Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik təfəkkürü

12:29 / 02.03.2023
516

Müstəqil Azərbaycan dövlətinin qurulması və müasir Azərbaycan cəmiyyətinin formalaşması, birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Dünya siyasətində özünəməxsus dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyev müdriklik simvolu kimi bu gün də nümunə göstərilir. Onda olan cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq Azərbaycanın imicini, nüfuzunu hər zaman yüksəldib. Tarixə nəzər salsaq görəcəyik ki, öz dövrünün dahi şəxsiyyətləri hər zaman xalq üçün çətin dönəmlərdə doğru qərarlar qəbul edib, qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirib, insanları milli məqsədlər ətrafında səfərbər etməklə Ölkəsinin inkişafına nail olub.

Bu gerçəkliklər fonunda XX əsrdə xalqımızın yetirdiyi böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna yeri və rolu qabarıq görünür. Ümummilli Lider Heydər Əliyevin bacarıqlı və təcrübəli dövlət xadimi, müdrik siyasətçi, dövlətçiliyin möhkəm təməlini yaradaraq onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin çox mühüm mərhələsini təşkil edir. Məhz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası müstəqil Azərbaycanın hərtərəfli inkişafına ən etibarlı təminat olmuşdur. Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu. İdarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi Respublikamızı sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndərin Azərbaycana gətirdiyi ideyalar Respublikamızın həyatını tamamilə müasirləşdirib.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideyası özündə real müstəqillik, suverenlik, milli-mənəvi dəyərlərə bağlılıq və müasir inkişaf kimi vacib prinsipləri üzvi şəkildə birləşdirdi. Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvü, dünya azərbaycanlıları üçün ideoloji bünövrə, onları vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə və ümumi məqsəd uğrunda səfərbər edən qürur mənbəyimizdir!

Amid Şahbazov;
Neftçala rayon gənci, Vətən Müharibəsi qazisi

0