“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi “Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini Salyan şəhərində keçirib.
Hit.az xəbər verir ki, Salyan şəhər 2 saylı tam orta məktəbində keçirilən tədbirdə “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin sədr müavini Nəbili Emin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim hematoloqu İradə Səməd-zadə, məktəbin direktoru Aynur Əsgərova, 1, 2, 7, 8 və 9 saylı məktəblərin müəllimləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Emin Nəbili layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildiyini bildirib. E. Nəbili bildirib ki, tədbirin məqsədi dövlətin talassemiyanın yayılmasının qarşısının alınmasında, qan donorluğu ilə bağlı gördüyü işlərə ictimai dəstəkdir. Layihə rəhbəri təşkilat barədə iştirakçıları məlumatlandıraraq ölkədə talassemiya və qan donorluğu barədə vəziyyətdən danışıb. Talassemiya xəstəliyinin yayılmasının qarşısının alınmasının əsas yollarından birinin əhalinin maarifləndirilməsi olduğu diqqətə çatdırılıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim hematoloqu İradə Səməd-zadə xəstəliyin ən çox dəniz sahili ölkələrdə rast gəlindiyini bildirib: “Xəstəlik hemoqlobin sintezinin pozulması ilə müşayiət olunur. Nikaha daxil olan cütlüklərdə hər ikisində talassemiya daşıyıcılığı varsa onların dünyaya gətirəcəyi övladlarında 25 faiz xəstə doğulacağı riski vardır. Bu xəstələr uşaq yaşlarından müvafiq müalicəni almasalar vəfat edirlər. Əgər cütülklərdən birində daşıyıcılıq varsa xəstə uşağın doğulması ehtimalı yoxdur”.
Talassemiyanın müalicə, müayinəsindən danışan hematoloq daha sonra qan donorluğu barədə məlumat verib.
Daha sonra çıxış edən məktəbin direktoru Aynur Əsgərova maarifləndirmə işini yüksək qiymətləndirib. Belə tədbirlərin regionlarda keçirilməsinin əhalinin məlumatlılığının artmasında faydalı olacağını qeyd edib. Özünün qan donoru olduğunu olduğunu bildirən A. Əsgərova bu işdə müəllimlərin də hər zaman iştirak etdiyini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarına “Qan ver, yaşat” adlı bukletlər paylanılıb.