\"Ziyalı yoxluğu\"

14:44 / 07.11.2022
744

Çox uzaq keçmişdə yox, elə bu yaxınlarda, təxminən, siz bu yazını oxuduğunuz andan 5-10 gün əvvəl oturub düşündüm ki, Azərbaycanda kimə inanmaq olar? Azərbaycanda ciddi bir adam varmı? Gəldiyim nəticə: Gördüm ki, yoxdu. 

Vallah, özünü ciddi sayan adamlardan da çox-çox üzr istəyərək demək istəyirəm ki, sizi ya aldadıblar, ya da özünüz özünə bərk yalan danışırsınız. Olmaz belə. Gərək qarşıma qoyub, danlayım? Özünüz anlaya bilmirsiniz? Ayıb deyil? 

Həqiqət mövzusunda mən yalançı bəndəniz bir qədər çıxışlar eləmişəm. Həmin çıxışlardan hissələrə qoyub, uzunçuluq eləməkdənsə, ümumi nəticəni sizə deyim:

Həqiqət deyə bir anlayış yoxdu. Hərəmiz bir həqiqətin yalançısıyıq, başımızı bir yalanla orda-burda girələyirik. İndi özümüzə görə olan həqiqətlər də var ki, onlar heç kimə lazım deyil. Elə özümüzə də lazım olmur. Bəs Azərbaycanda niyə inana biləcəyimiz bir ciddi adam yoxdu? Söhbət təbii ki, ictimai, siyasi, ziyalı sayılan adamlardan gedir. Bu xalqı, bizi aldadan məhz onlardır axı. Səbəblər nədir? Təkcə siyasətmi? Məncə, heç bu da deyil. Üzr istəyirəm, amma əsl səbəbi mən də bilmirəm. 

Hərdən olub, xam xəyallara düşüb, ziyalı olmaq istəmişəm. Elə bilirəm, bu xalqın ziyalısı olmaq asandır. Uşaq olmuşam. Yaşım dolduqca da görürəm ki, heç məndən ziyalı düzəltsələr belə, olan deyiləm. Çünki qorxuram. 

Azərbaycanlılar ziyalılarla mırtlaşır. Nə etmədiyindən, nə deməyindən asılı olmayaraq konkret mırt tuturlar. Kimliyinin də fərqi yoxdur. Səni elə dolayarlar, xəbərin də olmaz. Tərifləyə-tərifləyə məzələnərlər adamla. Necə ki, belə də edirlər. Bir dəfə Manaf Ağayevi tərifləyən bir yazı yazdım. Yazıda ona ağsaqqal, ziyalı demişdim. Başladılar məni söyməyə. O söyən adamlar da toyuna sonra Manaf Ağayevi çağırır, görəndə də şəkil çəkdirirlər. Mahiyyətləri də Manaf Ağayevdir. Ona görə də bu adamlardan baş açmaq olmur. Manaf Ağayevin dediklərini evdə ataları da deyir, amma ataları onlar üçün ziyalıdır. Di gəl, Manaf deyəndə salırlar hoydu hoyduya.

Potensial ziyalı ola biləcək adamlarla da zamanında elə mırtlaşdılar ki, gəl görəsən. Bəz özümüzə kimi ziyalı seçək? Şairi, yazıçını, ya hansısa siyasətçini?

Məsələn, mən aid olduğum ədəbiyyatda da ziyalı görmürəm. Kimdi ziyalı? Anar? Hə, onu ziyalı sayanlar var, heç. Amma saymaqla iş bitsəydi, şəxsən özüm cücəni payıza saxlamazdım bir də. 35 illik minim diktatoru, ədəbiyyatı zəlil günə qoyan, ayaq üstə güclə dayansa da, kreslodan əl çəkə bilməyən adamı ziyalı saymaq olarsa, xahiş edirəm, arada məni də sayın. 

Yoxsa, Ramiz Rövşən? Ramiz Rövşən qorxulu məsələdir. Hələ Ramiz sevdası uzun illər gedəcək, sonradan camaat ayılacaq ki, bu da ziyalı deyilmiş. Qardaşım, bacım, yoldaş, sirdaşım, dissident olan xalq şairimi olar? Xalq şairliyi istəmirəm deyib, xalq şairi olan adamdan ziyalımı olar? Yaxam medala öyrəşməyib deyən, hər cür imtiyaza sahib adamdan ziyalımı olar? Susan, danışmayan, danışmağı unudan adamdan ziyalımı olar? Siz olar deyirsinizsə, mütləq bunları görməzdən gəlib, müdafiə üçün nəsə tapacaqsınızsa, sözüm yoxdur. 

Yoxsa, Rəşid Mahmudov? 

Sizə bu həqiqəti də açıqlayım ki, dərinə gedəndə qınamıram da. Çünki alternativiniz yoxdur. Kim əl atsanız boş çıxır. Qalmısınız çarəsiz. Yüngülvari klassik həqiqətləri deyən adamı, tutub ziyalı eliyirsiniz, sonrası da heç. Nə bilim. Allah bu xalqa ziyalı göndərsiniz. İmam Zaman zühr eləməzdən əvvəl ziyalı gəlsəydi, bundan da nəsibimizi alıb, rahat ölərdik.

Orxan Saffari

0