Özü Mehdiyevin yerinə gəldi, general oğlundan xəbəri yoxdu - 2022-də vəzifəsin itirən MƏMURLAR

ÖLKƏ
14:16 / 01.12.2022
1314
2022-ci ilin bitməsinə cəmi saylı günlər qalıb. 
 
Qaynarinfo bu il ərzində səs-küylə vəzifəsindən çıxarılan məmurlar haqqında məlumat hazırlayıb.
 
AMEA-da hadisələr 2021-ci ildən cəryan etsə də, bu ilin fevral ayına qədər davam etdi. Nəticədə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev 14 fevral 2022-ci ildə AMEA-nın Rəyasət Heyətinin iclasında istefa verəcəyini və ərizəsini Azərbaycan Prezidentinə təqdim edəcəyini açıqladı. Nəhayət 19 fevral 2022-ci ildə AMEA-nın ümumi yığıncağında Mehdiyevin istefası qəbul edildi, prezident səlahiyyətlərini icra etmək birinci-vitse prezident Arif Həşimova tapşırıldı. 
 
28 iyul 2022-ci ildə AMEA-nin bəzi qurumları Təhsil və Mədəniyyət Nazirliyinin tabeçiliyinə verildi və bu qurumun yeni strukturunda 22 elmi müəssisə qaldı. 26.10.2022-ci il tarixdə AMEA-nın prezidenti İsa Həbəbbəyli seçildi. 
 
 
İsa Həbibbəyli prezident vəzifəsində qalsa da, oğlu - Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi, general Səhət Həbibbəyli noyabr ayının 23-də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatdan sonra həm vəzifəsini itirdi, həm də rəhbərlik etdiyi qurum ləğv edildi. İsa Həbibbəyli mətbuata açıqlamasında oğlunun harda olduğunu bilmədiyini demişdi.
 
Yeri gəlmişkən, hələ 2018-ci ildə vəzifəyə gətirilən, "Gömrükdə rüşvət olarsa, istefa verəcəm” deyən Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyev də DTX-nın keçirdiyi əməliyyat zamanı aşkarlanan rüşvət faktlarına görə istefa verməsə də, 16 iyul 2022-ci il tarixində Prezidentin sərəncamı vəzifəsindən azad olundu.
 
 
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu ilin ilk ayında, 19 yanvar 2022-ci il tarixində Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova işdən çıxarıldı. O, da Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq-əməliyyat qrupu tərəfindən keçirilən əməliyyatların "qurbanı” oldu. Nəticədə bacısı oğlu və təyin etdiyi məmurlar rüşvət başında həbs edildi. 
 
 
Uzun illər Bakının və bir sıra bölgələrin qışda istiliklə təminatına cavabdeh olan Yaşar Məmmədəli oğlu Həsənov fevral ayının 7-də "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi.
 
Adı müxtəlif qalmaqallarda hallanan Mehdi İldırım oğlu Səlimzadə fevralın 28-də Prezidentin sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad olundu.
 
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qurumun ayrı-ayrı səlahiyyətli şəxsləri barədə araşdırma aparıb, qanun pozuntuları aşkarladığına görə, mart ayının 3-də Əsgər Əyyub oğlu Ələkbərov "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
 
1995-ci ilin yanvarından bu ilin aprel ayının 12-dək Mərkəzi Bankın İdarə Heyətinin sədri olan Elman Rüstəmov da 2022-ci ildə vəzifəsini itirən məmurlardandır.
 
 
Bu il 71 yaşlı rektor Akif Şamil oğlu Süleymanov üçün də düşərli olmadı. O, insult keçirdiyindən bu ilin əvvəlində bir neçə nəfərin köməkliyi ilə universitetə gəlib-gedirdi. Sonradan məlum oldu ki, onun rəhbərlik etdiyi universitetin dövlətə yarım milyon manatdan çox borcu var. Nəhayət adı müxtəlif rüşvət qalmaqallarında hallanan Akif Süleymanov bu ilin 19 iyul 2022-ci il tarixində  Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edildi. 
 
Bu il ən pozitiv şəkildə yola salınan məmuru Şahin Kərim oğlu Məmmədov oldu. O, 25 iyul 2022-ci il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi və həmin gün rayon sakinləri onu alqışlarla yola saldı.
 
 
Nəhayət vəzifəyə yeni gətirilməsinə baxmayaraq, adı qalmaqallı məmurlar arasında yer alan Elnur Əli oğlu Əliyev noyabr ayının 3-də  mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edildi. Dövlət Təhülkəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçiridiyi əməliyyat zamanı Elnur Əliyevlə yanaşı, qurumun şöbə müdiri də saxlanıldı. 
 
Bu il DTX-nın əməliyyatları zamanı rüşvət və korrupsiya adı hallanan vəzifəli və rütübəli şəxslər də vəzifələrindən azad olunaraq, həbs edildilər. Hazırda onlarla bağlı istintaq hərəkətləri davam etdirilir. Bu siyahıya Naxçıvanın maliyyə naziri Rafael Əliyev, Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov, gömrük generalları - Ehtiram Xəlilov və Məsum Rəsulovu da daxil etmək olar.
 
Qeyd edək ki, yazıda yalnız Prezident tərəfindən vəzifəsindən azad edilən və ölkə başçısı tərəfindən yeni vəzifəyə təyin edilməyən, həmçinin DTX tərəfindən həbs edilən məmurların siyahısı dərc edilib.
0