"Ədəbiyyat yoxsa fəlsəfə?", "İnsan özünü harada tapa bilər?".

ÖLKƏ
16:28 / 21.12.2022
1636

Doğrusu, bu suala tam cavab verə bilməyəcəm. Ola bilsin ki, indiyə qədər oxuduğum fəlsəfə və ədəbiyyat buna imkan verməz, amma mən, bu məsələdə ədəbiyyatın yanındayam deyə, obyektivlik olsun deyə deyirəm cavab verə bilməyəcəm. Bu barədə danışmaq ehtiyacım isə yazının əvvəlindəki "ədəbiyyat yoxsa fəlsəfə?" sualından, bu sual ətrafında indiyədək gördüyüm, eşitdiyim müzakirələrdən yaranıb.

Gəlin, ilk ondan başlayaq ki, fəlsəfənin qolları çoxdur. Yazının mahiyyətini açmamış, bunu deyim: Fəlsəfə mənim üçün özünü tapmaq yox, özünü necəsə tapandan sonra itirmək, unutmaqdır. Ədəbiyyat isə daim axtarışdır, arınmaqdır, tapınmaqdır. Ədəbiyyatda heç vaxt özünü tam tapmaq mümkün deyil. Şair demiş, sənin axtardığını itirməyiblər. 

*
Qədim Yunan fəlsəfəsi. 

Kökündə nə dayanır? Hind, Şumer ənənələri. Amma təməli ədəbiyyatdır. Sözsüz ki, ədəbiyyatsız heç bir düşüncə, təməl formalaşa bilməz. Xüsusi ilə mifik düşüncələr. Antik fəlsəfədən tutmuş Platon fəlsəfəsinə qədər-hamısının kökündə ədəbiyyat, mifalogiya dayanır.
Bu müstəvidə Platonun öz fəlsəfə yaradıcılığına münasibəti də rasional olduğu qədər, həm də bədiidir, ədəbidir. Bədiiliyin və rasionallığın sintezi, ədəbi sinkretizm-Platon fəlsəfəsinin açarı. 

Bütün hallarda bilməliyik ki, fəlsəfə bir elmdir. Elm dəqiqdir. Ədəbiyyat isə elm deyil. Ədəbiyyat heç vaxt elm ola da bilməz. O, öyrənməklə, nəzəriyyə ilə, hər hansısa metafizik, sürreal fikirlərlə aydınlaşası bir şey deyil. Belə də, ədəbiyyatın özü ayrıca bir fəlsəfədir: "Ədəbiyyat fəlsəfəsi"

Deyə bilərikmi bütün elmlər fəlsəfədən yaranıb? Məncə, hə. Bir tək ədədiyyat yox. Bəlkə ədəbiyyat da bir elm olsaydı, fəlsəfədən saymaq olardı. Hə, elmi ədəbiyyat? Bu, başqa məsələdir. Elə birbaşa elmdir, ədəbiyyatşünaslıqdır. Yaranışını fəlsəfəyə bağlamaq olar.

Klassik fəlsəfədən bu yana yaranan fəlsəfə, elmi özünün əsirinə çevirdi. Daha doğrusu, ədəbiyyat xaric hər şey öz əsiri etdi. Fəlsəfə bu baxımdam dəqiqdir, qollara, filosoflara və.sairələrə bölünsə də, həyatı hamıya bir müstəvidə təqdim edir: İdeallıq, özünü dərk, idrak, "mən". Ədəbiyyat hissə-hissə, hər əsərdə, hər müəllifdə ayrı-ayrı. Fəlsəfənin "mən"-i ilə, ədəbiyyatın "mən"-i ayrıdır. Fəlsəfənin "mən"-nin kökündə praqmatiklik dayanır.

Ədəbiyyat isə mücərrəddir. Fəlsəfə mücərrədlikdə insanı, hissləri nizama sala bilmir, ədəbiyyatsa edir. Fəlsəfənin axtarışı göydədir, ədəbiyyatınkı yerdə. Ədəbiyyat sözdü, fəlsəfə fikir. Sözdən söz çıxması ya fikirdən fikir? Hansı tükənə, kütləşə bilər? Məncə, fikir. 

Ədəbiyyatda olan bütün mövzuların fəlsəfəsi var: insan, həyat, cəmiyyət, hisslər və.sair. Fəlsəfədə isə hər fikrin ədəbiyyatı yoxdur, ədəbiyyat onu yaradır. 

Qərb fəlsəfəsi-Aristotel fəlsəfənin elmə yox, ədəbiyyata yaxın olduğunu deyir. Deyə bilərik ki, Aristotel zamanında elmsizlik buna səbəbdir, amma yox. O, sadəcə, fəlsəfi düşüncənin tarixə yox, poeziyaya aid və yaxın olduğunu deyir.

Bütün bunların fonunda isə diqqət edilməli bir məsələ var. "Fəlsəfi ədəbiyyat."

Buradan çıxarda biləcəyimiz nəticədən və mənə də elə gəlir ki, ədəbiyyat öz missiyasından uzaqlaşıb, elmə, düşüncəyə, fəlsəfəyə yönələndə sehrini itirir, fəlsəfi ədəbiyyat yerinə sərsəmləmə yaranır. Axı ədəbiyyat dəqiq elm deyil və o, olanları olduğu kimi, konkret olaraq deməli də deyil. Belə deyirsə, deməli ədəbiyyat deyil, psevdo fəlsəfədir. 

Yəni, heç fəlsəfə də deyil.

Orxan Saffari

0