Nərmin Qabil
- Olmaz!
- Baş üstə.
Qısa dialoqdur. “Niyə, nə üçün, hansı halda olmaz” suallarına ehtiyac duyulmayan dialoq. “BAŞ ÜSTƏ” deyən tərəfə maraqlı deyil bu qaydada istisna var, ya yox… ”Olmaz”ın ardındakılar kimin xeyrinə, kimin ziyanınadır düşünməz o. Çünki o, manqurtdur. Başına qaynar dəvə dərisi geyindirib səhrada qızmar günəşin altında beynini bişirməyiblər onun. Çünki bişəsi beyni yoxdur. Çünki “qadın oxumaz”, - deyən atanın qızıdır onun anası. Ya “dayı” gücünə, ya da pulla universitet bitirən müəllimin tələbəsidir o. Arxası möhkəm olan, bildiyi bir şey olmayan, işindən başı çıxmayan, amma yuxarıdan gələn əmrləri ötkəm səslə verməyi bacaran rəhbərin işçisidir o. Onun düşünmə və analiz etmə qabiliyyəti yoxdur. Çünki bunun üçün ona şərait yaradılmayıb, azadlıq verilməyib, bilmədiyini soruş deməyiblər; iki səbəbdən: ya onun bilmədiyini onlar da bilməyib, ya da bilməsini istəməyiblər. “Birdən bilər, nəsə öyrənər, gözünə işıq gələr, dünyanı görər, OLMAZın niyəsini soruşar. “Bəs onda neyləyərik biz? Ya dünyanın sonu gələr, ya da bizim dünyamızın”, - deyə canlarına titrəmə düşüb onların. Bax beləcə beyni bişmədən manqurt olub BAŞ ÜSTƏ deyən.
“Səndən güclü nə dedi, baş üstə de” deyiblər ona həmişə. O da əmrə sadiq qul kimi öz vəzifəsini yerinə yetirib, yetirir. Kimdənsə, hardansa nəsə eşidəndə, ya oxuyanda da çaş-baş qalır “BAŞ ÜSTƏ” deyən. Molla Nəsrəddinin belə oyada bilmədiyi beyni hərdən ayılmaq istəyir, ancaq çi fayda. Nəyin düz, nəyin səhv olduğunu ayırd edə bilmir. Dolaşıq fikirlərin dumanında ağasının OLMAZ sözü qulaqlarında səslənir. Həmin an manqurtluq vəzifəsi yadına düşür. Səsli olmasa da ürəyində BAŞ ÜSTƏ deyərək, bir də bu fikrə düşməməyi özünə söz verir. Axı niyə düşünsün, niyə özünü yorsun ki. “Kimsə düşünüb ki, OLMAZ deyib. Kiməsə ziyanı varsa, kiməsə də yəqin xeyri var. Millətin necə tarac olmasıyla nə işim var. Əsas bir qab yeməyim var, ac deyiləm. Aldığım məvaciblə ayın sonunu ölüm-zülmlə də olsa gətirirəm, hec onu da tapmayanlar var. Allahıma şükür edim, naşükürlük edərəm bunu da uca Yaradan əlimdən alar”.
Axı o bədbəxt manqurt hardan bilsin ki, onun bir aylıq məvacibi ona OLMAZ deyən rəhbərinin bir dəfə restorandakı “hesabı” qədərdir. Bəlkə də daha çoxu. Axı o manqurt heç vaxt o restoranların qapısından girməyib. Ora altında kreslo, əynində kostyum, boğazında qalstuk, başında “heç”, dilində OLMAZ olanlar girir. Hansısa məqamda onlar da BAŞ ÜSTƏ deyənlərdir. Özlərindən yuxarıdakı OLMAZ dedikdə, o da birbaşa BAŞ ÜSTƏ deyən obrazında olur. Eyni şəkildə: sorğusuz, sualsız, etirazsız, üsyansız. Ağasına sadiq manqurt kimi…
Çingiz Aytmatovun “Manqurt”undan dövrümüzün manqurtlarının əsas fərqi ondadır ki, bunlar analarını da, vətənlərini də, kim olduqlarını da çox yaxşı bilirlər, zaman-zaman xatırlayırlar. Bunlar ağlı üstündə ola-ola manqurtlaşanlardır. Demək ki, o dövrdən bu dövrə qədər qət etdiyimiz yolda faciəmiz daha da dərinləşib.
Bəs çıxış yolu nədədir? Üsyan etsin ağlı üstündə olan manqurt? Kimə, nəyə, necə? Haqlı ilə haqsızı necə ayırsın? Biz ki yaxşıya yaxşı demirik, haqlını yox, güclünü müdafiə edirik, məzlumun başından basırıq, oğru olduğumuz halda bərk qışqırıb doğrunun bağrını yarırıq. Bu halda manqurt necə bilsin ki, yaxşı kimdir, yaman kim, oğru kimdir, doğru kim? Oğrunu da, doğrunu da ali qanunların keşiyində duranlar ayırd edər. Bəlkə manqurt onlara müraciət etsin. Ona haqqı göstərsinlər. Onlar da OLMAZ deyənlərə BAŞ ÜSTƏ deyəcəklərsə, ədalətin yox, gücün qarşısında boyunları incə olacaqsa, manqurt o zaman neyləsin? İlahi ədalət desin bəlkə? Məgər manqurt ilahiyə əl açıb ədaləti ondan istəməsə, tanrı özü görmür? Nə deyək, ilahi ədalət…
Çox fikirləşir manqurt. "Manqurt və fikirləşmək” - paradoks səslənir. Ancaq istəyəndə o da fikirləşə bilir. Qərara da gəlir: “az aşım, ağrımaz başım”deyir.
…Manqurt kimi gəl, manqurt kimi get. Hərdən bir ümid et. O dünyada ədaləti görə bilmək ümidi. İlahi ədaləti…