“Cinemazadeh”dən açıqlama gəldi: "İftira dolu cılız bir xəbərlə aşağılamaq..."

ÖLKƏ
23:04 / 16.01.2023
825

“Cinemazadeh” şirkətinin mətbuat xidməti 12 yanvar 2023 ci il mətbuatda bəzi saytların yayımladığı xəbərə aydınlıq gətirib.

Hit.Az xəbər verir ki, şirkət yayılan xəbərin iftira dolu bir hissəsinin həqiqəti əks etdirmədiyini bildirib.

"Qarşı tərəfin mövqeyini dinləmədən dərc olunmaqla növbəti dəfə ölkədə peşəkar jurnalist adına xələl gətirir. Xəbərin yalnız aktyor Müşviq Şahverdiyevin “Cinemazadeh” şirkəti tərəfindən məhkəməyə verilməsi ilə bağlı olan hissəsi doğrudur, belə ki, şirkət aktyorla bağladığı müqaviləyə əsasən onun bu müqavilənin öhdəliklərini yerinə yetirmədiyinə görə, özünü də xəbərdar etməklə məhkəməyə vermişdir. Aktyor şirkətin müqaviləyə əsaslanan tələbləri və şəxsi, məhkəmədənkənar danışıqları ilə razılaşmadığına görə, mediasiya xidmətinin mübahisəni araşdırma və barışıq təklifini rədd etməsindən sonra “Cinemazadeh” şirkəti bu addımı atmağa məcbur olub.

M. Şahverdiyevin ittiham olunan tərəf kimi reaksiyası təbiidir və işlətdiyi şər, böhtan xarakterli sözlərin, təhqirlərin məhkəmədə özünə qarşı istifadə olunacağı məlumdur. Amma ölkənin bəzi tanınmış xəbər saytlarının qarşı tərəfi dinləmədən belə bir iftira dolu xəbəri yayımlaması böyük təəssüf hissi doğurur.  Həmin saytlar “Cinemazadeh” şirkəti və onun rəhbəri Cəfər Axundzadədən üzr istəməli və xəbəri təkzib etməlidirlər, əks halda müvafiq olaraq AR CM-nin 147 və 148-ci maddələrilə məhkəmə qarşısında cavab verməli olacaqlar.

2016-cı ildə rejissor və prodüser Cəfər Axundzadə tərəfindən təsis olunmuş “Cinemazadeh” studiyası ölkənin ən gənc kino şirkətinə olmasına baxmayaraq, bu günə qədər ən böyük, riskli və müvəfəqiyyətli layihələrə imza atıb. Əsas istiqaməti film istehsalı olan “Cinemazadeh” studiyasında istehsal olan «Kəklikotu» filmi kinoteatrlarda izlənmə sayına görə rekord nəticə göstərib.  Azərbaycanın böyük erkanlara çıxan ilk qış filmi “Qış nağılı” filmini istehsal edib. 2017-ci ildə İstanbulda “Cinemazadeh” studiyasının rəsmi şöbəsi açılmış, yerli və türk ulduzlarının iştirakı ilə “Çat kapı aşk” filmi istehsal olunmuşdur. Bu müstəqil Azərbaycan kinotarixində ilk film idi ki, xarici ölkələrin kinoteatrlarında və Netflix platformasında yayımlanırdı. Pandemiya ərəfəsində özəl telekanallar tarixində ən yüksək büdcəli və dünya standartlarına cavab verən “Ofis işi” serialını istehsal etmişdir. “Cinemazadeh” studiyası kino istehsalı ilə yanaşı 2016-cı ildən ən yeni əcnəbi filmlərin Azərbaycan dilinə peşəkar dublyajını həyata keçirib. Bu günədək 40-dan çox əcnəbi film dublyaj olunaraq müvəfəqiyyətlə “Cinemaplus” kinoteatrlarında nümayiş olunub. Pandemiya dövründə fəaliyyətinə müvəqqəti ara versə də şirkət hal-hazırda işini davam etdirir, bu günlərdə “Zona” filmini kinoteatrlarda nümayiş etdirir. Dünən isə “Cinemazadeh” istehsalı olan filmin Amazon platformasına satışı təşkil olunmuşdur, şirkət bu il Avropa və Türkiyədə geniş prokata çıxmağı, 2 yerli film istehsalını hədəfləyir.

“Cinemazadeh” şirkətinin təsisçisi və rəhbəri rejissor Cəfər Axundzadə Moskvada “Mənim əziz qızım”, “Duel” filmlərini çəkmiş, 2013-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Bakıya dəvət olunub və “Azərbaycanfilm” kinostudiyasında özünün ssenari müəllifi olduğu “Dmitriev küçəsi 86-da” filmini çəkmişdir. Daha sonra 2015-ci ildən ölkənin ən böyük kinoteatrlar şəbəkəsi olan Cinemaplus şəbəkəsinə rəhbərlik etmək üçün dəvət olunmuşdur. Bu dövr ərzində şəbəkənin göstəriciləri yüksəlmiş, rəhbərlik etdiyi distrubution şirkətinin səyləri nəticəsində daha çox filmlərin azərbaycan tamaşaçısına çatmasına şərait yaradılmışdır.
Düşünürük ki, bütün bu nailiyyətləri, ölkənin kino sahəsinə verilən töhvəni, yaradıcılıq naminə yaranan bu entuziazmı iftira dolu cılız bir xəbərlə aşağılamaq düzgün deyil. Belə bir xəbəri paylaşan saytların gücü və əhatə dəirəsinin nə qədər geniş olması hamıya məlumdur və xəbərin rezonans verməsi təbiidir. Amma bu hadisənin nə qədər fəsad verməsini, gənc və proqressiv bir şirkətin adına xələl gətirilməsini, ruh düşkünlüyü yaratmasını nəzərə alıb tələsməmək də olardı", - deyə açıqlamada qeyd olunur.

0