“Qadın liderlər məktəblərdə yetişməlidir” - Ekspert milli təhsil sistemində boş buraxılan vacib məsələ barədə

ÖLKƏ
14:12 / 26.10.2022
828

Azərbaycanda qadınların idarəedici, qərarqəbuledici vəzifələrdə çalışması üçün hüquqi baxımdan heç bir maneə olmasa da, cəmiyyətimizdə hələ də qadınların yüksək vəzifələrdə təmsilçiliyi qanedici səviyyədə deyil. Baxmayaraq ki, ailədə əsas yükü öz çiyinlərində daşıyan Azərbaycan qadını bu baxımdan böyük potensiala malikdir. Qadınların ictimai-siyasi həyata cəlb olunmasının yolu isə onların davamlı təhsil almalarından, hələ erkən yaşdan liderlik bacarıqlarının formalaşdırılmasından keçir. Bəs görəsən qızların davamlı təhsili, onlarda liderlik bacarığının formalaşdırılması üçün hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac var? 

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, dünya ölkələrində hələ ibtidai siniflərində şagirdlərdə bu bacarıqların formalaşması üçün xüsusi proqramlar həyata keçirilir. Azərbaycanda isə təhsilin əsas prinsipi ali məktəblərə qəbula hədəflənib.

Ekspert bildirir ki, orta ümumtəhsil müəssisələrində təhsil alan 1,6 milyon şagirdin 750 minini qızlar təşkil edir. 9-cu sinifdən isə qız şagirdlərin sayı azalmağa başlayır. Bununla belə ali məktəblərə qəbul imtahanlarında 3 və 4-cü qruplarında qız şagirdlərin sayı çoxluq təşkil edir. Bu qruplar üzrə təhsil alanların idarəçilik bacarıqları daha yüksək olur. 

Həmsöhbətimiz deyir ki, Azərbaycanda abituriyentlərin əksəriyyətinin bilikləri əzbərçilik üzərində qurulduğundan, onların öz fikirlərini ifadə etmək bacarığı aşağı olur. Bunu aradan qaldırmaq üçünsə mütləq uşaqlara liderlik keyfiyyətlərini aşılayan, inkişaf etdirən, natiqlik bacarıqlarını artıran məktəblərin olması vacibdir. Ekspertin fikrincə, şagirdlərdə özünəinam və özünü ifadə etmə bacarıqları formalaşdırılmalıdır. Bu mənada əsas yük orta təhsilin üzərinə düşür: 

“Çünki, orta ümumtəhsil təhsilin ən uzun pilləsidir. Orta məktəbin müddəti 11 ildir. Digər təhsil pillələri isə dörd, üç ildir. Həmçinin orta təhsildə şagirdlərin sayı çoxdur. Ali məktəblərdə təhsil alanların sayı 187 mindirsə, orta təhsildə bu rəqəm 1,6 milyondur. Ona görə də, liderlik bacarıqlarının aşılanmasına ümumtəhsil müəssisələrindən başlanılması daha effektlidir”.

K.Əsədovun fikrincə, şəxsiyyətyönümlü təhsilin də əsasında bu məqam dayanır: “Biz cəmiyyətə yararlı, əmək bazarının tələblərinə uyğun vətəndaş yetişdirmək istəyiriksə, bu zaman orta ümumtəhsil müəssisələrindən başlayaraq şagirdlərdə bu bacarıqları formalaşdırmaqda daha çox maraqlı olmalıyıq”.

Ekspertin qənaətinə görə, xüsusilə qızlarda liderlik qabiliyyəti formalaşdırılarsa, onların gələcəkdə ictimai-siyasi həyatda təmsilçiliyi, yüksək vəzifələrdə, idarəedici işlərdə çalışmaq şansı yüksək olar. 

“Qızlar gələcəyin anası, övlad yetişdirən əsas varlıq olduğundan”, K.Əsədov qızlarda liderlik bacarıqlarının formalaşdırılmasının vacib olduğunu söyləyir. O, bildirir ki, bu, gələcəkdə dünyaya gələcək uşaqların təlim-tərbiyəsinə, inkişafına da müsbət təsir edir: 

“Aparılan təhlillər göstərir ki, belə qadınlar dünyaya gətirdiyi övladının tərbiyəsinə, onun cəmiyyətdə layiqli yer tutmasına daha çox qayğı göstərirlər. İsveç alimlərinin bununla bağlı tədqiqatları var. Həmin tədqiqatlar zamanı üzə çıxıb ki, təhsilli, liderlik xüsusiyyətləri olan qadınların övladlarının uğurlarında onların xüsusi payı var. Qadının təhsilli olması, ictimai-siyasi həyatda aktivliyi uşaqların gələcəyinin parlaq olmasına təsir edir”.

Həmsöhbətimiz deyir ki, liderlik qabiliyyəti olan qadınlar idarəedici işlərdə çalışmağa can atır, mental dəyərləri, bu stereotipləri aşmağa nail olurlar:

“Bu gün ölkəmizdə qadınlar daha çox təhsil və səhiyyə sahəsində çalışırlar. Məktəb direktorlarının 80, orta məktəb müəllimlərinin 81 faizi qadınlardır. Bu, əsasən mental xüsusiyyətlərlə bağlı olsa da, artıq Azərbaycan qadını idarəedici və qərarqəbuledici instansiyalarda da təmsil olunur. Bu gün parlamentdə, nazirliklərdə, bələdiyyələrdə qadın rəhbərlərin olması müsbət haldır. Çünki, qanunvericilik, dövlət qulluğuna qəbul qaydaları qadınların rəhbər vəzifələrə təyinatını dəstəkləyir”.

K.Əsədov hələ orta məktəblərdən qızlarda liderlik qabiliyyətinin formalaşdırılmasının onların karyerasına müsbət təsiri olacağını deyir. Onun sözlərinə görə, bu baxımdan məktəblərdə qızların təhsilə marağının artırılması, onların cəmiyyətdə öz yerlərini tutmaları üçün davamlı təlimlərin keçirilməsi vacibdir. Qızlarda liderlik qabiliyyətinin formalaşdırılması onların təhsilə marağını da artırır.

Ekspertin fikrincə, bu, həm də qızları erkən nikahdan çəkindirərək, davamlı təhsilə cəlb edir: 

“Liderlik bacarıqlarının aşılanması qızların ali təhsil almasına, özlərini sərbəst ifadə etməsinə, çalışdıqları sahədə önə çəkilməsinə, bir sözlə uğurlu karyera qurmasına gətirib çıxardır”. 

Qeyd: Bu məqalə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsi çərçivəsində yazılıb.

0