Bakıda daha bir məktəbdə kütləvi zəhərlənmə

ÖLKƏ
18:10 / 18.04.2023
442

Bakı şəhəri 149 nömrəli məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

TƏBİB-dən HİT.az-a bildirilib ki, təcili tibbi yardım briqadaları çağrış ünvanına cəlb edilib:

"Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin (AQTA) Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

0