Demokratik İslahatlar Partiyasının (DİP) təsis etdiyi “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafat 2022-ci ildə ona layiq görülən jurnalistlərə təqdim edilib.
Sözügedən mükafat və müvafiq diplom, daxili və xarici siyasətlə bağlı məqalələrinə görə Nemət Orucova (Telegraf.com-un əməkdaşı), ölkənin ictimai-siyasi həyatı ilə bağlı məqalələrinə görə isə Aysel Aslana (modern.az) təqdim olunub.
DİP-in sədri, millət vəkili Asim Mollazadə təqdimat zamanı qeyd edib ki, milli mediamızın “Əkinçi” qəzetindən başlanan yolu bu gün ölkə KİV-ləri, eləcə də jurnalistlər tərəfindən layiqincə davam etdirilir. Azərbaycanda peşəkar, müasir dünyanın tələbləri ilə ayaqlaşmağa çalışan media formalaşmaqdadır və bu, onu çox sevindirir: “Bu mükafat daha çox rəmzi xarakter daşıyır. Biz daha çox cəmiyyətdə diqqəti söz və media azadlığına yönəltmək istəyirik. Çünki media cəmiyyətin güzgüsüzdür. O güzgü bizə nəyin doğru, nəyin yanlış olduğunu ayırd etməyə yardımçı olur”.
Mükafatı alan jurnalistlər də öz növbələrində Demokratik İslahatlar Partiyasının jurnalistlərin əməyini qiymətləndirməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Azad sözə və mediaya hər zaman dəyər verdiyi, jurnalistlərin suallarına cavab verməkdən heç zaman çəkinmədiyi üçün Asim Mollazadəyə təşəkkür ediblər.
Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.