Sabiq icra başçısı Heydər Əliyevin şəhid ailəsinə bağışladığı ərazini necə zəbt edib - FAKTLAR

ÖLKƏ
11:47 / 29.11.2022
1042

Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun vəzifədə olduğu dövrdə yol verdiyi qanunsuz əməllərlə bağlı mətbuatda silsilə məqalələr dərc olunur. Məqalələrdə diqqət yetirilən məqamlardan biri Arif Qasımovun şəhid ailəsinə məxsus torpaq sahəsini mənimsəməsi və həmin ərazidə yerləşmiş yaşayış evində naməlum səbəblərdən yanğın baş verməsi ilə bağlıdır.  Məlumatlara görə, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən ərazidə Arif Qasımov özünə ofis tikdirib və hazırda Bakı şəhərindəki biznes şəbəkəsini məhz həmin binadan idarə edir. 

Məsələnin ciddiliyini və zərərçəkən tərəfin məhz şəhid ailəsi olmasını nəzərə alaraq sözügedən mənimsəmə idddiası ilə bağlı daha dərin və detallı araşdırma aparmaq qərarına gəldik. 

Beləliklə, araşdırmalar nəticəsində müəyyən etdik ki, Arif Qasımov həqiqətən  şəhid ailəsinə məxsus 0,06 ha (6sot) əraizini qeyri-qanuni şəkildə mənimsəyib.  Özü də söhbət o torpaq sahəsindən gedir ki, həmin ərazi I Qarabağ müharibəsi şəhidi Abbasov Tofiq Hüseyn oğlunun xanımı, 9 uşaq anası Abbasova Rahilə Ələkbər qızına Ulu Öndər Heydər Əliyevin əvəzi ödənilmədən təqdim edilməsi barədə tapşırığı əsasında verilib. 

Araşdırmalar üzə çıxardı ki, şəhid xanımı Rahilə Abbasova 2000-ci il dekabrın 30-da o vaxtkı “Respublika” Sarayında keçirilən uşaqların yeni il şənliyi zamanı Prezident Heydər Əliyevə yaxınlaşaraq ona şəxsən ərizə təqdim edib. Bundan bir neçə gün sonra həmin ərizə baxılması üçün baş nazirin müavini Abid Şərifova göndərilib. Ərizənin əlavə olunduğu məktub Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi, Prezidentin köməkçisi Dilarə Seyidzadə tərəfindən imzalanıb və məktubda xüsusi qeyd olunub ki, məsələ ilə bağlı “Prezidentin göstərişi” var. Beləcə proses sürətli xarakter alıb və müvafiq qurumların hər biri Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən 6 sot ərazinin şəhid xanımı, 9 uşaq anası Rahilə Abbasovanın mülkiyyətinə keçirilməsinə razılıq verib.

Əldə etdiyimiz sənədlər arasında Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı, həmin dönəmlərdə Nizami bələdiyyəsinin sədri vəzifəsində çalışmış Arif Qasımovun özünün də imzası olan məktublar var. O, 23 iyul 2007-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti Memamrlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi A.Abdullayevə göndərdiyi məktubda sözügedən torpaq sahəsinin şəhid xanımı Rahilə Abbasovanın mülkiyyətinə verilməsinə münasibət bildirilməsini xahiş edib. Bakı Şəhər İcra Hakimiyyəti Memamrlıq və Şəhərsalma Baş İdarəsindən Arif Qasımova göndərilmiş 13.08.2007-ci il tarixli 18/038/5170 nömrəli cavab məktubunda torpaq sahəsinin şəhid xanımının adına müstəsna hal kimi sənədləşdirilməsinə razılıq verilib. Arif Qasımov növbəti məktubu Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə göndərib. Adıçəkilən şöbə də 06.02.2008-ci il tarixli, 05/01-26 nömrəli məktubla 6 sot torpaq sahəsinin şəhid xanımının adına sənədləşdirilməsinə razılığını bildirir. 

