Bölgələrdə ailədaxili cinayətlər niyə çoxalıb? - SƏBƏBLƏR

ÖLKƏ
13:20 / 15.04.2023
1084

Son günlər ictimaiyyət tərəfindən ajiotajla və həssaslıqla qarşılanan ailədaili cinayətlər artır. 

Aprelin 8-də Ağstafa rayon sakini Ayaz Məmmədov yataq xəstəsi olan həyat yoldaşı Günel Məmmədovanı döyərək öldürüb. Bundan bir neçə gün sonra Quba rayonunun Vəlvələ kəndində 50 yaşlı Rəhilə Əliyeva evində münaqişə zəminində gəlini Nazilə Ağarzayevanı kəmərlə boğaraq qətlə yetirib. Bu cür qəddarlıqla törədilmiş ailədaxili münaqişələrin sayı kifayət qədərdir. 

Səbəblər fərqli olsa da, son zamanlar ailədaxili şiddət və cinayətlərlə bağlı xəbərlərin çoxalması əslində həyəcan siqnalıdır və bu məsələyə diqqətin artırılmasını tələb edir. 

Məsələ burasındadır ki, bu kimi hadisələr dünyada da baş verir. Amma Azərbaycan kimi ailə dəyərlərinə üstünlük verən bir ölkədə belə qatı cinayətlərin çoxalması təccüb doğurur. Üstəlik ailədaxili münaqişələrin çoxunun bölgələrimizdə baş verməsi, doğmaların bir-birlərinə laqeydliyi və aqressiyası da maraq doğurur.  

Problemin kökündə duran psixoloji amillər nələrdir? Cəmiyyətdə aqressiyanın artmasının səbəbləri nədir?

Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında bildirib ki, ilk səbəb insanların eyni və təkrar mühitdən yorulmasıdır:

“Xüsusilə bölgələrdə yaşayanların ətrafa çıxıb stress atmağa yerləri yoxdur. Mühit, qonşular, qohumlar və söhbətlər eyni olduğu üçün insanı daraldır. Ona görə də orada stressə məruz qalma daha çox olur və aqressiya özünü daha açıq şəkildə göstərə bilir. Nəinki bölgələrdə, ümumiyyətlə, Azərbaycanda aqressiya çoxalıb. Pandemiya, müharibə, sosial problemlər, maddi sıxıntı və arxa-arxaya bəd xəbərlərin çoxluğu insanların psixologiyasına təsirsiz ötüşmür. Bu təbiidir və həmin mərhələdən sonra ailədaxili münaqişələrin baş verməsi normaldır”.

Psixoloq qeyd edib ki, bu cür halların aradan qaldırılması üçün artıq qeyri-hökumət təşkilatları da ayaqlanmalıdır:

“Həssas bölgələrə psixoloqlar və ailə terapevtləri aparılmalıdır. İnsanların psixoloji durumları ilə bağlı seminarlar keçirilməlidir. Həmçinin  mütəmadi monitorinqlərə strart verilərək, maarifləndirici layihələrlə insanların düşüncələrini dəyişmək, onları yaxşı mənada müalicə etmək lazımdır”.

0