Bəhram Bağırzadənin “urbanik” kepkası

ÖLKƏ
13:45 / 19.01.2023
1578

Arzu Əsəd

Belə baxanda, bir çoxumuz dünyanın bir çox ölkəsində olmuşuq, otellərində dincəlib, restoranlarında yeyib-içmişik, ömrümüzün bir hissəsi Bəhram Bağırzadənin bayramdan bayrama konsertlərdə gördüyü "yüksək cəmiyyət"in yeyib-içdiyi restoranlarda keçib. Amma nə Avropanın adlı-sanlı şəhərlərində, nə Bəhram Bağırzadənin çox olduğu Moskvada, Peterburqda restoranda oturan insanların pantomima teatrında rol oynayan adamlar kimi lal-kar oturub bir-birlərilə mimika və jestlərlə ünsiyyətdə olduqlarını görməmişəm. Adamlar dünyanın hər yerində restorana təkcə yeyib-içməyə yox, həm də əylənməyə, ünsiyyətdə olmağa, kef eləməyə gəlirlər. 

Bəhram Bağırzadə 90-cı illərdəki Ayaz Mütəllimov ədası ilə azərbaycanlıları rayondan gəlib, mədəni yerlərdə, restoranda özünü apara bilməyən, yəni bildiyiniz görməmiş, çuşka adlandırır. Halbuki, adam intervyü zamanı restorandakı səs-küyü eşitdirmək üçün artist-artist nə qədər pıçıltı ilə danışsa da, hiss olunurdu ki, həmin məkanda oturanlar Paris, London, Tokio, Moskva və sairə şəhərlərdəki restoranlarda olduğu kimi çox normal səs tonu ilə danışırdılar. İftira atdığı kimi zalda yüksək səs tonu olduğunu nümayiş etdirə bilməyən köhnə KVN-çi əsəbi halda "gəl susaq,qulaq asaq" deyib intervüsünü pıçıltı ilə davam etsə də, yenə də restoranda oturan gənclərin çox mədəni, bir-birləri ilə normal tonda danışdıqlarının şahidi olduq. 

Hiss olundu ki, əslində orada oturan "rayondan gələnlər" yox, Bəhram Bağırzadə özü mədəni axına, "urbanizasiya prosesləri"nə qoşula bilmir. Çünki Bəhram Bağırzadə və onun kimilərin ölkə əhalisinin gözünə soxduğu sovet dövründəki öz ətraf kəndləri ilə bərabər var olan Bakı bir imperiya əyalətinin mərkəzlərindən biri idi.Kökləri ətraf kəndlərdən olan yerli bakılılar arasında mədəniyyətə, urbanizasiyaya xidmət edənlər çox az idi. Bakının mədəniyyəti elə o zaman da Bəhramın rayonlular dediyi əhalinin hesabına inkişaf edirdi. Bəhram Bağırzadə kimilər isə on illərlə lağlağı ilə Moskva tamaşaçıları qarşısında aerodrom kepka ilə rolunu oynadığı "çuşka Mamed" idilər. 

Bəhram Bağırzadə indi də onillərlə oynadığı o roldan çıxa bilmir. O yenə hər dəfə rus dilində danışanda özünü Moskva tamaşaçıları qarşısında hesab edir, artistcəsinə, rus dilində intervyü verdyi jurnalistə pıçıldayır ki, baxın,baxın, azərbaycanlılar restoran nədir bilmirlər, onlar vəhşidirlər,çuşkadırlar. Adam hələ də 80-90-cı illərin eyforiyasındadır. Adam başa düşmür ki, Bakı artıq bir imperiyanın əyalət mərkəzi yox, 30 ildir Avropaya, Amerikaya inteqrasiya etmiş müstəqil bir ölkənin mərkəzidir və onun vətəndaşları artıq restoranlarda ürkək, çəkingən, ikinci növ adamlar kimi kimlərdənsə asılı şəkildə oturub istirahət etmirlər.

"Urbanizasiya prosesləri"nə qoşula bilməyən sənsən ki, bu boyda Bakı şəhərində bir sakit guşə tapıb intervyü verə bilmirsən, öz ciblərinin pulu ilə yeyib-içməyə, əylənməyə gələn bir restoran dolu adama deyirsən ki, susun, Bəhram Bağırzadə intervyü verir. O mədəni, "urbanizasiya prosesləri" gedən ölkələrdə bunu kim edir?

2