Texnoparkda qalmaqal davam edir: \"Anar Nəbiyev əməkdaşları hədələyib, təhqir edib\"

16:49 / 03.02.2023
789

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə "Tronıq” MMC arasında icarə qalmaqalı davam edir. Bu dəfə texnopark Bakı Kommersiya Məhkəməsində "Tronıq” MMC barəsində iddia qaldırıb. İddiada şirkətlə imzalanan müqavilələrin ləğvi, icarə haqqının və maddi zərərin ödənilməsinin təmin olunması xahiş edilir.

Bu barədə Qaynarinfo-ya texnoparkdan məlumat verilib.

Bundan əvvəl "Tronıq” MMC texnoparkı məhkəməyə verib. Birinci instansiya şirkətin iddiasını qismən təmin edib, YTP prosesi apellyasiya mərhələsində də uduzub. Şirkətin rəhbərliyi texnoparkın baş direktoru Vasif Abbasovu məhkəmə qərarlarının icrasına mane olmaqda ittiham edib. 

Texnoparkdan daxil olan məlumatda isə deyilir ki, rezident statusunu alan "Tronıq” MMC-nin direktoru Anar Nəbiyevə fəaliyyətinin həyata keçirilməsi üçün lazımı şəraitin və imtiyazların verilməsinə baxmayaraq, o, bundan sui-istifadə edərək qeyri-qanuni işlərlə məşğul olub: "Anar Nəbiyev ona etibar edilmiş dövlət mülkiyyətində olan binadan və avadanlıqlardan başqa məqsədlər üçün istifadə edib və Texnoparkın saxlanılmasına görə xidmət haqqını, eyni zamanda icarə haqqlarını ödəməyib, həmçinin əraziyə qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədən naməlum şəxslərin daxil olmalarına şərait yaradıb. Bu səbəbdən onun qanunsuz işlərinin aparılmasının qarşısı alınması istiqamətində müvafiq tədbirlər görülüb. Həmçinin, "Tronıq” MMC-nin rezident statusuna və bağlanmış icarə müqavilələrə xitam verilib”.

Məlumatda iddia edilir ki, Anar Nəbiyev Texnoparkdakı qanunsuz əməllərinin qarşısını almaq istəyən əməkdaşlara qarşı qeyri-etik davranıb:

"Onları hədələyib, hətta cənab Prezidentin sərəncamı ilə 3 medalla təltif edilən Vətən müharibəsi şəhidinin atası "Yüksək Texnologiyalar Parkı” MMC-nin baş mühəndisi Rahim Heydərovu təhdid edib. Daha sonra da, Texnopark əməkdaşlarının mobil telefon nömrələrinə təhqir məzmunlu mesajlar göndərib. 

Bundan əlavə, müəyyən edilib ki, Anar Nəbiyev əmək və vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməsindən yayınmaq məqsədi ilə heç bir işçisi ilə rəsmi olaraq əmək müqaviləsi bağlamayıb. Anar Nəbiyev də qanunsuz əməllərinə davam edə bilmədiyinə görə mətbuata tamamilə yalan və həqiqətə uyğun olmayan məlumatları təqdim edib”.
 
Xatırladaq ki, AMEA Yüksək Texnologiyalar Parkı 8 noyabr 2016-cı il tarixdə yaradılıb. Prezidentin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.  

Texnoparkın direktoru Vasif Abbasov 2020-ci ilin avqust ayından AMEA Rəyasət Heyətinin qərarı ilə bu vəzifəyə təyin olunub. 

0