Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralananlardan biri də Vasif Naqif oğlu Tağıyevdir. O, əliyalın olmasına baxmayaraq silahlı terrorçunu zərərsizləşdirə və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilib. Nəticədə özü avtomat qundağı zərbəsindən və şüşə qırıntısından xəsarət alıb.
Sfera.az-ın əməkdaşı qəhrəmanımızın anası Təranə xanımla həmsöhbət olub. O, övladının cəsarətli addımını təqdir etməklə yanaşı, kifayət qədər narahat qaldıqlarını deyib:
“Bir ana üçün bu, ancaq fəxr ola bilər. Amma həm də bütün günü həyəcan keçirmişəm. Vasifin oradakı yoldaşı güllə yarasından vəfat etdi, buna görə pis olduq. Həm də övladımın o vəziyyətdə olması məni qorxutdu. Səfirliyin binasında işçilərin ailələri də yaşayır, Vasif bu hərəkəti etməsəydi, əlində avtomat olan şəxs onların hamısına zərər verəcəkdi, bəlkə də...
Bayaqdan gözlərimin yaşı dayanmır. Balalarımız yazıqdır, heç birinə heç nə olmasın. Bir ana kimi Vasiflə həm qürur duyur, həm də ona dua edirəm”.
Təranə xanım artıq oğlu əlaqə yaratdığını bildirib: “Vasif indi həkimlərin nəzarətindədir, üzündən yaralanıb. İnşallah vəziyyəti düzələr, evinə-eşiyinə dönər. Özü ilə bir dəfə əlaqə saxladıq. Yazdım ki, Vasif, mənə səs at, narahat qalmayım. “Ana, yaxşıyam, narahat olma” desə də, cavabı məni qane etmədi. Oğlumla görüntülü danışmaq, bu bəladan necə qutardığını görmək istərdim. Danışdıq, gördüm ki, üz-gözü, üst-başı qanın içindədir. Bir anlıq elə bildim ki, güllə yarasıdır, amma Vasif elə olmadığını dedi. Bilmirəm, yalan deyir ya yox, amma əsas odur ki, səsini eşitdim”.
Vasif Tağıyevin xalası, həm də müəllimi Nəzakət xanım da Sfera.az-ın əməkdaşı ilə həmsöhbət olub. O, açıqlamasında Vasifin qəhrəmanlıq nümayiş etdirdiyi videoya baxdığını, fərqli hisslər keçirdiyini deyib:
“Vasif Şuşalıdır, Xocalı məktəbinin yetişdirməsidir. Vasif orada çox böyük qəhrəmanlıq etdi, terrorçunun qarşısını almağı bacardı. Videodan göründüyü kimi Vasif əliyalın terrorçunun üstünə hücum edir, ona digər yoldaşlarına zərər vurmağa imkan vermir. Hamımız Vasiflə qürur duyuruq, halal olsun ona”.
O, Vasif Tağıyevin elə uşaqlıqdan cəsarətli olduğunu vurğulayıb: “Mən həm də onun müəlliməsi olmuşam. Vasif həmişə mərd olub. O, qorxmaz oğuldur. Bu hadisə oldu-olmadı, onunla fəxr edirik”.