Türkiyəyə yardıma gedən Azərbaycan könüllüləri ilə görüş keçirilib

ÖLKƏ
19:55 / 07.04.2023
428
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək məqsədli qardaş ölkədə fəaliyyət göstərmiş Azərbaycan könüllüləri ilə görüş keçirilib. Bu barədə Gənclər Fondundan məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi geniş miqyaslı tədbirlərə qoşulan Azərbaycan könüllülərinin fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir rəsmi və bədii hissələrdən ibarət olub. Mərasimin bədii hissəsində təbii fəlakət nəticəsində çadır şəhərciklərində yaşayan Türkiyəli uşaqlar tərəfindən çəkilən rəsmlərdən ibarət sərgi təşkil olunub. Tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan sərgidə nümayiş edilən rəsmlərdə kədərlə yanaşı Azərbaycana və könüllü gənclərimizə olan sevgi aydın təsvir edilib. Azərbaycan könüllülərinin qardaş ölkədəki fəaliyyətinə həsr edilmiş tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra zəlzələdə həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra təbii fəlakətin ilk günlərindən etibarən bir ay müddətində Türkiyədə zəlzələ qurbanlarına dəstək göstərən Azərbaycan könüllülərinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun, Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin, Türkiyənin ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Cahit Bağcının, millət vəkili Cəbi Quliyevin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyevin də qatıldığı tədbirdə çıxış edən natiqlər Türkiyədə baş verən dağıdıcı zəlzələnin Azərbaycan xalqında dərin sarsıntı yaratdığını və xalqımızın hər bir nümayəndəsinin yardıma tələsərək qardaş ölkənin yanında olmaq istəyini və bu çağırışa qoşulan Azərbaycan könüllülərinin bir ay boyunca göstərdikləri yardımın hər iki xalq arasında mövcud olan dərin tarixi qardaşlıq bağlarına və çətin anlarda qarşılıqlı dəstək ənənələrinə bağlı olduğunu dilə gətiriblər.
0