Bir zamanlar ədəbiyyatın "son beşiyi" deyilən, əslində, beşikdəcə istedadı boğulan, hələ ta uşaq yaşlarında öz həmyaşıdlarından seçilib "Mən necə Polat Alemdar oldum" adlı roman yazan, bir qədər böyüdükdən sonra yenidən abrına sığınmayaraq ağzına gələni yazıb, "Buri"adlı hekayələr kitabı çıxardan, tam ciddi deyirəm, istedadlı olsa da, bu istedaddan qətiyyən istifadə edə bilməyən Ayxanın növbəti biabırçılığı olan "Pəncərəsiz" adlı "skvaznıyak" edən romanını oxudum.
Deyim ki, romanın mövcudluğu haqqında yazdığım bu kiçik məzəli abzas, Ayxanın romanından min dəfə yaxşıdır.
Romanın özü haqqında isə çox yox, bir-iki cümlə deyəcəm, amma əvvəlcə, Ayxan Ayvazın özünə yüngülvari bir-iki kəlmə demək istəyirəm. Nə bilmək olar, bəlkı görk oldu, nəticə çıxartdı?!
Vaxtı ilə oturub-duranda Ayxan öz "ustad"lığından heç vədə qalmazdı. Kimi gördü, deyərdi ki, bəs roman yazın, mən neçə ildir ki, birini yazıram, əjdaha olacaq. Sən demə, o roman, elə bu roman imiş. İndi Ayxana demək lazımdır ki, sənə əjdaha lazımdı? Amma bizim artıq 30 yaşlı( yaşı ona görə vurğulayıram ki, bunu Ayxanın özü də deyirdi ki, məhz bu yaşda ortaya ciddi nəsə qoymamısansa, bir də yazma.) Ayxana demək lazımdır ki, ta bəsdi, bir də yazma, bir az da həvəsdən düş, əzizim. Gördün olmur, çox da şey eləmə.
Ədəbiyyatın içinə doğulan, özündən yekə kitablar oxuyan, hər yerdə ağız dolusu roman belə getdi, hekayə oralarda bir yerdədi gələcək, povestlə oturub-dururuq, dünən də şeirlə oturub yeyib-içdik deyən Ayxan Ayvaz niyə belə söndü? Bu idi, bura qədər idimi? İndən belə ortaya nəsə qoyacaq? Dəysin elə mənim təpəmə.
Bir sözlə, Ayxanın illərdi ciddi iş altında gördüyü bu əməl də baş tutmadı, bu da o deməkdir ki, Ayxandan çətin yazıçı olar. Uzağı, sadəcə, istedadlı bir şəxs kimi adı çəkilər. Məncə də, layiq olduğu elə ancaq budur və bunun özü də bir uğurdur.
"Pəncərəsiz" romanının bu qədər bərbad olması ona görə yaxşı deyil ki, Ayxan bu mövzunu ən yaxşı şəkildə yazmalı idi. Çünki talehi buna zəmin yaradır. O, bu roman haqqında danışanda da deyirdik ki, yəqin, müasir Azərbaycan əsəbiyyatının ən gözəl romanlarından olacaq. Üzr istəyirəm, heç zırt da olmadı.
Keçək, romanın özündən də bir-iki cümlə deyək, söhbət ölsün.
Roman qeyri-adi tələbənin intihar etmək istəyindən, belə bir fikrinin olduğundan, ölkədə intiharların qadağan olunmasından və "İntihara Azadlıq Təşkilatı"nın yaranmasından bəhs edir. Nahaq yerə. Əslində, bəhs eləmir. Sadəcə, Ayxan bilməyib, öz-özünə danışıb.
Romanı çap olunanda mən hərbi xidmətdə idim, xəbərlər çıxırdı ki, nəşriyyatların bəziləri bu romanı çap eləməkdən imtina edib ki, burada intiharı təbliğ var. Oxuyandan sonra mənə bəlli oldu ki, yalan söhbətdir. Heç bir təbliğ zad yoxdur. Sadəcə, bəzi nəşriyyatlar haqlı olaraq mənasız bir roman olduğunu görüb, çap etməyiblər. Onlara, əslində, təşəkkür düşür.
Romanda İsa adlı qəhrəman, romanın baş obrazıdır. Təhkiyə edən isə İsanın qrup yoldaşı kimi göstərilən Mahirdir. Mahir isə yazıçı olmaq istəyən bir gəncdir. Yəni, burada Mahir elə həm də Ayxandır.
Romanın sujet xətti İsanın ümumi portretindən, xarakterindən, etdiklərindən ibarətdir. Burada yeganə bəyəndiyim məsələ, Ayxanın İsa obrazını, intihar istəyinə uyğun verib. Nə istədiyini bilməyən, adamlardan qaçan, eyni zamanda onlardan diqqət gözləyən bir adam. İntihar etmək istəyən adamın xarakteri məs belə olmalıdır ki, aşağı-yuxarı ətrafımızda intihar etmək istəyənlərin ümdə məqsədi də bu olur. Daha doğrusu, intihar edəcəyinin anonsunu verənlərin.
Əsərin özündə də İsa ətrafındakıların diqqətində olmaq, onlardan qayğı görmək istəyir. Dərinə gedəndə isə İsanın nə istədiyi məlum deyil. Səbəbləri göstərməyə çalışan Ayxan, buna qətiyyən nail ola bilməyib. Əlavə olaraq isə heç bir alternativ yoxdur. Ortada sadəcə, intihar etmək istəyən bir obraz var.
Əsərdə İsanın qrup yoldaşları da ən uyğunsuz personajlardır. Daha dəqiq, Ayxanın işləyə bilmədiyi personojlar. Onlar romanın qayəsini təşkil etsələr də, öndə dura bilmirlər, amma varlar. Romandakı varlıqları konkret olaraq boşluqlarla doludur.
Kəsəsi, çox danışmaq olar. Amma tövsiyyə edərdim ki, Ahmet Kayanın "Penceresiz kaldım anne" mahnısını dinləyib, söhbətin üstündən keçəsiniz. Çox da ciddiyə almayın. Romanı da, Ayxan Ayvazı da.
Orxan Saffari