Nəhayət məsələı ilə bağlı Bakı Şəhər Nizami Bələdiyyəsində Arif Qasımovun sədrliyi ilə iclas keçirilib və qərara alınıb ki, Nizami rayonu Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 6 sot torpaq sahəsi şəhid xanımı Abbasova Rahilə Ələkbər qızının əvəzi ödənilmədən mülkiyyətinə verilsin.

Göründüyü kimi, hazırda Arif Qasımovun çoxmərtəbəli ofisi yerləşən ərazinin tam hüquqlu mülkiyyətçisi məhz şəhid xanımı, 9 uşaq anası Rahilə Abbasovadır. Üstəlik Nizami Rayon Məhkəməsinin 20 fevral 2004-cü il tarixli qərarı ilə Rahilə Abbasova və onun övladları sözügedən ünvanda daimi pasport qeydiyyatına alınıblar.  Buna baxmayaraq, Arif Qasımov icra başçısı olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəhid ailəsinə məxsus torpaq sahəsini ələ keçirməyə nail olub. Şəhid ailəsinə əvvəlcə cüzi miqdarda konpensasiya təklif olunsa da onlar bundan imtina edib. Mübahisə getdiyi günlərdə  şəhid ailəsinin evində qeyri-müəyyən səbəblərdən yanğın baş verib və nəticədə Rahilə Abbasova övladları ilə birgə küçəyə atılıb. R.Abbasova hazırda uşaq baxçalarından birində məskunlaşıb.  Şəhid xanımı iddia edir ki, onun evi məhz Arif Qasımovun göstərişi ilə yandırılıb. Evindən və torpağından məhrum edilməsinə görə ona bu günə qədər konpensasiya ödənilməyib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan (hazırda YAP Nizami Rayon Təşkilatında qeydiyyatdadır - Red) şəhid xanımı deyir ki, Arif Qasımov və yaxın adamları onu bu günə qədər aldadırlar.


Şəhid ailəsinə məxsus olan torpaq sahəsində Arif Qasımovun tikdirdiyi ofis

Qeyd etdiyimiz fakt əslində hüquqi məsuliyyət yaradır. Lakin Arif Qasımov törətdiyi əmələ görə dövlətin müvafiq qurumları qarşısında ifadə verməyib. Vətəndaşın, üstəlik şəhid ailəsinin torpağını mənimsəyən, ərazidəki evin yandırılamsında ittiham olunan vəzifə sahibinin bu günə qədər məsuliyyətə cəlb olunmaması açıq sual doğurur?  Şəhid xanımının fəryadın əlaqədar qurumların reaksiya verməməsi də müəmmalı olaraq qalır. Ulu Öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə şəhid ailəsinə verilmiş torpaq sahəsini mənimsəyən, şəhid övladlarının yaşadığı evi yandırmaqda ittiham olunan, ələ keçirdiyi ərazidə içində üzgüçülük hovuzu olan ofis tikdirən bir məmur hələ də məsuliyyətə cəlb olunmayıb. Arif Qasımovun Ulu Öndərin tapşırığı ilə şəhid ailəsinə verilmiş torpaq sahəsini öz səltənətinə qata bilməsi cəsarətinə isə “heyran” qalmamaq olmur. 

Suallar çoxdur və onlara rəsmi qaydada cavab verilənə qədər məsələni diqqətdə saxlamağa çalışacağıq. Onu da vurğulayaq ki, Arif müəllimin başçı olduğu dövrdə aldadılan sahibkarların da sayı kifayət qədərdir. Onlar hələ də hansısa, torpaq sahəsi, hansısa sənəd üçün ödədiklərini keçmiş başçıdan geri ala bilmrlər. Növbəti araşdırmamızda həmin sahibkarları da danışdırmağa çalışacağıq. 

Mənbə: Rupor.az

0