Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Skal Bakı”nın 26-cı toplantısı təşkil edilib

ÖLKƏ
15:00 / 17.11.2022
863

Qlobal Sahibkarlıq həftəsi çərçivəsində “Skal İnternational” Beynəlxalq Turizm Peşəkarları Təşkilatının Bakı klubunun (“Skal Bakı”) növbəti 26-cı toplantısı keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbir  Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının təşkilatçılığı ilə reallaşıb.

Toplantıda “Skal Bakı” klubunun sədri Ceyhun Aşurov 2008-ci ildən  hər il noyabrın 3-cü həftəsi olaraq, dünyanın 160 ölkəsində , eləcə də Azərbaycanda  “Qlobal Sahibkarlıq Həftəsi” kimi qeyd edildiyini deyib:

“Təbiri keçirməkdə əsas məqsədimiz  turizmçiləri bir araya yığmaqdır.  Sahibkarlıq  mənim üçün dəyər yaradan bir fəaliyyət növüdür. Sahibkarlar bütün  çətin vəziyyətlərdən  öz ideyaları ilə  ayaqda durmağı bacaran şəxslərdir və onlar  dövlət tərəfindən də xususilə dəstəklənir.  Ölkəmizdə  Azərbaycan Sahibkarlar Konfederasiyası özündə 6000 -ə yaxın  biznes  subyektlərini birləşdirir  və 70-ə yaxın Assosiativ üzvü  var. Sevindirici haldır ki, ölkəmizdə sahibkarlıq fəaliyyətində bir şəffaflıq  məsələləri gündəmdədir və yersiz müdaxilələrin qarşısı alınmaqdadır”.

Ceyhun Aşurov son dövrlər dünyada baş verən hadisələrin ilk növbədə turizmə təsir etdiyini  də vurğulayıb: 

"Xoşbəxtlikdən turizm sənayesi özünü tez bərpa edə bilən bir sahədir . Pandemiyalardan, bütün iqtisadi böhranlardan,  müharibələrdən sonra ilk özünə gələn sahə də məhz bizim təmsil etiyimiz turizm sahəsidir.  “Skal İnternational” Beynəlxalq Turizm Peşəkarları Təşkilatı elə bir təşkilatdır ki, dünyada turizm sahəsində olan bütün peşəkarları bir araya yığır .Beynəlxalq təşkilat olaraq, 85 ölkədə mövcuddur və 311 klubda  13 mindən çox  turizm peşəkarını birləşdirir. Bu geniş bir şəbəkədir və bizə də imkan verir ki, biz də Azərbaycan turizmini bu şəbəkə vasitəsilə  dünyaya tanıda bilək, ölkəmizin təbliğatını  daha da güçləndirək”.

Qeyd olunub ki, statistikaya görə 2019-cu ildə dünyada qlobal olaraq 1,5 milyard insan səyahət edib. Pandemiyadan sonra səyahət edənlərin sayınıın getdikcə artacağı , dünya turizmi özünü 70 faiz bərpa edəcəyi gözlənilir. 

Tədbirdə həmçinin , Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının sədri Ruslan Quliyev çıxış edib:

“Turizm sahəsində hədəflərimiz böyükdür. Bu il Qarabağ , Zəngəzur,  işğaldan azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq , bərpa  dövrünü yaşayırıq. Təbii ki,  biz hamımız öz çalışdığımız sahədə  fəaliyyət dairəmizi genişləndirib, öz  işimizlə, əməlimizlə  xalqımıza  xidmət etməliyik.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə  qeyd edib ki, hər bir azərbaycanlı kimi məni də ən çox düşündürən Qarabağın bərpası işləridir. Arzumuz  budur ki, tezliklə biz də bu yerlərə  turistlərimizi gətirək  və onlara tarixi  və milli ənənələrimizi  göstərə bilək”. 

Zeynalov Azərbaycanda sahibkarlığın yaşının  gənc olduğunu deyib  və sayının cox olması üçün  sahibkarlığın  təbliğ olunmasının vacibliyini  söyləyib. 

“Skal Baku” klubunun üzvlərindən  Tərlan Quliyev , Əziz Şiriyev, Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının rəhbəri Göydəniz Qəhrəmanov  da turizm sahəsində  görülən işlərlə yanaşı, mövcud problemləri də qeyd ediblər. 

Gülnarə Əmirqızı

0