Türk iş adamını şərləyib həbs etdirən Herve Dammannı Ermənistanın eks-prezidenti ilə nə bağlayır? - İLGİNC DETALLAR

ÖLKƏ
14:51 / 19.12.2022
599
Fransanın "Thales International” şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq müdiri, bu ilin fevralında şərlənərək həbs olunan və hazırda məhkəməsi davam edən Mehmet Şahana qarşı qurulan tərtiblə bağlı çox maraqlı detallar üzə çıxıb. 
 
Türkiyəli iş adamı, "Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən təxminən 8 milyon manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilərək bu ilin fevralında həbs olunan Mehmet Şahanın işi ətrafında dramatik nüanslar artmaqdadır. 
 
İş adamının özünün və ailə üzvlərinin də bildirdiyi kimi, ona qarşı irəli sürülən ittihamları qəbul etməyən, şirkətin baş ofisindəki açıq ermənipərəst səlahiyyət sahiblərinin Azərbaycandakı "tərəfdaşları” ilə birlikdə qurduqları tərtibin qurbanı olduğunu deyən iş adamının bu fikirlərini təsdiqləyən məlumatlar aşkarlanıb. 
 
Bir daha qeyd etmək yerinə düşər ki, Mehmet Şahanın həbs olunmasından sonra bu işlə əlaqədar yayılan informasiyalarda onun yuxarıda adıçəkilən şirkətin Fransadakı erməni lobbisi ilə sıx bağlılığı olan bəzi yetkilərinin əli ilə "zərərsizləşdirildiyi”nə yönəlik yanaşmalar qırmızı xətlə keçirdi. 
 
Bir çoxları bu iddiaya şübhə ilə yanaşaraq, həbsin erməni lobbisinin əli ilə gerçəkləşməsini türkiyəli iş adamının özünü təmizə çıxarmaq üçün önə çəkdiyi tutarlı arqument kimi qiymətləndirirdi. Haqqında danışılan şirkətin Fransaya məxsusluğu, həmin ölkənin ermənipərəst imici qazanması və erməni lobbisinin ən güclü olduğu dövlətlərdən birinə çevrilməsi faktı Mehmet Şahanın bundan özünümüdafiə məqsədilə yararlanmaq cəhdi olaraq görülürdü. 
 
Ancaq Mehmet Şahanın Azərbaycan Prezidenti İlham Əliyevə, onun xanımı Tülay Şahanın isə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladıqları müraciətdə iş adamının həbsi "Thales International” şirkətinin vəzifəli fiqurlarının erməni lobbisi, o cümlədən, Azərbaycandakı müəyyən şəxslərlə işbirliyinin nəticəsi olaraq göstərilib. Yəni iş adamı şərlənərək həbs olunmasını birbaşa bu motivlə əlaqələndirir. 
 
İş adamının Azərbaycan prezidentinı müraciətində bu məqam belə ifadə olunub:
 
"2018-ci ildə Fransada Makron prezident olduqdan sonra vəzifəyə gələn "Thales”in yeni rəhbərliyi Azərbaycan ilə münasibətləri kəsmək barədə qərar qəbul edib. Onlar Bakıdakı ofisin bağlanmasına qədər davam edəcək proseslərə başladılar və mən də onların hədəfində idim. 2021-ci ilin aprelində "Thales” tərəfindən işdən çıxarıldım. İşimə xitam verilməsi barədə məlumat verdilər və kiçik xərclərimi bəhanə gətirərək, kompensasiyamın verilməyəcəyini bildirdilər”. 
 
Göründüyü qədər, şirkətdə uzun müddət qüsursuz fəaliyyət göstərən Mehmet Şahana münasibət Makronun prezident seçilməsindən sonra dəyişib. Şirkətdə irəli çəkilən ermənipərəst menecerlər Azərbaycanda əlaqələri olan şəxslər vasitəsilə türkiyəli iş adamını həm vəzifəsindən uzaqlaşdırıblar, həm də onu "talançılıq”da suçlayaraq həbsinə nail olublar. 
 
Acınacaqlı məqamlardan biri də budur ki, şərlənərək cinayət məsuliyyətinə cəlb edilən Mehmet Şahanın məhkəməsi də ona qarşı hazırlanmış ssenariyə uyğun qaydada keçirilir. Mehmet Şahanın xanımı da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, biznesmenin işi üzrə keçirilən məhkəmə prosesinə sədrlik edən Rahib Salmanovun fəaliyyətindən çox narazıdır. Tülay Şahan hakimin məhkəmədə elementar hüquqi prosedurlara belə əməl etmədiyini, prosesi obyektiv aparmadığını bildirir.  
 
Qayıdaq Mehmet Şahanın şərlənərək həbs olunmasında qabaran "erməni faktoru”na. İndi üzə çıxan məlumatlar iş adamının vurğulanan iddiasının nəinki əsassız olmadığını, əksinə, onun həbsində həlledici nüans kimi önə çıxdığını söyləməyə tam əsas verir. 
 
Qeyd edək ki, Mehmet Şahanın həbsində kilid adamlardan biri olaraq, "Thales International” şirkətinin rəhbərliyində yer tutan Herve Tammannın adı çəkilir. Əlbəttə, ilk baxışda bu ad çoxlarına demək olar, heç nə demir. Lakin əldə olunan məlumata əsasən, Ermənistanın eks-prezidenti Armen Sarkisyanın dəvəti ilə fransalı iş adamlarından ibarət heyətin tərkibində bu ölkədə səfərdə olmuş Tammann həmin siyahıya daxil edilməsi təsadüfdürmü? 
 
Ermənistanın sabiq prezidenti ölkəsinə faydası dəyməyəcək bir fransız iş adamı ilə əməkdaşlıqda nə qədər maraqlı ola bilərdi? Sualın cavabı aydındır. Ermənilər onlarla eyni fikir və mövqedə olmayan bir fransıza qətiyyən etimad göstərib nə ölkələrinə dəvət edər, nə də onunla işbirliyi qurarlar. Tammannın Ermənistana səfər heyətinə daxil edilməsi sözsüz ki erməni lobbisinin iradəsi ilə baş tutub və qarşılıqlı əməkdaşlığın göstəricisi sayılmalıdır. 
 
İşin maraqlı və təəccüblü, eyni zamanda, acınacaqlı tərəfi həm də bundan ibarətdir ki, Prokurirluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Tural Yaqubov istintaq dönəmində Herve Tammanndan "Skype” vasitəsilə ifadə alıb və o da aydın məsələdir ki, ifasdəsində nələr deyib. Beləliklə, həm də Tammannın ifadəsi əsasında Azərbaycan-Fransa münasibətlərinə töhfə verən, 44 günıük Vətən müharibəsində cəbhə zonasına davamlı yardımlar göndərən iş adamı, 4 azyaşlı övladın atası olan Mehmet Şahan qondarma ittihamla həbsə atılıb. 
 
Ümid edirik, Mehmet Şahanın davam edən məhkəmə prosesində bu mühüm detallar mütləq nəzərə alınacaq, iş adamının həqiqətən, şərləndiyi faktı, nəhayət, öz təsdiqini tapacaq və o haqq etdiyi azadlığa çıxacaq.
 
Herve Damman eks-prezident Armen Sarkisyanın qonağı olaraq Ermənistanda
 
0