Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə etdi: Vəziyyəti necədir?

ÖLKƏ
16:47 / 27.12.2022
1700

Professor Adil Qeybulla hazırda həbsdə olan və 13 gündür aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevlə görüşüb.

Bu barədə Qaynarinfo-ya professor özü məlumat verib. Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə edib: 

"Bu gün saat 12.30-da Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində müşahidə altında olan təqsirləndirilən şəxs Bəxtiyar Hacıyevlə görüşdüm. Görüşə vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyinin Tibb İdarəsi tərəfindən icazə verilmişdi. Müayinə prosesi Tibb İdarəsinin həkimlərinin iştirakı ilə aparıldı.

Professor bildirib ki, Bəxtiyar Hacıyevin vəziyyəti kafidir, mülayim başgicəllənmədən şikayət edir: "Hemodinamik göstəricləri stabildir: arterial təzyiqi 110/70 vv.c.st., nəbzi 80, səkəri 5 mmol/l. Çəkisi 77.5 kg. Huşu aydındır, təmasa girmək və koordinasiya qabiliyyəti normal saxlanılıb. Həyatı üçün təhlükə yoxdur. Ona aclıq aksiyasının dayandırmağı tövsiyə edildi. 

Əlavə dəstək müalicəsi kimi, su-elektrolit balansını normal saxlamaq məqsədilə venadaxili infuziya edildi (NaCl 0.9%-400 ml, Panangin 10 ml, vitamin B1, B6, B12, C, Ringer-lokk 500 ml).  2 saat müddətində infuziya aparıldı və söhbət etdik. Əhval-ruhiyyəsi stabildir. Ailə üzvlərinə və bütün dostlara salamlar söylədi".

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

1