru 2 il əvvəl Gəncənin yanaqlarını qana boyamağa çalışmışdı…
Mənim üçün Gəncə terroru həmişə bu əhvalatın ətrafında dövr edib. Kino lenti kimi bu hadisənin fövqündə gözlərimdə canlanıb.
Monitora yaxın oturun, həmin hadisəni sizlərə də danışım:
10 oktyabr 2020-ci il, saat 21-22:00 radələri...
Xalamgilin ailəsi yeddi illik həsrətdən sonra ilk nəvələrinə qovuşurlar. Gəncənin xəstəxanalarının birində xalamın böyük oğlunun iki əkiz övladı dünyaya gəlir.
Əkiz oğlanların gəlişi nəsildə, kökdə böyük bayrama çevrilir. Amma doğum evinin qarşısına toplaşan Bağırovlar ailəsinin üzündə qəribə bir narahatlıq da var. Cəmi bir həftə əvvəl ermənilər Gəncəni ağır silahlarla vurublar. Əkizlərin dünyaya gəlməsindən 24 saat əvvəl də düşmən Gəncə əhalisinin səbrini sınağa çəkmişdi.
Amma gəncəlilər düşmənin bu cür amansızlığından qorxmurdular, “nabarot, qızışıyor”dular.
Ölkədə müharibə gedir, kəndlərə, şəhərlərə şəhidlər gəlir. Eyni zamanda torpaqlarımız 30 ildən sonra işğaldan azad olunur.
Bəlkə də xalamın əkiz nəvələri ərazi büövlüyümüz uğrunda şəhadətə ucalan iki şəhidin yerini doldurmaq üçün ulu Yaradan tərəfindən bu xalqa ərmağan göndərilib, kim bilir.
Xalamgilin ailəsinin xəstəxana önündə toplaşdığı vaxt ermənilər Gəncəni yenə də “Smerç”lə vururlar. Mərmi elə xalamgilin yaşadığı evin yaxınlığına düşür. Qonşuluqdakı evlərə ziyan dəyir. Hətta xəsarət alanlar da olur. Həmin vaxt xalamgilin evində xoşbəxtlikdən heç kim olmur və bəlkə də əkiz körpələr öz valideynlərini, nənə-babalarını bilmədən düşmən mərmisindən qoruyurlar.
Üç gün sonra əkizlər və onların anası xəstəxanadan evə buraxılır. Yeddi ildən sonra xalamgilin həyəti də gülür, bağı-bağçası da. Çünki ulu Tanrı yeddi illik sınaqdan sonra onların ailəsinə iki gül kimi bala göndərib. Amma insanların üzündə yenə də bir narahatlıq hiss olunur. Gülüş pərdələrinin arasından qəribə bir nigaranlıq boylanır.
Dörd gün keçir. Ermənilər Füzulinin işğaldan azad edildiyi gün cəbhədəki məğlubiyyətlərinin heyfini yenidən Gəncə və gəncəlilərdən çıxmağa çalışırlar. Gecə saatlarında, şəhər yatarkən ölkənin ikinci ən böyük şəhəri dördüncü dəfə vurulur. Xeyli sayda mülki şəxs həlak olur. Yaralılarımız xəstəxanalara çatdırılır.
Mərmi səsinə əkiz körpələr də yuxudan oyanır, ağlamağa başlayırlar.
Bağırovlar ailəsi əkizləri daha təhlükəsiz, mərmi səslərinin eşidilməyəcəyi, körpələri səksəndirməyəcəyi bir evə çıxarmaq qərarına gəlirlər.
Artıq Gəncə əvvəlki kimi təhlükəsiz deyil. Onlar balaca əkizlərlə Gəncədən 18 km aralıda yerləşən Şəmkirin Ağlavaşlı kəndinə üz tuturlar. Cəmi bir həftəlik körpələri erməni mərmisindən qorumaq üçün...
Bəlkə də 7 ildən sonra Allah tərəfindən göndərilən bu iki körpə bütün ailəni növbəti düşmən mərmisindən qorudu. Sanki cəmi bir neçə günlük körpələr qundaqda yox, səngərdə dayanıblarmış...
Amma özləri heç vaxt bunun fərqində olmayacaqlar.
...Və... indi iki yaşları olan əkiz Bağırovlar bir həftə ərzində iki dəfə düşmən mərmisinə sinə gərdiklərini, ailələrini də həmin mərmilərdən xilas etdiklərini heç vaxt xatırlamayacaqlar...
Mənbə: Publika.az