Qadın alveri, narkotika, öz uşağını diləndirmə... - Təranəni hansı cəza gözləyir?

ÖLKƏ
13:49 / 16.02.2023
639

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs edilib.

Təranə Səmədovanın iki qız övladı - 13 yaşlı Suel və 7 aylıq Adel hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. 

Ötən gün efirdə Təranə Səmədovanın evinin önündə qızı Sueli qucağında yeddi aylıq digər qızı Adel ilə dilənçiliyə məcbur etməsi ilə bağlı iddialar da səslənib. 

Əgər bu fakt təsdiqini taparsa, prodüseri nə gözləyir? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Əsabəli Mustafayev bunun uşaq istismarı olduğunu və birbaşa cinayət məsuliyyəti yaratdığını qeyd edib: 

“Uşaqları diləndirmək cinayət məsuliyyətidir. Uşaqların əməyinin istismarı insan alveri kimi qiymətləndirilir. Ola bilsin ki, Təranə Səmədova məsələsində məcburi əmək, yaxud başqa bir şey var. Hər şey araşdırmalar nəticəsində məlum olacaq. Ancaq istənilən halda, bu, cinayət məsuliyyəti yaradır və xanım real cəza ala bilər. Mən istintaqı qabaqlamaq istəmirəm, amma əgər bu məsələ insan alveri kimi qiymətləndirilsə, prodüser 5 ildən 10 ilə qədər cəza ala bilər. Yəqin ki, cəmiyyətin marağındadır ki, əgər doğurdan da bu hal baş veribsə, günahkar şəxs məsuliyyətə cəlb olunsun”.

Hüquqşünasın sözlərinə görə, bu cür faktlara Azərbaycanda nadir hallarda rast gəlinir: 

“Belə hallar şükür ki, Azərbaycanda çox az olur, varsa da mütləq onun qarşısı kəskin surətdə alınmalıdır. Bu barədə qonşular uşaqların doğurdan da diləndirildiyinə dair şahidlik etsələr, xanım cinayət məsuliyyətinə cəlb oluna bilər. Hər bir valideyn istəyir ki, övladları uşaq yaşlarından əməyə, zəhmətə öyrəşsinlər, əməyin qədrini bilsinlər. Ancaq uşağı nəyəsə məcbur etmək, əməyini istismar etmək çox ağır cinayət əməli sayılır. Ona görə də bu məsələyə çox həssas yanaşmaq lazımdır. Bu həqiqətən ağır və yayılmamış cinayətdir. Belə cinayətlər xüsusilə valideynlər tərəfindən çox nadir hallarda baş verir. İstintaq çox dəqiq və obyektiv aparılmalıdır. Mətbuat da bu mövzuda çox həssas olmalıdır, məsələləri nə şişirtmək, nə də ört-basdır etmək olmaz”. 

Xatırladaq ki, T.Səmədova 2019-cu ildə Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib. 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. 

Daha sonra 2022-ci ilin aprel ayında T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 200 manat məbləğində cərimələnib. 

2022-ci ilin may ayında isə prodüser  İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 400 manat məbləğində cərimə edilib. 

14 fevral 2023-cü ildə isə Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. 

0